AZ

"Neftçi"nin futbolçusu "Sumqayıt"ı macarlar üçün incələdi

"Neftçi"nin futbolçusu Mark Tamaş Konfrans Liqasında "Sumqayıt"la qarşılaşacaq Macarıstan təmsilçisi "Fehervar"ın saytına müsahibə verib. Sport24.az verir ki, macarıstanlı oyunçu Bakı təmsilçisindəki ilk mövsümündən, Azərbaycan çempionatı və "kimyaçılar" barədə sualları cavablandırıb. 
 
– Sekesfehervarda doğulan və Vididə böyüyən biri necə oldu Bakıya yollandız, "Neftçi" ilə müqavilə bağladız?
– Düzdür, mən Vididə, Puşkaş Akademiyasında və  DVTK-da oynadıqdan sonra legioner həyatım  başladı. Əvvəlcə Polşaya köçdüm, sonra Sekelidən Sepsiyə gəldim və indi Bakıdayam. Ötən il Adrian Mutu "Neftçi"nin baş məşqçisi oldu. O, məni yerli çempionatdan tanıyırdı. Onun istəyi ilə "Neftçi" məni transfer etdi. Bura gəlməzdən əvvəl Azərbaycan çempionatı haqqında çox şey bilmirdim, amma "Qarabağ"ı yaxşı tanıyırdım. "Neftçi" "Qarabağ"dan sonra ikinci böyük klubdur.
 
– Azərbaycanda ilk mövsümünüz necə keçdi?
– Son mövsümü 5-ci pillədə başa vurduq və avrokuboklardan kənar qaldıq. Bütün mövsüm xaotik idi. Ümid edirəm ki, yeni mövsüm daha yaxşı olar. Mənim üçün ən çətini isti iqlimə öyrəşmək idi. Əvvəl nəfəsim kəsilirdi, nəmliklə də mübarizə aparmalı oldum. Ancaq sonra düzəldi. Macarıstan çempionatı ilə Azərbaycan çempionatı bir-birinə bənzəyir. Mövsüm ərzində bir komanda ilə dörd dəfə oynayırsınız.  "Qarabağ" "Ferentsvaroş" kimi uzun müddət çempion olub. Ondan başqa fəxri kürsüdə yer almaq istəyən daha dörd yaxşı komanda var. İkinci və beşinci yerlər arasında fərq cəmi iki xal idi. Digər komandalar cədvəlin ikinci yarısında yer alırlar. Legioner limiti də var. Hər görüşdə azı 4 yerli futbolçu meydana çıxmalıdır.
 
– "Fehervar"ın rəqibi "Sumqayıt" haqda nələri bilməliyik?
– Ən vacibi odur ki, "Sumqayıt" ilk oyunu yeni stadionunda keçirəcək. Orda oynamışıq. "Sumqayıt" əks-hücumlara önəm verən komandadır. Son həftələrdə hücumçularından birini satdılar və onu kimin əvəzləyəcəyi məlum deyil. Yarımmüdafiədə sürətlidirlər. Bunun qarşısını alsan, qalib gələ bilərsən. "Fehervar" üçün çətin olacaq. İlk növbədə də hava şəraiti. İstinin öhdəsindən gəlmək asan olmayacaq.
 
– Şansları necə dəyərləndirirsiniz?
– Düşünürəm ki, irəliləyə bilərsiniz. "Sumqayıt"ın iqlimə görə üstünlüyü var. Lakin öz meydanınızda ciddi nəticə əldə edə, aradakı keyfiyyət fərqini ortaya qoya bilərsiniz.

Seçilən
34
3
sport24.az

5Mənbələr