Azərbaycanda ekoloji sağlamlığın qorunması məqsədilə köhnə nəqliyyat vasitələrinin utilizasiyası prosesinə başlanılıb. Bunu Nazirlər Kabinetinin Kənd təsərrüfatı və ekologiya şöbəsinin müdiri Lətif Qasımov “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib. Bununla da, köhnə avtomobillərin aqibəti ilə bağlı qərar verilib.
Bəs görəsən, utilizasiya prosesi Azərbaycanın nəqliyyat sektorunda və bazarında hansı yeniliklərə səbəb olacaq?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, bu prosesin bir çox müsbət tərəfləri var:
“Azərbaycanda kifayət qədər köhnə, istismar müddətini başa çatdırmış nəqliyyat vasitələri var ki, əhali ondan istifadə edir. Burada yeni maşınların baha olmasının xüsusi rolu var. Dövlət utilizasiya prosesi zamanı həmin köhnə maşınların dəyərinin bir qismini kompensasiya edib, pul ödənişi edəcək. Nəticə etibarı ilə tullantı şəklində utilizasiyaya gedən nəqliyyat vasitələrinin yenilənməsində ciddi rol oynayacaq. Yəni utilizasiya olunmuş avtomobil vasitəsinin sahibi daha yeni və texniki cəhətdən saz nəqliyyat vasitəsi ala biləcək. Bu da ölkənin avtomobil parkının yenilənməsinə gətirib çıxara bilər. İkincisi, ekoloji cəhətdən bu proses təbii ki, çox faydalı olacaq.
Ekspertin fikrincə, utilizasiya prosesi avtomobil bazarında da ciddi dəyişikliklərə səbəb olacaq:
“Məlum olduğu kimi, istismar müddətini bitirmiş maşınların yanacaq qazları təbiətə ciddi ziyan vurur. Hazırda texniki baxışlar zamanı bu məsələyə ciddi nəzarət olunmur. Eyni zamanda bu addım nəqliyyat bazarının özündə də yenilənmələrə gətirib çıxara bilər. Amma ümumən götürsək, bu hələlik niyyətdir. Bunu doğru yönəltsək, effektiv və müsbət nəticə əldə bilərik”.