İyunun 28-də “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumu çərçivəsində tədbirdə iştirak edən təşkilat və şirkətlər tərəfindən “Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib.Metbuat.az xəbər verir ki, tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev şirkət və təşkilatların öz təşəbbüsləri ilə tullantıların idarə olunması sahəsində ən son nailiyyətlərdən istifadə edərək müasir təcrübənin tətbiqi, istehsalçı məsuliyyətinin gələcəkdə fəaliyyət sahələrində nəzərə alınması məqsədilə bir çağırış hazırlandığını diqqətə çatdırıb: “Çağırışda həm istehsalçıların məsuliyyəti, həm sıfır tullantının, müasir texnologiyaların və yaşıl iqtisadiyyatın tətbiqi sahəsində planlaşdırılan işlər öz əksini tapıb. Təşəbbüsü bir neçə şirkət imzalayıb və bununla bağlı nazirlikdə görüş də keçirilib. Çağırış açıq şəkildə saxlanılır və təşəbbüsə qoşulmaq istəyənlər onu imzalaya bilərlər”.Sonra “Sıfır Tullantı” Bakı Təşəbbüsünün mətni oxunub.Bakı Təşəbbüsünə qoşulan şirkət və təşkilatlar Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdiyi üçün Azərbaycan hökumətinə dərin təşəkkürlərini bildirib və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini yüksək qiymətləndiriblər.Bakı Təşəbbüsündə, həmçinin qeyd olunub: “Qlobal ətraf mühit problemlərinin vacibliyini dərk edərək Paris Sazişinin və 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədlərinin gündəliyinə sadiqliyimizi bəyan edirik. Bu və Azərbaycanın tərəfdar olduğu digər beynəlxalq çərçivələrə uyğun olaraq dayanıqlı inkişafı təşviq edən və iqlim dəyişmələrinin təsirlərini azaltmağa yönəlmiş strategiyaların həyata keçirilməsini dəstəkləyirik.Məhsulun keyfiyyətini və təhlükəsizliyini qorumaqla Azərbaycanda təkrar emal olunan, kompostlaşdırıla bilən və ya təkrar istifadə oluna bilən innovativ həlləri təşviq edərək tullantıların İstehsalçının Genişləndirilmiş Məsuliyyəti modeli üzrə idarə olunması zəruriliyini qəbul edirik.Biz ekoloji cəhətdən təmiz qablaşdırma texnologiyalarını və qabaqcıl tullantıların idarə olunması həllərini inkişaf etdirmək üçün innovativ layihələri dəstəkləməyə, beləliklə, daha dayanıqlı gələcəyin təmin edilməsinə töhfə vermək üçün səy göstərəcəyimizi bildiririk.Biz Azərbaycanda tullantıların toplanması, çeşidlənməsi və təkrar emalı üçün kompleks həlləri əhatə edən tullantıların səmərəli və effektiv idarə olunması sisteminin qurulmasının zəruriliyini qəbul edirik.Biz tullantıların azaldılması və dayanıqlı idarə edilməsi təcrübələrini yaxşılaşdırmaq məqsədilə siyasət və qaydaların hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC, yerli hakimiyyət orqanları və digər əsas tərəfdaşlarla əməkdaşlığın vacibliyini vurğulayırıq.Şəffaflıq və hesabatlılığa olan bağlılığımızla tullantıların azaldılması məqsədlərinə doğru irəliləyişimizi hər il izləməyin və nailiyyətlərimizi ictimaiyyətə açıq şəkildə çatdırmağın əhəmiyyətini təsdiqləyirik.Tullantıların azaldılması, təkrar emalın və məsuliyyətli istehlakın vacib əhəmiyyətini ictimaiyyətə çatdırmaq üçün maarifləndirmə təşəbbüslərində iştirak etməyin əhəmiyyətini vurğulayırıq.Biz “Sıfır Tullantı” təşəbbüslərində iştirak etmək üçün milli və beynəlxalq şirkətlərlə tərəfdaşlıq imkanlarını araşdıracağıq və onları təşviq edəcəyik, beləliklə, dayanıqlılığa yönəlmiş kollektiv addımları dəstəkləyəcəyik.Nəhayət, məqsədimiz tullantıların minimuma endirildiyi, resursların optimallaşdırıldığı və təbii mühitin gələcək nəsillər üçün qorunduğu Azərbaycanda dövri iqtisadiyyatın həyata keçirilməsinə töhfə verməkdir.Bu təşəbbüsə imza atanlar kimi, Azərbaycan və dünyada dayanıqlı gələcəyi təmin etmək üçün kollektiv səylərimizin əhəmiyyətini başa düşərək, bu prinsiplərə sadiq qalırıq”.Bakı Təşəbbüsünü imzalayan tərəflər onun prinsiplərinə və məqsədlərinə sarsılmaz sədaqətlərini bəyan ediblər.