AZ

“Kənddən Şəhərə” yarmarkası olacaq

29-30 iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. 

“Cebhe.info” xəbər verir ki, Bakıda keçiriləcək yarmarkanın təşkilində əsas məqsəd vətəndaşların kənd məhsullarına artan tələbatlarını təbii və sağlam məhsullarla qarşılamaq və yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı təşkil etməkdir.

Yarmarkada 20-ə dək regiondan 40-a yaxın fermer 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Yarmarka 2 gün müddətində saat 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunurlar. 

Seçilən
157
5
cebheinfo.az

10Mənbələr