AZ

Yetkinlik yaşına çatmayanlar hansı sahələrdə işləyə bilər? – EKPERTLƏRDƏN AÇIQLAMA

Son günlərdə yetkinlik yaşına çatmayan şəxslərin əmək şəraiti və onların hüquqları ilə bağlı məsələlər gündəmdədir. Vətəndaşlar arasında belə şəxslərin əmək hüquqlarının necə tənzimlənməsi, əmək müqaviləsinin hansı şərtlərlə bağlanması və onların əməkhaqqlarının necə ödənməsi ilə bağlı suallar yaranıb.

Məsələ ilə bağlı Avtosfer.az saytına açıqlama verən vəkil Nərmin Zülfüqarlı bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə əsasən, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Yetkinlik yaşına çatmayanların əmək fəaliyyətinə başlamasının minimum yaş həddi Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilsə də, bu sahədə daha geniş tənzimləmə əmək qanunvericiliyi ilə həyata keçirilir.

“Əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. Belə ki, 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən müvafiq qanunvericilik normaları əsasında inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Lakin, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır”.

Hüquqşünas onu da qeyd edib ki, qanunvericilikdə yaşı 18-dən az olan işçilər üçün bir sıra güzəştlər, imtiyazlar və əlavə təminatlar da nəzərdə tutulur.

“Yetkinlik yaşına çatmayan şəxslər işə qəbul edilən zaman onlara sınaq müddəti tətbiq edilmir, bu cür işçilərin attestasiyadan keçirilməsi tələb edilmir, onlar qısaldılmış iş vaxtı ilə işləyirlər,  işəmuzd işlərdə çalışan yetkinlik yaşına çatmayan işçilərin əməyi yaşlı işçilər üçün müəyyən edilmiş işəmuzd qiymətlər üzrə ödənilir, qısaldılmış iş vaxtı ilə yaşlı işçilərin gündəlik iş vaxtı arasındakı müddət fərqi üçün onlara tarif dərəcəsi üzrə əlavə haqq verilir və yetkinlik yaşına çatmadan əmək müqaviləsi əsasında işləyən şəxslər sair güzəştlərdən, imtiyazlardan yararlanırlar. Belə ki, yetkinlik yaşına çatmayan işçilərin gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır”.

 

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov saytımıza açıqlamasında deyib ki, 15 yaşından yuxarı əmək qabiliyyəti olan istənilən şəxslə əmək müqviləsi bağlanılmalıdır.

“Bu şəxslərlə əmək müqaviləsi bağlanılmasından daha vacib olan isə onların maaşlarının hansı şəkildə ödənməsidir. Banklarla bağlı bu vəziyyət fərqlidir. Hər bir bankın yetkinlik yaşına çatmamış şəxslərin adına əməkhaqqı kartı açmaq üçün müxtəlif şərtləri var. Bəzi banklar yetkinlik yaşına çatmamış şəxsin valideynlə birgə banka gəlməyini, bəzi banklar notarial qaydada təsdiqlənmiş sənəd, bəziləri isə sadəcə şəxsin işlədiyi müəssisədən əmək müqaviləsinin göndərilməsini tələb edirlər”.

Mütəxəssislər yaşı 18-dən aşağı olan şəxslərlə işləyən şirkətlərə tövsiyyə edir ki, belə şəxslərlə bağlı qanunun tələblərinə mütləq şəkildə riayət etsinlər. Belə ki, qanuna əsasən, peşəkarlıq səviyyəsinin və ixtisasının kifayət dərəcədə olmaması tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz.

Səfər Əlizadə

Seçilən
41
avtosfer.az

1Mənbələr