AZ

Mədəniyyət Nazirliyində senzuradan danışanlar ittihamları necə əsaslandırır...

Image

Cəlil Cavanşir: “Mədəniyyət Nazirliyi elə bir şərait yaradıb ki, ölkədə heç kim onların nəzarəti və icazəsi olmadan heç bir film istehsal  edə bilmir”

Azərbaycanda fəaliyyət göstərən kino istehsalçıları və kino sahəsində çalışan sənət adamları birgə bəyanat yayıblar. Bu sahədə çalışan 30-dan artıq yaradıcı şəxsin imzaladığı bəyanatda bildirilir:

“Biz bir qrup kino adamı olaraq bu bəyanatımızla ictimaiyyətin və dövlətin mədəniyyət siyasətinə cavabdeh olan səlahiyyətli orqanların nəzərinə çatdırmaq istəyirik ki, peşə fəaliyyətimizi icra etməyimizə çox ciddi maneələr yaradılır. Hazırda biz azərbaycanlı kinematoqrafçılar, demək olar, kino istehsalatı tənəzzülə uğramış Azərbaycanda, asan olmayan şərtlərdə sənətə olan sevgimizlə filmlər istehsal edir, bürokratik və iqtisadi maneələri dəf etməyə çalışır, bütün çətinliklərə baxmayaraq, peşəmizlə məşğul olmağa çalışırıq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli “Filmlərin Yayımı və Nümayişi qaydaları” qərarına əsasən, hər bir filmi ölkəmizdəki kinozallarda, kinoteatrlarda göstərmək üçün mütləq şəkildə yayım vərəqəsi - lisenziya almaq məcburiyyətindəyik. Mədəniyyət Nazirliyi yayım vərəqəsini sözügedən qərara istinadən tələb etsə də, bunu qanunazidd formada icra edir. Qanunda göstərilir ki, Azərbaycanda istehsal edilmiş və ölkə ərazisində nümayişi nəzərdə tutulan filmlərin müəlliflərinin və ya hüquqi sahiblərinin Mədəniyyət Nazirliyinə filmlərində “pornoqrafik, dini, milli, irqi düşmənçiliyə yönələn” kadrların olmadığı barədə məlumat verməsi kifayətdir. Qanuna əsasən, ancaq yaş kateqoriyası verilə bilər, senzura tətbiq edilə bilməz. Bütün bunlar sadə görünsə də, Mədəniyyət Nazirliyi tərəfindən “Ekspert şurası” yaradılıb və bu şura filmlərə yayım vərəqəsi vermək adı ilə ciddi nəzarət mexanizmi qurub, başqa sözlə, senzura tətbiq edir. Beləliklə, Mədəniyyət Nazirliyinin təsis etdiyi “Ekspert Şurası” tərəfindən filmlərə yayım hüququ verilməsi böyük bir maneəyə çevrilir”.

Vurğulanır ki, sözügedən “Ekspert Şurası”nın fəaliyyəti Nazirlər Kabinetinin 2006-cı il tarixli “Filmlərin Yayımı və Nümayişi Qaydaları” ilə bağlı qərarına ziddir. Qeyd olunur ki, bir kinematoqrafçının yaradıcı prosesinə hər hansısa “Ekspert Şurası”nın nəzarət etməsi absurddur. “Nazirliyin belə qanundankənar fəaliyyətləri kino işçilərinin yaradıcı azadlığını əlindən alır.

Mədəniyyət Nazirliyi illərdir, “Kino haqqında” qanunu kino adamları ilə məsləhətləşərək yeniləmək əvəzinə, artıq Azərbaycanda kino fəaliyyəti ilə məşğul olan insanlara “çəkiliş icazəsi” qaydası da tətbiq etməyə başlayıb. Beynəlxalq praktikada “çəkiliş icazəsi”ni sadələşdirmiş şəkildə, bir portal vasitəsilə almaq mümkün olduğu halda, ölkəmizdə buna da ciddi bürokratik maneələr yaradılır. Bir sözlə, Mədəniyyət Nazirliyi deyir ki, bu ölkədə heç kim onların nəzarəti və icazəsi olmadan heç bir film istehsal edə və ya istehsal edibsə, bu filmi tamaşaçılara təqdim edə bilməz.

Biz kino adamları olaraq çox güclü təzyiqə, senzuraya məruz qaldığımızı düşünürük. Ümumiyyətlə, artıq uzun müddətdir ki, kino sahəsində son dərəcə ciddi xaos hökm sürür, məmurlar tərəfindən az qala düşmən münasibəti sərgilənir, kinomuz sanki bilərəkdən inkişafa yox, geriyə sürüklənir.

Bu şərtlərdə kino mühitində heç bir yaradıcı və iqtisadi azadlıqdan söhbət gedə bilməz və fəaliyyət göstərməyimiz, demək olar ki, qeyri-mümkündür. Bu, sənətin və sənətçinin kinodan uzaqlaşmasına, yaradıcılığın tamamilə yox olmasına gətirib çıxaracaq.

Belə davam edərsə, heç kim heç bir halda bizim ölkədə kinonun varlığına inanmayacaq və azərbaycanlı kinematoqrafçılar dünya kinematoqrafiyasından təcrid olunacaq. Biz bu bəyanatla bütün bunlara səssiz qalmadığımızı bildirir, həmçinin ictimaiyyəti mövcud vəziyyətə laqeyd qalmamağa səsləyirik.

Bu səbəbdən Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının mədəniyyət siyasəti ilə məşğul olan digər qurumların və cavabdeh məmurların bizim bəyanatımıza reaksiya verməsini istəyir, tələblərimizi sadalayırıq:

1. Azərbaycan Respublikasının qanunlarına zidd olan faktiki senzura və yaradılan bütün süni maneələr aradan qaldırılsın.

2. Filmlərin yayımında Nazirlər Kabinetinin hazırkı qərarı əsas götürülsün. Yayım vəsiqəsi sadələşdirilmiş formada və “Ekspert Şurası” olmadan, Nazirlər Kabinetinin qərarına əsasən verilsin.

3. Kino qanununun işləkliyinin təmini məqsədilə müzakirə mühiti formalaşdırılsın və bu qərarlar yerli kinematoqrafçılarla müzakirə edilərək həyata keçirilsin”-deyə bəyanatda vurğulanıb. 

Qeyd edək ki, bəyanatı İradə Bağırzadə (prodüser, ssenarist), Maria İbrahimova (prodüser, rejissor), Elvin Adıgözəl (rejissor), Asif Rüstəmov (rejissor), 

Aygün Aslanlı (kinotənqidçi), İntiqam Hacılı (prodüser, rejissor), İlqarə Tosova (aktrisa), Kamran Ağabalayev (aktyor), İsmayıl İman (ssenarist), 

Qorqud Cəfər (aktyor), Daniel Quliyev (rejissor), Nurlan Həsənli (rejissor), Cəlil Cavanşir (ssenarist),

Eldar Aslanov (rejissor), Hacı Səfərov (kinotənqidçi), İmam Həsən (rejissor), İskra Tarrant (aktrisa), Zaur Muxtarov (rejissor), Elşən Əliyev (rejissor), Mirzalı Əlizadə (montajçı), Aliyə Dadaşova (kinotənqidçi), Mətləb Muxtarov (rejissor), Sitarə İbrahimbəyli (rejissor), Ələmdar Faiq (rejissor), Turan Yaqublu (rejissor), 

Teymur Hacıyev (rejissor), Vidadi Rüstəmov  (prodüser), Türkan Zamanova (ssenarist), 

Vüsalə Ağayeva (aktrisa), Elman Əliyev (təsvir rejissoru) imzalayıb. 

Sözügedən bəyanata  Mədəniyyət Nazirliyi münasibət bildirib. Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət Nazirliyində qeydə alınır və filmlərin dövlət reyestrinə daxil edilir və onlara həmin qaydaların əlavəsinə uyğun vahid formalı yayım vəsiqəsi verilir.

Vurğulanıb ki, sözügedən qaydalarda qeyd olunan meyarlara uyğun filmlərin seçilməsi, reyestrə daxil edilməsi və onlara yayım vəsiqəsinin verilməsi üçün ekspert mövqeyinə zərurət olduğundan Nazirlik yanında kinorejissor, sosioloq, psixoloq, jurnalist, dramaturq və müvafiq sahə üzrə təcrübəyə malik olan bir sıra digər mütəxəssislərdən ibarət tərkibdə Ekspert Şurası yaradılıb: "Şura filmlərin qanunvericilikdə müəyyən edilmiş meyarlara uyğunluq baxımından qiymətləndirilməsinə dair peşəkar rəy verir və həmin rəy əsasında müvafiq filmin reyestra daxil edilməsi və ona yayım vəsiqəsinin verilməsinə dair Nazirlik tərəfindən qərar qəbul edilib.

Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, burada hər hansı senzuranın tətbiqindən söhbət gedə bilməz".

Sizlər nəyə əsasən nazirliyə qarşı belə bir ittiham irəli sürmüsüz ki senzura tətbiq edilir? Ümumiyyətlə, söhbət nədən gedir? Mədəniyyət Nazirliyində sizə qarşı senzuranın olduğunu necə əsaslandırarsız?

“Keçirilən müsabiqələr, müsabiqələrdən sonra yaranan vəziyyət də dediklərimin sübutudur”

Ssenarist Cəlil Cavanşir “Bakı-Xəbər”ə bildirdi ki, irəli sürdükləri fikirlər əsassız deyil. “Azərbaycan Mədəniyyət Nazirliyi son illərdə milli kinonun inkişafı üçün heç bir əsaslı addım atmır.  Üstəlik, müstəqil kino istehsalçılarının fəaliyyətinə ciddi maneələr yaradır. Bu barədə məlum bəyanatda ətraflı məlumat verilib və problem diqqətə çatdırılıb. Mədəniyyət Nazirliyinin açıqlamaları sadəcə konyunkturadır. Bəyanatda detallı şəkildə problem təsvir olunduğu halda nazirlik rəsmiləri "nala-mıxa vurur". 

Mədəniyyət Nazirliyi elə bir şərait yaradıb ki, ölkədə heç kim onların nəzarəti və icazəsi olmadan heç bir film istehsal  edə bilmir. Bəhanələr və lazımsız səbəblər hər zaman tapılır. Bu isə Azərbaycan Kinosunu nəzarətdə saxlayıb inkişafına mane olmaqdır. Keçirilən müsabiqələr, müsabiqələrdən sonra yaranan vəziyyət də dediklərimin sübutudur. 

Ötən il "DokuBaku" Beynəlxalq Sənədli Film Festivalında bəzi filmlərin nümayişinə qadağa qoyulması yəqin ki, nazirlik rəsmilərinin yadındadır. Eyni zamanda "Ekspertlər Şurası"nın fəaliyyəti ilə bağlı narazılıqlar, yəqin ki, şaiyə deyil və etiraz da məhz bu kimi məqamlaradır. 

Biz ölkəmizdə kino sənayesinin inkişafını arzulayırıq. Nazirliklə, hansısa məmurla heç bir qərəzimiz, problemimiz yoxdur. Şəxsən mən ölkəmdə ciddi filmlərin çəkilməsini, kinotearların tikilməsini, beynəlxalq festivallarda uğur qazanmağımızı arzulayıram. Amma mövcud kino siyasəti ilə bu arzularımın çin olacağına inanmıram”. C.Cavanşir vurğuladı ki, kinoya və kino adamlarına münasibət kökündən dəyişməlidir. O hesab edir ki, kino sahəsinə azadlıq verilməsə, böyük uğurlar gözləmək absurddur.

İradə SARIYEVA





Seçilən
73
1
baki-xeber.com

10Mənbələr