AZ

“Heyəti gücləndirib, bu arzunu gerçəkləşdirmək istəyirik”

Serbiyanın Novi Sad şəhərində keçirilmiş U-17 Avropa çempionatında uğurlu çıxış etmiş sərbəst güləş millimiz dünən vətənə qayıdıb.

Rekord.az xəbər verir ki, iki qızıl, iki gümüş və iki bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və milli üzvlərinin yaxınları qarşılayıb.

Əsgərxan Novruzov, böyük məşqçi:

“Bütün güləş azarkeşlərini, güləş ailəsini və federasiyamızı komandamız adından bu qələbə münasibətilə təbrik edirəm. Əslində ötən il də çempion ola bilərdik. Sadəcə, bir görüşdə uğursuzluq çempionluğun əldən getməsiylə nəticələndi. Ancaq 2022-ci ildə yüksək xalla komanda hesabında Avropa çempionu olmuşduq. Həmin uğuru təkrarlamağı çox istəyirdik. 6 medalla komanda hesabında yenidən çempion olduq. Bütün güləşçilərimiz medal qazana bilərdi. Dörd güləşçimiz 3-cü yer uğrunda görüşdə məğlub oldu. Təlim-məşq toplanışlarında da güləşçilərə hər birinin yaxşı formada olduğunu və medal qazanacaqlarını demişdik. Bu il əvvəlki illərdən də yaxşı hazırlıq keçmişdik. Çoxlu təlim-məşq toplanışımız olmuşdu. Ancaq idmanda bəzən olmayanda olmur. Dünya çempionatı üçün heyətdə 3-4 çəkidə dəyişiklik gözlənilir. Avropada 4-cü dəfə çempion olduq. Ancaq heç vaxt komanda hesabında dünya çempionu olmamışıq. Heyəti gücləndirib, bu arzunu gerçəkləşdirmək istəyirik”.

İsa Yusibov (65 kq), Avropa çempionu:

“Ötən il U-15 Avropa ikincisi olmuşdum. Bu il U-17 Avropa çempionatında qızıl medal qazandım. İlk növbədə şəxsi məşqçim Arzu Rəhimova və anama təşəkkürümü bildirirəm. Böyük məşqçimiz Əsgərxan Novruzovun rəhbərliyi altında Xaçmaz Olimpiya İdman Kompleksində bu yarışa çox yaxşı hazırlaşmışdıq. Finalda hesab 1:1 idi. Bu nəticə əleyhimə idi. Son saniyələrdə sevimli fəndimi etdim və alındı. Şükürlər olsun ki, çempion oldum. Növbəti hədəfim dünya çempionluğudur”.

Muhəmməd İsmayılov (51 kq), Avropa çempionu:

“Əziyyətim bəhrəsini verdi. Yüksək səviyyədə hazırlıq keçmişdik. Valideynlərimə, şəxsi məşqçim Allahverdi Vəliyevə və üzərimdə əziyyəti olan bütün məşqçilərə təşəkkürümü bildirirəm. Demək olar ki, bütün görüşləri rahat keçirdim. Nisbətən yarımfinalda çətinlik çəkdim. Dünya çempionatından da yaxşı nəticəylə qayıtmaq istəyirəm”.

Xatırladaq ki, AÇ-də İsa Yusibovla (65 kq) Muhəmməd İsmayılov (51 kq) qızıl, Hüseyn İsmayılov (60 kq) və Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadəylə (48 kq) Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıb.  

Seçilən
65
2
rekord.az

3Mənbələr