Bəzi banklar kredit və debet kartları hazır şəkildə müştərilərə təqdim edir. Bəziləri isə bir neçə iş günü ərzində kartı hazır edə bilir. Hazır kart alan zaman kartın üzərində müştərinin adı, soyadı və s. kimi məlumatlar yer almasa da, bir neçə iş gününə hazırlanan kartlarda bu nüanslar öz əksini tapır.
Maraqlıdır, bu kartlar arasında hansısa fərqlər vamı? Təhlükəsizlik baxımından bu kartların digərindən fərqli cəhətləri ortaya çıxırmı?
NOCOMMENT.az xəbər verir ki, bu barədə Valyuta.az-a danışan bank məsələləri üzrə mütəxəssis Emin Mahmudov deyir ki, bu, bankların öz resurslarına qənaət etməsinə görə baş verdi:
“Ənənəvi bankçılıqda müştəri bankların filiallarına yaxınlaşmalı və ya onlayn yol ilə kart sifariş etməli idi. Müştəri filiala gəlib kart sifarişini tamamladıqdan sonra 2-3 iş günü ərzində və ya əlavə ödənişlə ən sürətli halda bir iş günü ərzində onun kartı müştəriyə təqdim olunurdu. Kart sifariş olunurdu, çap olunma prosesinə gedirdi, müştərinin məlumatları kartın üzərinə həkk edilirdi və daha sonra müştəriyə 1, yaxud 2-3 iş günü ərzində təqdim edilirdi. Müştəri banka iki dəfə müraciət etməli olurdu. Yeni üsuldan sonra müştəri artıq bir dəfə banka gəlir, kart sifariş edir, müştəriyə hesab açılır, adsız kart müştəriyə təqdim olunur və həmin kart müştərinin hesabına bağlanılır. Yarım, bir saata müştərinin kartı hazır olur. Burada bank öz resursuna qənaət etmiş olur. Yəni müştəri banka nə qədər az müraciət edərsə, öz əməliyyatlarını nə qədər rəqəmsal yolla həll etsə, banka o qədər çox sərf edir. Bankın həm vaxtına, həm enerjisinə, həm də resursuna qənaət etmiş olur. Bu, müştəriyə də sərf edir. Müştəri iki dəfə banka gəlməkdənsə, bir dəfə gələrək işini həll etmiş olur”.
Mütəxəssis üzərində ad, soyad olmayan kartların mənfi tərəflərindən də danışıb:
“Onlayn ödəniş və post terminallarla ödəniş olunan zaman bəzi hallarda kartın üzərindəki ad, soyad yoxlanılır. Buna Azərbaycanda çox rast gəlməsək də, Avropa ölkələrində daha çox rastlaşılır. Bu, daha çox özünü hotellərdə ödəniş olunan zaman özünü göstərir. Avtomobil kirayə edən zaman kartın üzərindəki ad, soyad ilə şəxsin şəxsiyyət vəsiqəsi yoxlanılır. Bu da çox nadir hallarda yaşanan məsələdir. Müştərilərin əksəriyyəti kartının özünəməxsusluğunu istəyir, şəxsdən asılı olaraq üzərində ad yazılması onun subyektiv fikridir. Bu, kimin üçünsə hər hansı narazılıq yaratmırsa, belə bir istəyi yoxdursa, bunu mənfi hal kimi qiymətləndirmək olmaz”
E.Mahmudov bildirdi ki, bu kartlar arasında təhlükəsizlik baxımından çox ciddi fərq yoxdur:
“Adsız kartların bir mənfi cəhəti də odur ki, kart itərsə, onu tapan şəxs kartın kimə məxsus olduğunu bilmir. Ola bilər ki, biz kartı iş yerimizdə, yaşayış yerimizə yaxın ərazidə itirmişik, tapan şəxs üzərində ad, soyad olarsa, rahatlıqla geri qaytara bilər. Təhlükəsizlik cəhətdən belə bir riski var. Amma hər hansı dələduzların əlinə düşmə ehtimalı olan zaman üzərində ad, soyad yazılan kart ilə adsız kartların heç bir fərqi yoxdur. Yəni, bu kartların arasında təhlükəsizlik cəhətdən fərq yoxdur”.