Futbol üzrə İspaniya millisinin sağ cinah müdafiəçisi Sesar Aspilikueta Madrid “Atletiko”su ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, 34 yaşlı Aspilikueta daha bir il bu klubun uğurları üçün çalışmağa davam edəcək. İspan futbolçu yeni müqaviləyə əsasən ən azı 2025-ci ilin 30 iyununa qədər “Atletiko”da qalacaq.
Xatırladaq ki, Sesar Aspilikueta 2023-cü ilin yayında İngiltərənin “Çelsi” klubundan azad agent kimi ayrılmış və “Atletiko” ilə 1 illik müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində bütün yarışlarda 34 matçda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Aspilikueta karyerası ərzində “Çelsi”, “Osasuna” və “Olimpik” (Marsel) klublarının da formasını geyinib. O, İspaniya milli komandasında da 44 matça çıxıb, 1 qola imza atıb.
“Transfermarkt” internet-portalı Aspilikuetanı 2 milyon avro məbləğində qiymətləndirir.