AZ

Ermənistan yenidən Rusiyanın orbitinə qayıtdı...

Image

Bəzi Qərb ölkələrində, xüsusən də ABŞ və Fransada seçkiər prosesi Ermənistanın Qərbə olan ümidlərini alt-üst edib. Bundan başqa, Rusiyanın konkret hədələr səsləndirməsi də İrəvanın geosiyasi seçiminə ciddi təsir edir. Elə bunlar fonunda Nikol Paşinyan iqtidarının yenidən sürətlə Rusiya orbitinə qayıtdığı müşahidə olunur.

Baş verənlər fonunda Ermənistanın “Qraparak” nəşri yazır: “Geosiyasi proseslər, xüsusən də ABŞ və Fransanın hakim rejimlərinin mümkün dəyişməsi, bununla yanaşı, Ukraynada mümkün fiasko və Rusiyanın mövqelərinin bərpası bir vaxtlar rusofob olan Nikol Paşinyanı növbəti dəfə Vladimir Putinin qucağına sıxışdırıb. Hazırda Paşinyan üçün Rusiyaya üz tutmağın zamanı yetişib. Ola bilsin, Paşinyan hesablayıb ki, Rusiya Ukrayna cəbhəsində qalib gələndən sonra bölgəyə qayıdacaq və buradakı problemləri həll edəcək. Onu himayə edən fövqəldövlətlərin liderləri hakimiyyətlə vidalaşdıqları üçün Qərbdən Rusiyaya üz tutmağın doğru zamanıdır. Paşinyanın artıq Avropa İttifaqına üzvlük məsələsinin referenduma çıxarılmayacağını bəyan etməklə çoxlarına barmağını göstərməsi də bu səbəbdən idi. Və o, vəzifəsinin müddətinin bitməsinə bir neçə ay qalmış Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı Ukrayna silahlı qüvvələri tərəfindən raket hücumu nəticəsində yaşayış binalarından birinin dağıdıldığı Rusiyanın Belqorod şəhərinə göndərməyə tələsdi. Baxmayaraq ki, hadisə mayın 12-də baş verib. Mənbələrimiz qorxur ki, yaxın gələcəkdə erməni xalqı müxtəlif çaplı erməni məmurlarının yeni “rus çəkmələrini yalamaları” epizodlarının şahidi olacaq". Erməni ekspert Suren Parsyan isə qeyd edir ki, Rusiyanın iqtisadi müstəvidə hədələri də İrəvanı Moskva əleyhinə siyasətdən geri çəkilməyə vadar edib: “İndi iki ölkənin müxtəlif rəsmiləri tərəfindən hansı qarşılıqlı ittihamlar səsləndirilməsindən asılı olmayaraq, Ermənistanla Rusiya arasında iqtisadi əlaqələr dərinləşir. Bu ilin ilk 4 ayında Ermənistanın xarici ticarətinin 60 faizi Rusiya ilə olub – 2023-cü ildə bu rəqəm cəmi 35-40 faiz təşkil edib. Məsələn, Qərbin sanksiyaları fonunda Ermənistan Rusiyaya müxtəlif avadanlıq və mexanizmlərin alınması və onların Rusiya Federasiyasına çatdırılması probleminin həllində kömək edir. Bunun da sayəsində Ermənistandan avadanlıqların reeksportu ilə məşğul olan şirkət bu ilin birinci rübündə 1000 iri vergi ödəyicisi siyahısına başçılıq edib. Bundan əlavə, son 5 ay ərzində Rusiya Ermənistan vasitəsilə təxminən 4,5 milyard dollar dəyərində qızıl sata bilib”. Parsyan Ermənistanın hazırda açıq-aşkar rusiyayönlü siyasət yürütməməsini normal hesab edir, əks halda Qərbin respublikaya qarşı sanksiyaları gələrdi: “Nəticədə biz Rusiya ilə ixrac, idxal və transfer imkanlarını itirərdik. Ermənistan hökuməti qərbyönümlü siyasət nümayiş etdirir, amma praktikada Rusiya ilə sıx maliyyə-iqtisadi əlaqələri var”. Parsyan Ermənistan hakimiyyətinin qərbyönümlü bəyanatlarına cavab olaraq enerji daşıyıcılarının qiymətinin artması və ixracla bağlı problemlər barədə Rusiyadan xəbərdarlıqların səslənməsini təbii hesab edir: “Unutmayaq ki, Ermənistan enerji resurslarının 80%-ni Rusiyadan idxal edir. Ermənistanın şimalında fəlakət baş verəndə Rusiyanın Cənubi Qafqaz Dəmir Yolu çox qısa müddətdə, təxminən iki həftə ərzində dəmir yolunun fəaliyyətini bərpa etdi – halbuki bu, 2-3 ay çəkməliydi. Ermənistana enerji resurslarının idxalı eyni sürətlə davam etdi, Cənubi Qafqaz Dəmir Yolu bunu gecikdirə bilərdi, amma etmədi. Eyni şey müxtəlif səbəblərdən vaxtaşırı bağlanan Yuxarı Lars keçid məntəqəsinə də aiddir”.

Maraqlıdır ki, son günlərdə Rusiyanın da ritorikasında dəyişikliklər qeydə alınır. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirir ki, Ermənistan Kremlin müttəfiqidir: “Bizim mövqeyimiz budur ki, Ermənistan Rusiyanın müttəfiqidir. Bizim çox mühüm iqtisadi əlaqələrimiz var. Ermənistanla ticarət dövriyyəsi 7,3 milyard dollar təşkil edir. Üstəlik, statistikaya nəzər salsanız, yanvar-aprel aylarında ötən illə müqayisədə ticarət dövriyyəsi iki dəfə artıb. Sürət çox yaxşıdır, iqtisadi əlaqələr çox yaxşı inkişaf edir”. Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqı formatında çox fəaldır: “Bu il Ermənistan Avrasiya İqtisadi İttifaqına sədrlik edir və onun töhfəsi çox konstruktivdir”. Halbuki, cəmi bir həftə əvvəl Moskvada keçirilən forumda çıxışı zamanı Overçuk tamam fərqli fikirlər səsləndirirdi. O, həmin forumdakı çıxışı zamanı Ermənistan hakimiyyətinin qərbyönlü siyasi xəttinə göz yummağı düzgün hesab etmədiyini bildirirdi: “Ermənistanın eyni zamanda Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqına üzvlüyü mümkün deyil. Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı bir-biri ilə uyuşmayan ittifaqlardır. Hər hansı bir ölkənin Rusiyaya yaxınlıqdan faydalanması həm də onun bizim təhlükəsizliyimiz və strateji dərinliyimiz üçün ödədiyi bədəldir. Odur ki, ortaya hər hansı qeyri-regional oyunçuların çıxmasının, əlbəttə ki, nəticələri olacaq”.  Overçuk vurğulayıb ki, Moskva bu məsələdə kiməsə “hədiyyə” etmək niyyətində deyil. Ermənistan artıq bunlardan nəticə çıxarıb və Avropa İttifaqına yaxınlaşmaqdan imtina edir. Buna qədər isə Ermənistan hökuməti ölkənin Avropa İttifaqına üzvlüyü məsələsini yenidən gündəmə gətirmişdi. Ermənistanın hökumətyönlü hüquqşünaslarından Arman Yeqoyan demişdi ki, baş nazir Nikol Paşinyan və onun siyasi komandası Aİ-yə üzvlük məsələsini ciddi şəkildə nəzərdən keçirir. Yeqoyan parlamentdə Paşinyanı dəstəkləyən qərbyönlü qüvvələrin təşəbbüsü ilə keçirilən dinləməyə sədrlik edib. Onlar hökuməti yaxın üç ay ərzində Aİ üzvlüyünə dair referendumun keçirilməsinə çağırıblar. Amma indi Paşinyan referendumun olmayacağını bildirir və bununla Qərbə inteqrasiya istiqamətində vacib məsələlərin birindən imtina edir. Rusiyanın Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirir ki, Paşinyan Rusiya və Qərblə münasibətlərdə Mixail Saakaşvilinin səhvlərindən nəticə çıxarır. Onun fikrincə, Paşinyan Rusiyadan tamamilə üz döndərməzdən əvvəl Qərb tərəfdaşlarından təhlükəsizlik zəmanəti almaq istəyir. Amma hələ də buna nail ola bilməyib: “Ümumiyyətlə, Ermənistan Qərbi aldatmağa və Moskva ilə güclü qarşıdurmaya getməməyə hazırdır, o bu qarşıdurmanı alqı-satqıya çevirmək istəyir, lakin buna nail olmayacaq”. Markov Ermənistanı xarici qüvvələrin Cənubi Qafqaza nüfuz etməsinə kömək edən və regionun çiçəklənməsinə təhlükə yaradan “Troya atı”na bənzədir. Digər ekspertlər də hesab edir ki, “alternativ təhlükəsizlik yastığı” olmadan Paşinyan yeni müttəfiqlərinin tələblərini yerinə yetirə bilməyəcək. 

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
50
baki-xeber.com

10Mənbələr