Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri” mövzusunda vebinar keçirib. Tədbirdə ölkəmizin 30-dan çox qurumunun nümayəndələri, BƏT-in mütəxəssisləri iştirak ediblər.
Bu barədə XQ-yə verilən məlumata görə, müzakirə iqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri, habelə BƏT-in fundamental konvensiyalarının üzv ölkələrdə əməyin mühafizəsi işində əhəmiyyəti barədə maarifləndirmə məqsədi daşıyıb. Onlayn məclisdə ölkəmizin ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə sahəsində mühüm töhfələr verdiyi, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi vurğulanıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçiriləcəyi qeyd edilib.
Natiqlər Azərbaycanda layiqli əməyin təminatı, o cümlədən işçilərin sağlamlığının mühafizəsinin əsas prioritetlərdən olduğunu vurğulayıblar. BƏT-in fundamental konvensiyalarının üzv ölkələrdə əməyin mühafizəsi işində əhəmiyyətindən də bəhs olunub. Həmin konvensiyalar, əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı milli qanunvericilikdə nəzərdə tutulan standartlar, norma və qaydalar, qanunvericilikdəki son dəyişikliklər diqqətə çatdırılıb. İqlim dəyişikliyi fonunda əməyin mühafizəsi şəraitinin təmin edilməsi qaydaları barədə məlumat verilib.
XQ