AZ

Ordumuz çox böyük tarix yazıb



“1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti ölkədə milli silahlı qüvvələrin formalaşması üçün əhəmiyyətli addımlar atmışdı. Müstəqilliyin bəyan olunmasından bir aydan da az müddət sonra, 1918-ci il iyunun 26-da milli hökumətin qərarı ilə ilk nizami hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu, həqiqətən də ölkədə ordu quruculuğu istiqamətində atılmış ən vacib addımlardan biri idi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə həmin tarixi gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və artıq uzun illərdir ki, bu tarix ölkəmizdə hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.”

Newscenter.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Ölkəmizdə müasir ordu quruculuğunun Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan deputat bildirib ki, bu istiqamətdə hələ sovet dönəmində atılan addımlarla bugünkü silahlı qüvvələrimizin əsası qoyulub: “Azərbaycanın 70 il ərzində tərkibində olduğu keçmiş SSRİ-nin siyasi rəhbərliyi respublikamızda milli hərbi kadrların yetişməsində maraqlı deyildilər. Buna görə də 1920-1970-ci illəri əhatə edən dövrdə hərbi sahədə Azərbaycanın demək olar ki, heç bir nailiyyəti yox idi. Yalnız 1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməyə başlandı. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə öz xalqına misilsiz xidmətlər göstərmiş Ümummilli Liderimiz qarşıya çıxan bütün çətinlik və maneələrə rəğmən 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olmaqla, bugünkü qüdrətli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Məhz Ulu Öndərin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu. Təəssüflər olsun ki, 1991-ci ildən sonra, müstəqilliyimizin ilk illərində o dövrdə ölkəyə rəhbərlik edən şəxslərin yol verdikləri ciddi nöqsanlar Azərbaycanda ordu quruculuğu işini də dərin böhrana saldı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə bu sahədə də mühüm irəliləyişlər əldə olundu. 1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra Azərbaycanda Milli Ordusunun formalaşdırılmasına start verildi.”

K.Qafarov Azərbaycan Silahlı Qüvvələrinin öz missiyasının ən vacib və ən şərəfli vəzifəsini 2020-ci ildə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ savaşında tarixi Qələbə əldə etməklə həyata keçirdiyini diqqət mərkəzinə çəkib: “Bu gün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatlarının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılan prioritet istiqamətlərdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu tarixi Zəfər əldə etdi. Düşmən qısa müddət ərzində və ən əsası bizim tərəfimizdən minimal itki verməklə tamamilə darmadağın edildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Keçən ilin sentyabr ayında isə cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi”.
Seçilən
67
16
newscenter.az

10Mənbələr