AZ

Azərbaycanla Macarıstanı oxşar geosiyasi maraqlar birləşdirir

Azərbaycanla

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanın “Report”a müsahibəsini ixtisarla oxuculara təqdim edirik:

- Cənab səfir, ötən dövr ərzində Azərbaycanın hansı bölgələrində olmusunuz? İşğaldan azad edilən hansı ərazilərə səfər etmisiniz?

- Ağdam, Laçın, Füzuli, Şuşa və Zəngilanda, ümumiyyətlə Qarabağın bir neçə bölgəsində, hətta bəzilərində bir neçə dəfə olmuşam, ona görə də şəxsi təcrübələrimi və fikirlərimi bölüşə bilərəm. Orada bir tərəfdən dağıntıları görmək sarsıdıcı və kədərlidir, digər tərəfdən isə bölgənin mədəni, tarixi zənginliyi və təbii gözəlliyi heyrət doğurur. Bununla belə, məni ən çox təsirləndirən Azərbaycanın yenidənqurma ilə bağlı iradəsi, bu işləri irəli aparan intellektual və yaradıcı potensialı və regionun gələcəyinə inamıdır. 44 günlük müharibədən sonra Azərbaycanla Macarıstan arasında münasibətlər hər sahədə dərinləşməyə başlayıb. Bu kontekstdə Macarıstan şirkətlərinin Qarabağda fəaliyyətə başlamasının da şahidi oluruq.

- Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto iştirak etdi. Həmin kənddə tikiləcək məktəb də Macarıstan hökumətinin Azərbaycana hədiyyəsidir. Bilmək istəyirik ki, Macarıstan şirkətləri daha hansı ərazilərdə bərpa-quruculuq işlərində iştirak edəcək?

- Hazırda diqqətimizi Soltanlının yenidən qurulmasına yönəldirik. Bu, mürəkkəb və irimiqyaslı layihədir, azad edilmiş ərazilərdə 6 minə yaxın insanın məskunlaşmasına imkan verəcək yaşayış binaları, həkim məntəqəsi və kommunal xidmətlər üçün məntəqələr tikiləcək.

Bununla belə, Macarıstan şirkətləri Qarabağ regionunda, xüsusilə su və çirkab su təmizləyici qurğuların yenidən qurulması, su təchizatı şəbəkələri və yaşıl enerji layihələri ilə bağlı gələcək layihələrdə iştirak etməyə can atırlar. Macarıstan institutları və şirkətləri hazırda layihə imkanlarının müəyyənləşdirilməsinə diqqət yetirirlər. Artıq bir neçə şirkət Ələt Azad İqtisadi Zonasına və Azərbaycanın digər sənaye parklarına böyük maraqla səfər edib. İnanıram ki, gələcəkdə Macarıstan şirkətləri Qarabağın yeni sənaye parklarına da səfər edəcək və imkanlar axtaracaqlar.

- Peter Siyarto həmin mərasimdə belə bir ifadə işlətmişdi ki, 13 il əvvəl Macarıstanın Baş nazirini Azərbaycana səfər etdiyinə görə qınayan Avropa ölkələrinin liderləri indi Azərbaycanın təbii qaz resurslarından yararlanmaq məqsədilə Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə durublar. Ümumiyyətlə, Aİ-Azərbaycan münasibətlərini perspektivdə necə görürsünüz?

- Müşahidələrimə əsasən, Aİ və Azərbaycan bu illər ərzində, xüsusən də ticarət və enerji əlaqələri sahəsində çox praqmatik, qarşılıqlı fayda verəcək əməkdaşlıq yaradıblar. Son gərginliyə baxmayaraq, inanıram ki, hər iki tərəfin bir-birinə təklif edəcəyi çox şey var. Həmçinin bugünkü çətin zamanda təcrid və bloklar yaratmaq əvəzinə qarşılıqlı hörmət və faydaya əsaslanan əməkdaşlığa, Şərqlə Qərb arasında daha möhkəm münasibətlərə ehtiyacımız var.

Macarıstan iyul ayından Aİ Şurasına dönəm sədrliyi (rotating presidency) edən ölkə olaraq mütləq bu ruhda hərəkət edəcək və Brüssel ilə Bakı arasında daha yaxşı anlaşmanı dəstəkləmək niyyətində olacaq.

Qeyd edək ki, Avropa nöqteyi-nəzərindən Azərbaycanın əhəmiyyəti son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Qonşumuzda müharibə və Rusiyaya tətbiq edilən sanksiyalar səbəbilə Bakı təkcə enerji təchizatı üçün mənbə və tranzit ölkə kimi deyil, həm də Şərqlə Qərb arasında əlaqəni təmin edən bir keçid ərazi kimi strateji əhəmiyyət qazanıb.

- Enerjidən söz düşmüşkən, Peter Siyarto onu da qeyd etmişdi ki, Macarıstan Azərbaycanın “yaşıl enerji” sahəsinə investisiya qoymaq niyyətindədir. Həmçinin əlavə etmişdi ki, Azərbaycanın həm quruda, həm də Xəzər dənizində külək enerjisindən istifadə etmək planı var. Bununla bağlı "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” adlı layihə mövcuddur. Layihənin icrası hansı mərhələdədir?

- Bərpa olunan enerji mənbələrindən daha geniş və daha çox istifadə iqlim dəyişikliyi ilə mübarizədə vacib elementdir. Qafqaz və Xəzər regionu bu baxımdan zəngindir. Nəzərə alın ki, Bakı "küləklər şəhəri" adlandırılır, burada su, günəş və küləklə istehsal olunan elektrik enerjisi demək olar ki, fasiləsiz və qeyri-məhdud miqdarda mövcuddur. Yaşıl Enerji Dəhlizi layihəsi Azərbaycan və Gürcüstanda istehsal olunan "yaşıl enerji"nin Avropanın mərkəzinə, Macarıstana nəqlini nəzərdə tutur. Texniki icra bir çox çətinliklər yaratsa da (məsələn, Qara dənizin dibi ilə 1 QVt enerji daşıya bilən kabel dünyanın ən dərin sualtı elektrik kabeli olacaq), layihənin tezliklə icra mərhələsinə keçə biləcəyinə inanırıq. Hazırda texniki-iqtisadi əsaslandırma hazırlanır və gələcəkdə layihəni idarə etmək üçün dörd iştirakçı ölkə arasında birgə müəssisə yaradıla bilər.

- Hazırda Macarıstana təbii qaz tədarükünün təxminən yarısı Rusiyadan həyata keçirilir. Rusiya ilə əməkdaşlığın vacibliyinə baxmayaraq, Budapeşt enerji təchizatında Moskvadan asılılığını azaltmağa çalışır. Azərbaycanla əməkdaşlığın bu məsələdə rolunu necə qiymətləndirirsiniz?

- Macarıstanın təbii qaz idxalının təqribən 80-85%-i Rusiyadan, digər hissəsi isə "Türk axını" və "Balkan axını" ilə Türkiyədən gəlir. Diversifikasiya Macarıstanın enerji strategiyasının təməl daşıdır, ona görə də biz "Qazprom"u etibarlı müqavilə tərəfdaşı kimi görsək və Rusiya enerji mənbələrinin gələcəkdə enerji mənbəyi olmağa davam edəcəyini gözləsək də, Macarıstan mümkün qədər çox mənbələr tapmağa və qaz alışını şaxələndirməyə çalışır. Azərbaycanın təbii qaz hasilatı potensialı, inşa edilən və genişləndirilməsi gözlənilən Cənub Qaz Dəhlizi Macarıstan üçün qaz mənbəyinə çevrilə bilər.

2023-cü ildə MVM ilə SOCAR arasında əldə edilmiş razılaşmaya əsasən, Macarıstanda 50 milyon kubmetrlik qaz anbarı üçün müqavilədən əlavə Azərbaycandan Macarıstana fiziki qaz axınına başlanılıb. Müqavilə birinci tranşla 100 milyon kubmetr qazın alınmasını nəzərdə tuturdu, lakin bu müqavilə gələcəkdə Azərbaycandan daha böyük həcmdə qazın tədarük edilməsinə imkan yaradıb.

- İkitərəfli əməkdaşlığımızda mühüm hadisələrdən biri də Macarıstanın Baş naziri Viktor Orbanın BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) konfransında iştirak etmək üçün Azərbaycana səfər etməsi idi. Səfər çərçivəsində önəmli görüşlər də baş tutdu. Sizcə, bu səfər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində daha nələr vəd edir?

- Baş nazir Viktor Orban 23 noyabr 2023-cü il tarixində Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Zirvə toplantısında fəxri qonaq qismində iştirak edib. Səfər zamanı Baş nazir Orban Prezident İlham Əliyev tərəfindən qəbul edilib və onların müzakirələri əsasən enerji, iqtisadi əlaqələr və investisiyalar, eləcə də əlaqə mövzuları ətrafında olub, ona görə də inanıram ki, bunlar yaxın illərdə ölkələrimiz arasında əməkdaşlığın inkişaf edəcəyi əsas istiqamətlər olacaqdır. Azərbaycan ilə Macarıstan arasında uğurlu ikitərəfli və çoxtərəfli əməkdaşlığı yüksək qiymətləndirən Prezident İlham Əliyev və Baş nazir Viktor Orban da razılaşdılar ki, ölkələrimizi oxşar geosiyasi maraqlar və baxışlar birləşdirir, bu isə əməkdaşlığımızın əsas istiqamətini mütləq müəyyən edir.

- Prezident İlham Əliyevlə görüşü zamanı Viktor Orban Macarıstanın Türk ailəsinə yaxınlaşmasında və Türk Dövlətləri Təşkilatı (TDT) ilə münasibətlərin inkişaf etdirilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Hazırda TDT-nin Macarıstanda Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Yaxın gələcəkdə Macarıstanın təşkilata üzv olmasını görmək ehtimalı varmı?

- Macarıstan 2018-ci ildə TDT-də müşahidəçi statusuna yiyələnib və 2019-cu ildə Budapeştdə təşkilatın Avropa Nümayəndəliyi açılıb. O vaxtdan biz türk dövlətləri ilə əməkdaşlığımızın, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə dərinləşməsi üçün mühüm platformaya çevrilən TDT-nin tədbirlərində və fəaliyyətlərində fəal iştirak edirik. Bu yaxınlarda Budapeşt ofisinin nəzarəti altında TDT-nin Quraqlığın Qarşısının Alınması İnstitutu yaradılıb və biz yaxın gələcəkdə Türk İnvestisiya Fondunun fəaliyyətinə qoşulmağı səbirsizliklə gözləyirik. Onu da qeyd etmək lazımdır ki, Macarıstan TDT-nin özündən başqa, Bakıda yerləşən digər türk təşkilatları, TÜRKPA və Türk Mədəniyyəti və İrsi Fondu ilə əla və fəal əməkdaşlıq edir. Gördüyünüz kimi, türk dövlətləri ilə əlaqələrimiz institutlaşdırılıb və istifadə edə biləcəyimiz yaxşı işləyən əlaqələr şəbəkəsi var. TDT-də müşahidəçi statusumuz əməkdaşlıq üçün geniş imkanlar yaradır və biz aktual məsələlərə birgə cavab axtara bilirik. TDT-yə tamhüquqlu üzv kimi qoşulmağa gəldikdə hesab edirəm ki, əməkdaşlığın substantiv məsələləri institusional çərçivənin özündən daha vacibdir.

- Bir müddət əvvəl Viktor Orban Avropa İttifaqı Şurasının Ukrayna ilə üzvlük danışıqlarına başlamaq qərarını yanlış adlandırmışdı. Lakin daha sonra bunu “gözəl siyasi jest” kimi qiymətləndirdi. Ukraynanın Aİ-yə üzvlüyü necə mümkün olacaq?

- Əslində, bu yaxınlarda Baş nazir Viktor Orbanın dediyi kimi, Aİ-nin Ukrayna ilə üzvlük danışıqlarına başlamaq qərarı “gözəl siyasi jest” idi, lakin Kiyev yaxın vaxtda bloka qoşulmağa tam hazır olmadığına görə, bunun Ukraynaya heç bir faydası yoxdur. Ən əsası odur ki, ölkədə sülh əldə olunmayana qədər Ukrayna Aİ-yə üzvlük hüququ qazana bilməz, çünki heç kim cəmiyyətimizə müharibənin gətirilməsini istəmir.

Həmçinin Avropa Komissiyasının özü də bəyan edib ki, Ukrayna üzvlüklə bağlı danışıqlara başlamaq üçün müəyyən edilmiş ilkin şərtləri yerinə yetirmir. Digər məsələlərlə yanaşı, bu, açıq şəkildə Avropa İttifaqının milli icmaların və azlıqların hüquqları ilə bağlı ən əsas qaydalarını pozur və oradakı macar azlığına da zərər verir. Bundan başqa, Ukraynada müharibə davam etdiyinə görə, nə media azadlığına, nə ifadə azadlığına əməl olunur, seçkilər də keçirilmir. Belə bir vəziyyətdə Avropa İttifaqının təsisatlarının Ukraynada qanunun aliliyinin vəziyyəti və ya digər üzvlük meyarları ilə bağlı mövqe tutması absurd olardı. Bu səbəbdən Macarıstan Aİ-nin Ukrayna ilə bağlı siyasəti barədə Avropa İttifaqında strateji müzakirələrin aparılmasını vaxtı çatdığını düşünür və tamamilə zəruri hesab edir. Belə bir müzakirə gələcək qərarlarımız üçün ümumi baza tapmağa kömək edə bilər.

Seçilən
71
1
xalqcebhesi.az

2Mənbələr