BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da möhkəmləndirəcək və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə töhfəsini artıracaq. Eyni zamanda, ölkələri bir araya gətirməklə ətraf mühitin yaxşılaşdırılması, insanların sağlamlığı və təhlükəsizliyi üçün ciddi təhdidlərin aradan qaldırılması istiqamətində qərarların qəbulunu şərtləndirəcək.
Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi həm də ölkəmizin qlobal iqtisadiyyata inteqrasiya siyasətini reallaşdırması, regional infrastrukturu yaratması və genişləndirməsi ilə bağlıdır. Bakı bu gün, eyni zamanda, iri neft-qaz layihələrində iştirak edir və bütün regional enerji təşəbbüslərində əsas oyunçu kimi diqqət çəkir. Respublikamızın iqtisadi potensialı, xammal və faydalı qazıntı ehtiyatları və əlverişli iqtisadi-coğrafi mövqeyi də beynəlxalq aləmlə əməkdaşlığın güclənməsinə şərait yaradır ki, bu da xarici iqtisadi əlaqələrdə struktur və keyfiyyət dəyişikliyindən xəbər verir.
Beynəlxalq münasibətlər üzrə professor, iqtisadçı, Çin üzrə ekspert Cüzeppe Sakko Azərbaycan mediasına müsahibəsində bu barədə deyib: “Azərbaycanın beynəlxalq rolu getdikcə güclənir, mövqeyi əhəmiyyətli şəkildə möhkəmlənir. Xarici iqtisadi əlaqələrinin əsas xüsusiyyəti isə onun beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olması, habelə ölkənin ictimai həyatının bütün sahələrinin bu təşkilatlara inteqrasiyasıdır. Buna, ilk növbədə, Azərbaycanın əlverişli coğrafi mövqeyi, böyük karbohidrogen ehtiyatlarının olması, ölkənin enerji, nəqliyyat və gələcəkdə telekommunikasiya dəhlizlərinin inkişafında fəal iştirakı kömək edir”.
C.Sakkonun sözlərinə görə, bu gün Azərbaycan Avropanın enerji təchizatında, o cümlədən Asiya ilə Avropa arasında ticarətin genişləndirilməsi üçün Orta Dəhliz layihəsinin inkişafında önəmli rol oynayır. Orta Dəhliz layihəsi Çini Avropa ilə birləşdirməyə yönəlmiş böyük bir layihədir. Bu, Çin–Azərbaycan münasibətlərinin iqtisadi və siyasi gələcəyinin müəyyən olunduğu “masadır”.
İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanın Çinlə əməkdaşlığa böyük ehtiyacı var. Bu gün ölkə “Bir kəmər, bir yol” layihəsinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə birləşdirilməsi istiqamətində ciddi iş aparır. Bu dövlətlər arasında alternativ enerji mənbələri sahəsində sıx əməkdaşlıq mövcuddur. Azərbaycanın Çində 5 ticarət evi açması, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin rekord həddə – 3,1 milyard dollara çataraq 43 faiz artım əldə etməsi məhz bunun parlaq ifadəsidir.
Azərbaycan hazırda karbohidrogen istehsalçısı kimi dünya iqtisadiyyatında mühüm yer tutur. Lakin buna baxmayaraq, bu ölkə postkarbon iqtisadiyyatının inkişafında dünyanın digər ölkələri, o cümlədən Çinlə əməkdaşlığa xüsusi diqqət yetirir. Çin şirkətləri Azərbaycanda bərpaolunan enerjinin böyük potensialını reallaşdırmaq üçün irimiqyaslı layihələrdə iştirak etməkdə maraqlıdırlar.
C.Sakko müsahibəsində COP29-un ev sahibi kimi Azərbaycanın strateji planları və təşəbbüslərini də yüksək dəyərləndirib. Ölkəmizin karbonsuzlaşma sahəsindəki fəaliyyətinin əsas istiqaməti olan enerji keçidi sahəsindəki fəaliyyətinin COP29 prezidentliyinin Azərbaycana keçməsindən xeyli əvvəl başladığını vurğulanıb.
Beynəlxalq münasibətlər üzrə professor təmiz hidrogenin COP29 sədrliyinin təşəbbüslərindən biri olacağına, xüsusilə də beynəlxalq sertifikatlaşdırma sxemləri sahəsində atılacaq addımların bu sahənin inkişafına təkan verəcəyinə əminliyini diqqətə çatdırıb. C.Sakko, həmçinin Azərbaycanda bu sahədə beynəlxalq tərəfdaşlarla görülən işlərdən bəhs edib və Xəzər–Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində sadəcə yaşıl elektronların deyil, həm də yaşıl hidrogenin ixrac imkanlarının araşdırıldığını vurğulayıb.
Müsahibəsindən bəzi məqamları diqqətə çatdırdığımız xarici ekspertin sözlərindən aydın gürünür ki, Azərbaycan COP29-a evsahibliyi missiyasını üzərinə götürməklə müsbət ekoloji dəyişikliklə bağlı beynəlxalq aləmə böyük töhfə verməyi, habelə bu istiqamətdə çıxış edən ölkələr üçün model nümunəsi göstərməyi qarşıya mühüm vəzifə kimi qoyub. Başqa sözlə, respublikamız artıq “yaşıl enerji” iqtisadiyyatını əməli fəaliyyəti ilə yeni müstəvidə formalaşdırmaq qərarını qətiləşdirib.
Bəşəriyyətin qlobal iqlim dəyişikiliyi ilə mübarizənin yeni mərhələsinə qədəm qoyduğu indiki şəraitdə COP29-dan gözləntilər çoxdur. Belə ki, “yaşıl dünya” ilə bağlı bir sıra yeni prioritetlərin məhz Azərbaycan paytaxtında müəyyənləşdiriləcəyi gözlənilir ki, bu da qlobal iqlim dəyişikliyinə əhəmiyyətli töhfə sayılacaq. Eyni zamanda, uzun illərdir ki, dünya ölkələri qlobal istiləşmənin, karbon emissiyalarının təsirlərinin azaldılması, uyğunlaşma və iqlimin möhkəmləndirilməsi kimi müxtəlif sahələrin maliyyələşdirilməsi ilə bağlı yekdil rəyə gələ bilmirlər. Belə ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu problemin həlli üçün 100 milyard dollarlıq fond yaradacaqlarını bildirsələr də, məsələnin həlli düyünə düşüb. Ekspertlərin fikrincə, COP29 bu düyünün açılmasına, iştirakçı ölkələrin maliyyə məsələsində razılığa gələ biləcəyinə böyük ümid bəsləyirlər.
Yeri gəlmişkən, dünya mediası da COP29 ərəfəsində Azərbaycanın bu mötəbər tədbirə ciddi hazırlaşdığını, eyni zamanda, ölkəmizin “yaşıl enerji”dən uzunmüddətli faydalar əldə etməyə çalışdığını bildirir. Bolqarıstanın “Standard” milli informasiya qəzetinin saytında yer alan məqalədə bununla bağlı deyilir: “Ötən il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin 29-cu Konfransına evsahibliyi etmək hüququ əldə edən Azərbaycan növbəti onillikdə “yaşıl enerji”yə doğru irəliləməyi qarşısına məqsəd qoyub. Bu ölkə zəngin neft və qaz ehtiyatlarına malik olmasına baxmayaraq “yaşıl enerji”dən də uzunmüddətli faydalar əldə etməyə çalışır”.
Məqalədə, həmçinin vurğulanıb ki, Azərbaycan öz vətəndaşları üçün sağlam həyat şəraitinin, eləcə də regionda və bütövlükdə, dünyada insanlar üçün təhlükəsiz yaşayış mühitinin yaradılmasına yardım etmək istiqamətində “yaşıl enerji” siyasətini prioritetə çevirmək arzusunu ifadə edib.