Bakı.TurkicWorld:
Çin alimləri tərəfindən təxminən dörd il əvvəl Ayın səthindən toplanan nümunələr əsasında aparılan araşdırmalar Ayın mənşəyi ilə bağlı hamı tərəfindən qəbul edilmiş nəzəriyyəni şübhə altına alır.
TurkicWorld xəbər verir ki, Çin alimləri təxminən dörd il əvvəl Chang’e-5 tərəfindən Aydan toplanan nümunələrdə karbonun saf forması olan qrafenin olduğunu aşkar ediblər. Ancaq bu əsaslı kəşf Ayın mənşəyi ilə bağlı indiyə kimi hamı tərəfindən qəbul edilmiş nəzəriyyə ilə ziddiyyət təşkil edir.
Ayın mənşəyi ilə bağlı ən çox qəbul edilən nəzəriyyə nəhəng toqquşma nəzəriyyəsidir. Nəzəriyyəyə görə, Yer təxminən 4,5 milyard il əvvəl Mars böyüklüyündə bir planetlə toqquşub və bu toqquşma nəticəsində Ay yaranıb. Apollon missiyalarından geri gətirilən Ay nümunələrində karbonun az olması da bu nəzəriyyəni dəstəkləmişdi. Lakin bu nəzəriyyə yaxın günlərdə çökə bilər.
Çünki Çin alimləri təxminən 4 il əvvəl Chang’e-5 missiyası tərəfindən Aydan toplanan nümunələrdə Ay torpağında qrafenin tapıldığını açıqlayıb.
Tədqiqata rəhbərlik edən Jilin Universitetinin komandası, Ayın torpağında karbonun olmasının Ayın Yerlə başqa bir asteroidin toqquşması nəticəsində əmələ gəldiyinə dair uzun müddətdir mövcud olan nəzəriyyə ilə ziddiyyət təşkil etdiyini bildirib.
Təxminən iki milyard il yaşı olan bu karbonun kristal quruluşunu müəyyən etmək üçün Çinli tədqiqat qrupu Aydan gətirilən daha yeni nümunələrin tədqiqinə başlayıb.
Bu nümunələrin təxminən 2 milyard il yaşı var. Məqsəd Ayda tapılan yerli karbonun kristal quruluşunu ortaya çıxarmaqdır.
Tədqiqatçılar bu nümunələrdə tapılan qrafeni təhlil etdikdən sonra Ayın səthində bir karbon tutma prosesinin ola biləcəyini irəli sürüblər.
Shenyang Milli Material Elmi Laboratoriyası və Çin Dərin Kosmos Tədqiqat Laboratoriyasının mütəxəssislərinin də daxil olduğu komanda, tapıntıların kimyəvi komponentlərin başa düşülməsini və Ayın tarixini yenidən kəşf etməkdə bizə kömək edə biləcəyini qeyd edib.
Onlar 2,9 x 1,6 mm ölçülü Ay süxurunun kiçik bir nümunəsini araşdırmaq üçün digər mikroskopik üsullarla birlikdə, parçaları təhlil etmək üçün güclü bir texnika olan Raman spektroskopiyasından da istifadə ediblər.
Chang’e-5 missiyası tərəfindən 2020-ci ildə götürülən nümunə Ayın yaxın tərəfində “insan müdaxiləsindən az təsirlənmiş” vulkanik bölgədəndir.
Qeyd edək ki, qrafen fərdi lopa kimi və natrium, maqnezium, alüminium, silisium, kalsium, qalay və dəmir kimi elementləri əhatə edən “karbon qabığının” bir hissəsi kimi aşkar edilib.