AZ

Məzuniyyət hüququmuz necə təmin edilir?

Yazını böyüt
Yazını kiçilt

Əmək Məcəlləsinə görə, işəgötürənlərlə işçilərin qarşılıqlı vəzifə və öhdəlikləri mövcuddur. Bu öhdəliklər arasında məzuniyyət mövzusu həmişə aktuallığını saxlayır. Muzdla çalışanların əmək hüquqlarından biri də məhz məzuniyyətə çıxmaqdır. Günümüzdə, xüsusən də özəl sektorda çalışanların bu hüququnun müxtəlif formalarda pozulmasının şahidi oluruq. 

Maraqlıdır, görəsən, işçinin məzuniyyət hüququ hansı halda yaranır? Məzuniyyətin müddəti neçə gün olur və buna görə ödəniş necə hesablanır?

Qeyd edək ki, işçilərin məzuniyyət hüququ Əmək Məcəlləsi ilə tənzimlənir. Qanunvericiliyə görə, məzuniyyətin bir neçə növü var. Bunlar əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti, sosial məzuniyyət, təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti, ödənişsiz məzuniyyətdir.

Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarətdir. İşəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ müəyyən istisnalarla əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İkinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda (əvvəlki illərdən məzuniyyəti qaldıqda) o, həmin ildə hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.

Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir. Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. İşçi müvafiq iş  ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. İşçilərə ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir.

Aşağıdakı işçilərə isə ödənişli əsas məzuniyyət 30 gün müddətində verilməlidir:

a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;

b) məsul vəzifələrdə qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə;

c) xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə;

ç) təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;

d) elmi dərəcəsi olmayan elmi işçilərə;

e) həkimlərə, orta tibb işçilərinə və əczaçılara.

21 günlük əsas məzuniyyət müddəti ixtisas tələb etməyən sahələrdə çalışanlara aiddir. 

Natamam iş günü və ya natamam iş həftəsi şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir. Həmçinin mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki gündən az olmayan müddətə verilir.

Əmək stajından asılı olaraq isə işçilərə:

beş ildən on ilədək əmək stajı olduqda - 2 gün;

on ildən on beş ilədək əmək stajı olduqda - 4 gün;

on beş ildən çox əmək stajı olduqda - 6 gün müddətində əlavə məzuniyyət verilir.

Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Belə məzuniyyətin müddəti 6 gündən az olmamalıdır.

Əsas və əlavə məzuniyyətlərin müddətindən başqa, 14 yaşınadək iki uşağı olan qadınlara 2 gün, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara isə 5 gün müddətində əlavə məzuniyyət verilir. Bu, uşaqlarını təkbaşına böyüdən atalara, həmçinin uşaqları övladlığa götürmüş şəxslərə də şamil olunur.

Müəyyən kateqoriyadan olan işçilərə verilən məzuniyyətin müddəti daha uzundur. Onlardan pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri 42-56 gün təşkil edir. Həmçinin yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 gündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 gündən az olmayaraq verilir. Orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 gündən az olmayaraq verilir. Eyni zamanda, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Vətən Müharibəsi Qəhrəmanlarına, Milli Qəhrəmanlara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. Bundan başqa, teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində verilir. Lakin bütün bu kateqoriyalardan olan işçilərə əmək stajına və əmək şəraitinə görə əlavə məzuniyyətlər verilmir.

Əmək Məcəlləsinin 139-cu maddəsinə görə, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməkhaqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 ayın orta əmək haqqına əsasən müəyyən edilir. Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin günlərinin sayına vurulur. İşçiyə istifadə edilməmiş məzuniyyətə görə ödənilən kompensasiya da bu cür hesablanır. Eyni zamanda, işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Məzuniyyət vaxtı üçün orta əməkhaqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilibsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktiki olaraq verildiyi gündən hesablanıla bilər.

Bundan başqa, əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər. Bir şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmamalıdır. Məzuniyyətin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin istəyi ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.

İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə isə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Məzuniyyət işçinin işlədiyi günlərə görə formalaşdığı üçün hansı müddət işləməsindən asılı olmayaraq qazanılmış məzuniyyət günlərinin kompensasiyası ödənilməlidir. İşçiyə işlədiyi müddətdə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya hesablanarkən həm əsas, həm də əlavə məzuniyyətlərə görə kompensasiya hesablanır.

Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov qeyd edib ki, şəxs əmək müqaviləsi ilə işləyirsə, bu zaman mütləq məzuniyyətə göndərilməli və ona ödəniş edilməlidir: “Əgər vətəndaşın əmək müqaviləsi varsa, elektron informasiya sistemində qeydiyyatdan keçibsə, onda məzuniyyətə göndərilməmə və məzuniyyət pulunun verilməməsi kimi bir halın yaşanması mümkün deyil.  Əgər özəl sektordusa, onda sosial və tibbi sığorta, eləcə də işsizlik sığortası üzrə ödənişlər həyata keçirilməlidir. Yəni bunlar olmalıdır. Heç bir müəssisə bu qanunlardan yayına bilməz. Əgər vətəndaşın heç bir müqaviləsi yoxdursa, bu halda hər şey etmək mümkündür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
2
hafta.az

4Mənbələr