AZ

Azərbaycanın bu bölgələri də silkələnəcək - Seysmoloqdan xəbərdarlıq  

 

Xəbər verdiyimiz kimi, bu gün Lerik rayonunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Lerik stansiyasından 27 kilometr şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanların maqnitudası 5 bal, dərinliyi 18 kilometr olub. Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub. Yada salaq ki, bir ay öncə mayın 11-də də Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində 5,2 maqnitudalı zəlzələ baş vermişdi. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunmuşdu. Talış zonasında davamlı olaraq zəlzələlərin baş vermə səbəbi nədir? Azərbaycanın daha hansı bölgəsində yeraltı təkanlar gözlənilir? 

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev mövzu ilə bağlı Musavat.com-a fikirlərini açıqladı: “Talış ərazisi seysmik ərazidir. Lerik rayonunda 18 km dərinlikdə maqnitudası 5 olan zəlzələ qeydə alınıb. Niyə Lənkəranda tez-tez zəlzələ baş verir? Bundan əvvəlki müsahibələrimdə də demişdim, bu il ərzində Azərbaycan ərazisində tez -tez hiss olunan zəlzələlər baş verəcək. Yəni 4.5, 5.5 maqnitudalı zəlzələlər olacaq. Bu, yüksələn seysmik aktivliyin təzahürüdür. İndi biz bu dövrü yaşayırıq. İran ərazisində baş verən zəlzələlərin bir növ təkanıdır, seysmik-aktivlik dövrünü yaşayırıq. Nəzəri baxımından bu aktivlik Aran zonasına da təsir edə bilər. Hacıqabul, Saatlı ərazisini hiss olunan dərəcədə tərpədə bilər. İstisna deyil ki, Şamaxı da titrəyişə məruz qalsın. Bu il Azərbaycanda mövcud olan seysmo-aktiv zonalar öz aktivliyini yaşayacaq. Nəinki Şamaxı, Oğuz, Qəbələ, Kiçik Qafqazın şimal yamacı, Gəncə ətrafı, eləcə də işğaldan azad olunmuş ərazilərdə zəlzələ baş verəcək, o ərazilər də stansiyalarla təchiz olunur. Naxçıvan ərazisi də istisna deyil”.

Qeyd edək ki, bu gün həm də Dağıstanda 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə məlumat Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında dərc olunub. Analitiklərin fikrincə, zəlzələnin episentri Maqaramkənd rayonu olsa da, yeraltı təkanları evləri Dərbənddən 43 kilometr aralıda olan rayon sakinləri də hiss ediblər. Peru sahillərində isə 7,0 maqnitudada zəlzələ baş verib və sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 246 min nəfər əhalisi olan İka şəhərindən 250 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 56 kilometr dərinlikdə yerləşib. İtki və dağıntılar barədə məlumat daxil olmayıb.

 

Afaq Mirayiq,

Musavat.com

 

Seçilən
180
6
musavat.com

7Mənbələr