AZ

İtaliya baş naziri gözləmədiyi vəziyyətə düşdü – Arzuolunmaz gündəm davam edir

İtaliyanın baş naziri Meloninin rəhbərlik etdiyi İtaliya Qardaşları Partiyasının gənclər qanadının iki üzvü nasist şüarları səsləndirərək ölkədə çaşqınlıq yaradıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, yayımlanan görüntülər ölkədə hakim partiya üçün arzuolunmaz gündəm mövzuya çevrilib.

Ana müxalifət partiyası olan Demokratik Partiyanın (PD) lideri Elli Şleyn baş naziri görüntülərə qarşı mövqe tutmağa çağırıb. Romanın Yəhudi İcması da bu görüntüləri pisləyib.

Hakim partiya bəyanat verib ki, onların partiyasında “nasizm və antisemitizm”ə yer yoxdur. Lakin bu reaksiya mövzunu səngitməyib. Ortaya çıxan görüntülər və reaksiyalar baş nazir Melonini açıqlama verməyə məcbur edib:

“Əvvəllər bir neçə dəfə dediyim və təkrarladığım kimi, mən hesab edirəm ki, irqçi, antisemitizm və ya nostalji hissləri olan hər kəs yanlış evdədir, çünki bu hisslər İtaliya Qardaşları ilə bir araya sığmır”.

Keçmiş baş nazirlərdən biri və İtaliya Viva Partiyasının lideri Matteo Renzi də Meloninin bu hadisəyə soyuq münasibətindən təəccübləndiyini bildirib.

Xatırladaq ki, Meloni daha əvvəl 1938-ci ildə İtaliyanın faşist diktatoru Benito Mussolininin irqçi, antisemitizm qanunlarını pisləsə də, gəncliyində Mussolinini tərifləyən videoları bu gün də internetdə var. Elə cəmiyyətin qıcıq olması da əsasən bu amillə sıx bağlıdır.

2022-ci ilin sentyabrında İtaliyada keçirilən ümumi seçkilərdə qalib gələn və həmin ilin oktyabrında hakimiyyətə gələn Giorgia Meloni gənclərin bu hərəkəti ilə ən çətin vəziyyətini yaşamalı olub.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
33
konkret.az

1Mənbələr