Yaponiyada itkin düşən 3 alpinistin cəsədi tapılıb.
E-huquq.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, Şizuoka polisi alpinistlərin itkin düşməsi barədə xəbəri aldıqdan sonra axtarış əməliyyatına başlayıb.
Yaponiyanın Fuci dağına qalxan yollarında aparılan axtarışlar nəticəsində dağın Şizuokaya baxan kraterinin yaxınlığında 3 alpinistin cəsədi tapılıb.
Qeyd edək ki, ilin çox hissəsi qarla örtülü olan Fuci dağına iyul-sentyabr mövsümündə 200 mindən çox ziyarətçi gəlir. Yaponiya mətbuatı yerli və xarici ziyarətçilərin günəşin doğuşunu izləmək də daxil olmaqla turistik məqsədlə etdikləri gecə boyu gəzintilər zamanı qəzaların baş verə biləcəyini yazır.
YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil olan və hündürlüyü 3776 metr olan Fuci dağı Yaponiyanın milli simvollarından biri kimi tanınır. Yamanaşi və Şizuoka əyalətləri arasında yerləşən ölkənin ən hündür nöqtəsi olan Fuci dağı alpinistlərin üz tutduqları marşrutlar sırasındadır.
Zərif Sofiyeva