AZ

HEYKƏL ATA

Hər zaman ən gözəl arzuların əvvəlində gəlir valideynlərimizə dediyimiz "Allah sənin isti nəfəsini bizdən əsirgəməsin" arzusu. Bəzi insanlara isə həyat o arzunu diləməyə macal vermir. Çünki həyata gələndən isti nəfəsini duymadığı atası daş heykələ dönür. Hər zaman ata qoxusunun, ata nəvazişinin necəliyini düşünərək yaşa dolar atası daşa dönənlər. Daş heykəlin kölgəsinə sığınıb için-için ağladıqca həyata küsər şəhid övladları. Dilinin əzbəri olar "Heykəl atam, əyil öpüm üzündən" sözləri. Ancaq heç zaman o əllər ata boynunu qucaqlaya bilməz. Leylanın əlləri kimi daş məzara uzana qalar. Hər dəfə atasızlığın yükü bir qədər də artar. Kiminsə dediyi "Ata" sözü qəlbinin yarasına basılan duz kimi qəlbini göynədər. O ağrını Leyla belə dilə gətirdi.

 -Mən bu illər ərzində heç zaman atasızlığımın qəlbimdəki yanğısını dilə gətirməmişəm. Mən "Ata" kəlməsini deyə bilmirdim. Məktəbli olduğum zamanlarda kitablarda yazılan "Ata" sözü mənim üçün könül dağı idi. Hər zaman ata haqqında inşalarım yarımçıq qalırdı. Elə atamın ömrü kimi. Natamam inşaların üç nöqtəsi mənim göz yaşlarım olurdu. Hər kəs yazdığı inşanı müəlliməyə verəndə mən o vərəqləri atamın məzarı üstünə qoyurdum. Hər dəfə atama küsgünlüyüm artırdı. Həyat məni dayaqsız savurduğu kimi o günahsız ağ kağızları da küləklər məzardan məzara çırpırdı. Beləcə ata həsrətimi susub, 20 yaşından həyatın ən sərt sınaqları ilə sınanan anamın qoynuna sığınaraq böyüdüm.

Sizə bir şəkil haqqında danışmaq istəyirəm. Atamla dostunun bir şəkili var idi. Mən həmin şəkilə baxanda sən demə atamın dostuna gözümü zilləyib baxırmışam.Bir dəfə cəsarətimi toplayıb anamdan atamın hansı olduğunu soruşdum. Aldığım cavab məni yerlə-yeksan etdi. Sən demə illər uzunu mən atamı tanımamışam. Günlərlə özümə gələ bilmədim, yadıma düşdükcə ağladım. Mən atamı niyə tanımıram?-sualını verərək özümü qınadım. Bu hadisə məni çox sarsıtmışdı. İndiyə kimi heç kimin yanında danışmamışam bu hadisəni. Şəkillərdən tanımışam atamı. Şəkillərdən sevmişəm qəhrəmanımı. Qəlbimin dərinliklərində ata adlı sızıltı var, ata adlı yaram var mənim. Mən atamı heç cürə gözümdə canlandıra bilmirəm, çünki onun üzünü görməmişəm. Atamla bağlı ən böyük arzum, istəyim bilirsiniz nədir? Bircə dəfə yuxumda görüm. Bir dəfə atam yuxuma gəldi, onunla nə danışa bildim, nə də qucaqlaya bildim. Yuxuda da uzaqdan baxdım. Gözümün qabağından oyan-buyana getdi. Mən atama yuxuda da toxuna bilmədim. İki gün mən o yuxunun təsirindən çıxa bilmədim.

Əvvəllər çox çətin idi atam haqqında danışmaq. Heç vaxt danışmırdım bu barədə. Düzdür indi də həm mənə, həm də anama bu dərdimizi dilə gətirmək çətindir. Biz heç vaxt göz yaşlarımızı biri-birimizə göstərməmişik. Mən üzülməyim deyə anam sizinlə də otaqda sakit səslə danışırdı. Mən isə bu fədakar qadının fədakarlığı qarşısında yenə için-için ağlayırdım.

Biraz da nənəmdən deyim sizə. Mən balaca olandan nə vaxt Şəhidlər xiyabanına gedərdiksə nənəmi atamın qəbir daşından qopara bilməzdik. Nənəmin dediyi laylalar, ağılar körpəlikdən həsrət nəğməmə dönüb. Bir də nənəm həmişə atamın məzarı önündə üzümdən gözümdən o qədər öpərdi ki, sanki atam öpürmüş kimi hiss etdirməyə çalışırdı. Ancaq...

Mən təxminən 25 yaşıma kimi atamı ziyarətə gedəndə dilə gəlib ağlamamışam. Həmişə göz yaşlarımı ürəyimə axıtmışam. Gecələr yorğanı başıma çəkib ağlamışam. Amma indi atam üçün ağlamaq mənə qürur verir. Həqiqətən də mən fəxr edirəm ki, şəhid Əbdül kimi bir igidin qızıyam.

     Atamın şəklini uşaqlıqdan divarda görmüşəm. Həmişə deyirdim ki, gəlin köçəndə atamın şəklinin altında duracam. Sanki o məni yola salırmış kimi çıxacam ata evimdən. (Bu anlar xəyalımda canlandıqca ürəyim göyüm-göyüm göynədi.) Çox qəribədir bilirəm. Ancaq mən buna şükür edirəm ki, o arzum gerçək oldu. Atamın şəkili məni yola saldı.

     Üzünü görmədiyim atamın adını ilk övladıma verən gün mən ana olduğum halda balaca Əbdülə "Ata" dedim. Ata həsrətimi onunla dindirməyə çalışdım. O qədər ağrılıdır ki atasızlıq. Atam yadıma düşəndə üç uşaq anası olan Leyla yox, sanki bir körpə, kövrək uşaq oluram. Atam mənim sağalmaz yaramdır.

     Bu dünyaya gələn bəzi insanlar sanki vətən üçün doğulurlar. Həmin insanlardan biri də Mahmudov Əbdül Qəhrəman oğludur. O, 2 aprel 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd kəndində dünyaya göz açıb. Qəhrəman və Səmaya Mahmudovların ilk övladı olan Əbdüldən sonra iki qardaşı da dünyaya gəlib.

     Əbdül uşaqlıqdan anasının çəkdiyi zəhməti görərək böyüyüb. Anası ilə yanışı Lelya nənəsi də onun və qardaşlarının qayğısına qalıb. Erkən yaşlarında ailəsinin bütün yükünü öz çiyinlərində daşıyıb.

    Əbdül Mahmudov 1980-ci ildə Şərur rayon Cəlil Məmmədquluzadə adına Cəlilkənd tam orta məktəbində təhsil almağa başlayıb. Məktəbə qədəm qoyduğu ilk gün onun həyat yolları Sədaqət xanımla kəsişib. O zamanlar eyni sinifdə təhsil almağa başlayan məktəblilər bilməzdilər ki, gələcəkdə biri vətən dərsindən, biri də həyat dərsindən ən böyük imtahandan keçəcəklər. Əbdül VIII sinfi bitirdikdən sonra Şərur Texniki Peşə məktəbində dülgərlik ixtisasında təhsil alıb. Zəhmətkeş oğul qardaşlarının qayğısını sanki bir ata kimi çəkib.

    Məktəbli həyatları birlikdə keçən, həyatı birlikdə dərk etməyə başlayan Əbdül və Sədaqət daha bir önəmli qərar veriblər. Onlar 6 fevral 1992-ci ildə ailə həyatı qurublar. Xoşbəxt bir ömür yaşamaq arzusu ilə qurulan ailənin ömrü cəmi səkkiz ay olub. Əbdülün qısa ömrü Sədaqət xanımın sonsuz həsrətinin səbəbi olub.

    Əbdül Mahmudov 18 may 1992-ci ildə vətənə xidmət borcunu yerinə yetirmək üçün müddətli həqiqi hərbi xidmətə yollanıb. Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. Bir dəfə ailəsi ilə görüşə gəldiyində ata olacağını öyrənib. Nənəsini həddindən çox sevən Əbdül "Əgər qızım olsa adını Leyla qoyacam. İstəyirəm nənəmin adını övladım yaşatsın" deyib. Ancaq onun bu arzusuna çatmağa ömrü yetməyib. Sentyabrın əvvəlində Sədərək rayonununda yerləşən N saylı hərbi hissəyə göndərilib. Düşmənin hədəf aldığı Sədərək rayonunun müdafiəsində dayanan Əbdül 18 sentyabr 1992-ci ildə düşmənin snayper atəşi ilə kürəyindən vurulub. Daha bir vətən oğlu vətən səngərindən cənnətə yol alıb.

Əbdül Mahmudovun həyat yoldaşı Sədaqət xanım:

    -Həmin gün ürəyimin üstündə sanki ağır bir yük var idi. Axşamüstü su gətirmək üçün qapıdan çıxanda mənə doğru irəliləyən qərənfilə bürünmüş bir maşın gördüm. Bir anda nə baş verdiyini anlamadım. Əlim bir anda boşaldı. Əbdülün şəhid xəbərini vermədən şəhid tabutunu gətirdilər. Qəfil gələn tabutu gördüyümdə o acının ağırlığına ürəyim tab etmədi. Özümə gəldiyimdə şəhid yarımın buza dönmüş cismini gördüm. Həyatımın ən çətin vidasını etmək məcburiyyətində qaldım. 18 sentyabrda hər şey bir göz qırpımında baş verdi. Elə həmin gecə Şərur Şəhidlər xiyabanında Əbdül əbədiyyətə uğurlandı. Ondan sonra həyatım dəyişdi. O gün ürəyimdə hiss etdiyim ağırlıq günbəgün daha da artdı. Tənhalığın ağuşuna atıldım. Məni həyata bağlayan isə Əbdülün yeganə əmanətinə can vermək istəyi idi. Əbdülün arzularını onsuz həyata keçirmək ağır və dözülməz idi. Bu dünyaya atasız gələn körpələrdən biri də mənim payıma düşdü. 8 fevral 1993-cü ildə qızım dünyaya göz açdı. Əbdülün arzuladığı kimi Leyla nənənin adını körpəyə qoydum. Leyla körpə əlləri ilə əlimi tutdu. Mən də onun üçün həyatın əllərindən möhkəm yapışdım. Övladım üçün bütün çətinliklərə sinə gərdim. Onun ata həsrətinə məlhəm olmasam da atasız olduğunu ətrafa hiss etdirməməyə çalışdım. Gündüzlər dərdsiz görünüb, gecələr dərdimizlə baş-başa qaldıq. Biz birlikdə böyüdük.

    Əbdül Mahmudovun atası və anası həyatdan köçüblər.

    Qardaşının övladı Əbdülün adını daşıyır. Əbdülün yeganə əmanəti Leyla da üç oğul övladından ilkinə atasının adını əmanət edib.

     Şəhidlər əbədiyyətdə əbədiyaşardılar. Ancaq bu dünyada şəhidlərin adlarının yaşaması üçün ailələrinin üzərinə böyük məsuliyyət düşür. Bu gün Sədaqət xanım və Leyla xanım qəhrəman şəhidimizin unudulmaması üçün çalışır. Budur sədaqət.

 

Manya Səxavətqızı AYB-nin və AJB-nin üzvü, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri 



Seçilən
110
28
herbiand.az

10Mənbələr