AZ

Azərbaycan güləş millisinin baş məşqçisi: Avropa çempionluğunu ənənəyə çevirmişik

Azərbaycan

Bakı, 7 iyul, AZƏRTAC

“İlin əvvəlindən Avropa çempionatı üçüm hazırlıqlarımızı davam etdirirdik. Turnirə kimi 4 toplanış keçmişdik”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatında komanda hesabında birinci olan sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Əsgərxan Novruzov deyib.

O, Avropa çempionluğunu ənənəyə çevirdiklərini bildirib: ”Daha əvvəl U-15, U-23 kateqoriyasında mübarizə aparan sərbəst və yunan-Roma güləşçilərimiz Avropa çempionu olublar. Biz də bu ənənəni pozmaq istəmədik. Düşünürəm ki, qızıl medallarımızın sayı çox ola bilərdi”.

Mütəxəssis Ermənistan yığmasını qabaqlayaraq komanda hesabında Avropa çempionluğunu qazandıqları üçün xoşbəxt olduğunu söyləyib: “Son turnirlərdə Ermənistan millisini üstələməyi bacarırıq. Onlar ötən il Albaniyada keçirilən Avropa çempionatında bizdən 3 xal artıq toplayaraq birinci olmuşdular. Hətta həmin yarışda güləşçilərimizdən birinin xalı texniki səbəbdən verilməmişdi. Lakin sonradan bu problem aradan qaldırılmışdı”.

Ə.Novruzov Avropa çempionatında qızıl medal gözlədiyi idmançılardan bəzilərinin ümidləri tam olaraq doğrultmadığını deyib: “Muhamməd İsmayılov ilə İsa Yusibov gözləntiləri qarşıladılar. Hüseyn Hüseynov və Muxamad Qantemirova isə daha çox inanırdıq. Yarışa da yaxşı hazırlaşmışdılar. Təəssüf ki, alınmadı. Bu, idmandır və istənilən nəticə ola bilər. Qarşıda bizi dünya çempionatı gözləyir. Bütün fikrimizi həmin turnirə yönəldəcəyik”.

Xatırladaq ki, Avropa çempionatında Muhamməd İsmayılov (51 kiloqram) və İsa Yusibov (65 kiloqram) qızıl, Hüseyn İsmayılovla (60 kiloqram ) Muxamad Qantemirov (110 kiloqram) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kiloqram) və Hüseyn Hüseynov (55 kiloqram) isə bürünc medal qazanıblar.

Seçilən
121
1
azertag.az

2Mənbələr