AZ

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır -ŞƏRH

Bu gün ölkəmizdə ən qürurverici, ən əlamətdar günlərdən biridir. Azərbaycanın Silahlı Qüvvələr günüdür. İnanmıram ki, Azərbaycanda, həmçinin ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız, xüsusilə son illər bu günü bayram kimi qeyd etməsin, bir-birini təbrik etməsin.

Bunu “İki sahil”ə açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.

O Azərbaycan Ordusunun tarixi barədə bir neçə fakta diqqət çəkib: “Məlum olduğu kimi, milli silahlı qüvvələrin yaradılması prosesi ötən əsrin əvvəllərindən başlayıb. Öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Lakin Xalq Cümhuriyyətinin süqutu ilə ölkəmizdə ordu quruculuğu prosesi də dayandı. Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin, 1991-ci ilin sentyabrın 29-da isə Azərbaycan Respublikası Müdafiə Şurasının yaradılması barədə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında Qanun qəbul edilsə də, bu sahədə ayrı-ayrı şəxslərin, qurumların, o cümlədən Milli Müdafiə Şurasının cəhdlərinə baxmayaraq respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Yalnız 1993-cü ildən başlayaraq ordu quruculuğunda ciddi addımlar atıldı. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə dirçəlişə nail ola bildi. Yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələr ləğv edilərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaradıldı.

Məhz həmin vaxtdan başlayan ordu quruculuğu prosesi Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ən müasir standartlara cavab verən hərbi ləvazimatlarla, silah-sursatla təchiz edilməsi, savadlı, cəsarətli, vətənpərvər hərbi kadrların yetişdirilməsi və sair sahələrdə həyata keçirilən islahatlar Azərbaycan Silahlı Qüvvələrinin davamlı olaraq inkişaf etməsi onun regionun ən qüdrətli ordusuna çevrilməsi ilə nəticələndi.

Azərbaycan Silahlı Qüvvələrinin gücü, döyüş qabiliyyəti, əsgər və zabitlərinin peşəkarlığı, onun ən müasir tələblərə cavab verən hərbi quruma çevrilməsi artıq bir danılmaz fakt kimi 2020-ci il sentyabrın 27-dən başlayaraq, nəinki regionda, dünyanın hər yerində, ən yüksək siyasi kürsülərdə, bizi sevən dostlarımızdan tutmuş, ən zalım düşmənlərimizə qədər hər kəs tərəfindən də etiraf edilməyə başladı”.

Siyasi şərhçi əlavə edib ki, istənilən Ordunun ən müasir texnika ilə, silah-sursatla təmin edilməsi, onun haqqında təriflər yağdırılması, müxtəlif epitetlərlə bəzədilməsi onun həqiqi gücünü, döyüş qəbiliyyətinin yüksək olmasını sübuta yetirməyə kifayət etmir. Ordunun gücü, onun döyüş qabiliyyətinin nümayiş etdirilməsi, həyata keçirdiyi əməliyyatlar, əldə etdiyi hərbi uğurlar və qazandığı zəfərlərdir.

“Bu mənada 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına və hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusunun başladığı əks hücum əməliyyatları, qısa müddətli zəfər yürüşündə inanılmaz uğurlar əldə etməsi faktı mühüm əhəmiyyət kəsb edir. Silahlı qüvvələrimizin ədalətin bərpası, torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı Vətən müharibəsi, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına, ölkəmizin suverenliyinin tam bərpa edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi və Ermənistanın kapitulyasiyaya məcbur edilməsi ilə nəticələndi. Əlbəttə ki, bu hadisə həm də Azərbaycan Silahlı Qüvvələrinin əslində nəyə qadir olmasının bütün dünyaya nümayişi idi. Ordumuz 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi, adını dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Beynəlxalq aləm Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.

Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları, Ermənistan ordusunun tör-töküntülərinə sarsıdıcı zərbə vurdu və əslində terror təşkilatı olan “Qarabağ özünümüdafiə ordusunu” tamamilə məhv edərək kökünü birdəfəlik kəsdi. İllər boyu yalançı “qəhrəmanlığı”, “məğlubedilməzliyi” ilə öyünən, bütün digər məsələlərdə olduğu kimi “Qalibiyyətli erməni ordusu” mifi, nağılları da nağılbazlar üçün acı sonluqla bitdi. Tarix boyu “qəhrəmanlığını” yalnız silahsız, mülki əhali üzərində nümayiş etdirən qəddar və xain düşmənin gücü və cəsarəti qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa çatdı. Məhz uğurla başa çatan bu əməliyyat nəticəsində ölkəmizin ərazisində erməni separatizminə də birdəfəlik son qoyuldu. Azərbaycanın müzəffər Ordusunun 2020-ci ilin sentyabrın 27-də başlanmış mübarizəsi 2023-cü ilin sentyabrında böyük zəfərlə yekunlaşdı. Silahlı qüvvələrimiz Vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi. Əslində keçən əsrin 80-ci illərin sonunda başlayaraq torpaqlarımız uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı”, - deyə Əhməd Abbasbəyli vurğulayıb.

Bu gün də Orduya diqqət və qayğının dövlətimizin əsas prioritetlərindən biri olduğunu bildirən siyasi şərhçi əlavə edib: “Azərbaycan öz Ordusunu gücləndirməyə və hərbi potensialını artırmağa böyük önəm verir. Məhz belə uğurlu siyasətin nəticəsi olaraq bu gün Qafqazda ən müasir, ən güclü və ən çevik nizami ordu olan Azərbaycan Silahlı qüvvələrinin Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunları potensialı rəqiblə effektiv mübarizə aparmaq iqtidarındadır. İxtisaslaşmış beynəlxalq qurumlar, xarici hərbi ekspertlər də Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclüləri sırasında olduğunu etiraf edirlər.

Hazırda Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır. Əminik ki, Cümhuriyyət ordusunun ənənələrini qoruyub saxlamaqla güclü bir orduya çevrilmiş Azərbaycan Silahlı Qüvvələri, gündən-günə artan qüdrəti sayəsində Vətənimizin müdafiəsini təmin etməyə və Ali Baş Komandanının bütün əmrlərini uğurla yerinə yetirməyə qadirdir”.

Seçilən
116
1
ikisahil.az

2Mənbələr