AZ

Strateji Tərəfdaşlıq Bəyannaməsinin iqtisadi hədəfləri

Çin-Azərbaycan böyük bir iqtisadi coğrafiyada yeni əməkdaşlıq cığırları açır

Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də Astanada qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” son illərdə ən yaxın müttəfiqlik blokunda yer alan Azərbaycan-Çin münasibətlərinin iqtisadi vizyonunu da tamamilə yeni çağırışlara əsaslandıracaq. Bəyannamədə iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanların daha da səfərbər edilməsi, əlavə güc mənbələrinin hərəkətə gətirilməsi sayəsində ticari balansın yüksəldilməsi, beynəlxalq iqtisadi münasibətlər sistemində qarşılıqlı fəaliyyətin gücləndirilməsi və əlaqələndirilməsi, iki ölkənin ümumi iqtisadi mənafe və maraqlarının təşviqi kimi fundamental prinsiplər öz əksini tapıb.

Birgə Bəyannamənin əsas bəndlərindən biri iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafını daha yüksək səviyyəyə qaldırmaq, bu məqsədlə Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının əlaqələndirici rolunu artırmaqdır. Qeyd edək ki, dünya iqtisadiyyatında iqtisadi liderlərdən biri olan Çin Azərbaycanın ilk 5-likdə dayanan əsas ticarət partnyorlarından biridir və hazırda ticarət həcmlərinin mübadiləsinə görə, 4-cü yerdə qərarlaşır. Azərbaycanın idxal balansında isə 3-cü yeri tutur. Xüsusilə də iqtisadi əlaqələrin dinamikası 2010-cu ildən sonra davamlı olaraq hər il yüksələn trayektoriya ilə müşayiət olunub. 2015-ci ildə isə qarşılıqlı mal dövriyyəsinin həcmi 500 milyon dolları idisə, cəmi 2 il sonra (2017-ci ildə) 1 milyard dolları ötdü. 2019-cu ildə isə əmtəə dövriyyəsi 2 milyard dolları keçməklə iqtisadi hərarəti daha da artırdı. 2023-cü ildə isə ölkələr arasında ticari dövriyyə 3,1 milyard dollar təşkil etməklə rekord həddə çatıb. Ümumilikdə, iki ölkə arasında son 9 ildə mal mübadiləsi 6 dəfə yüksəlib.

İdxal və ixracın müasir ideyası - “Ticarət evləri”...

Bəyannamədə qeyd edildiyi kimi tərəflər ikitərəfli ticarətin həcmini daha da artırmağa, əmtəələrin strukturunu optimallaşdırmağa və malların bazarlara çıxışını asanlaşdırmağa hazır olduqlarını bildirir. Bu məqsədlə ticari təşviqlərin daha da optimallaşması əsas meyarlardan biri olacaq, idxal və ixrac mallarının sərgisi, ticarət yarmarkalarının təşkili əmtəə mübadiləsinin təşviqində fəal alətlərdən biri olacaq. Qeyd edək ki, hazırda ticarət siyasətinin ən uğurlu moderllərindən biri kimi Azərbaycana məxsus “Ticarət evləri”nin Çin şəhərlərində yaradılması ənənəyə çevrilib. İndiyə qədər Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində Azərbaycanın “Ticarət evləri”, açılıb, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 Şərab evinin fəaliyyəti təmin edilib. Bu model Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişləndirilməsi və Azərbaycan məhsullarının Çin bazarlarına çıxarılması, ixracın və istehsalın stimullaşdırılması, həmçinin iki ölkənin iş adamları arasında əlaqələrin inkişafında ən stimulverici rol oynayır. Çin və Azərbaycan arasında iqtisadi əlaqələrin ən məhsuldar platformasına çevrilmiş “Ticarət evləri” vahid ixrac ideyasına - “Made in Azerbaijan” brendinin dünya bazarlarında daha geniş formatda tanıdılmasını təmin etməyə xidmət edir. Öz növbəsində, Çinin aparıcı şirkətləri beynəlxalq sərgilərdə, xüsusilə də Azərbaycan ərazisində keçirilən digər iri sərgi və forumlarda iştirak edərək ticari motivasiyalara əlavə impulslar verir.

Çin və Azərbaycan iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya və s. sahələrdə münasibətlərin hərarətini durmadan artırır. İki ölkə arasında qarşılıqlı iqtisadi anlaşmaların artması davamlı şəkildə investisiyaları da təşviq edir, Çin potensial investorlardan biri kimi indiyə qədər Azərbaycana 1,5 milyard dollara qədər sərmayə yatırıılıb. Öz növbəsində, Azərbaycan bu Asiya-Sakit region ölkəsinə çoxhəcmli investisiya qoyuluşlarında xüsusi paya malikdir, investisiyaların həcmi 1,7 milyard dolları ötməkdədir. Birgə Bəyannamədə qarşılıqlı sərmayələrin həcmlərinin daha da artırılması nəzərdə tutulduğundan qarşıdakı dövrdə tərəflər öz biznes icmalarını maliyyə axınları üçün səfərbər edəcəklər.

Sənaye texnoparklarında Çin möcüzəsi...

Bəyannamədə ortaya qoyulan niyyət kimi Azərbaycan və Çin sənayeləşmə və investisiya sahəsində əməkdaşlığı artırmaq üçün yeni mexanizmlərdən tam istifadə edəcək. Çin şirkətləri ölkəmizin neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində təmsil olunur və hazırda onların sayı 120-yə yaxındır. Bu isə qeyd edilən yeni sənaye hədəflərinə çatmaq üçün potensial güclərin birləşdirilməsi sayəsində mümkünləşəcək. Həmin prioritetlərə nail olmaq üçün Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində investisiya əməkdaşlığı üzrə işçi qrupunun yaradılması dəstəkləyici rol oynayacaq. Azərbaycan müasir sənaye modellərinin, xüsusilə də Sənaye Texnologiyaları Parklarının və azad iqtisadi zonaların yaradılmasında ən əlverişli iqtisadi iqlim formalaşdırıb, müxtəlif iqtisadi stimullar və vergi-gömrük güzəştləri təmin edib. Bu səmərəli iqtisadi siyasət sayəsində Çin şirkətləri qeyri-rezident kimi texnoparklarda təmsil olunmağa maraq göstərir, eləcə də Ələt Azad İqtisadi Zonasında Çin şirkətləri yaxından təmsil olunur. Bəyannamə bu istiqamətdə daha da təşviqedici baza sənədi olmaqla Çin şirkətlərinin Azərbaycandakı iqtisadi zonalara və sənaye parklarına investisiya qoyuluşlarını artıracaq.

Birgə Bəyannamədə yer alan ən mühüm hədəflərdən biri də iki ölkənin inkişaf strategiyalarının birləşdirilməsini gücləndirəcək “Bir kəmər, bir yol” çərçivəsində praktiki əməkdaşlığın dərinləşdirilməsi, beynəlxalq multimodal daşımaların inkişafına dair Sazişin imzalanması prosesinin sürətləndirilməsidir. Bu məqsədlə tərəflər öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək, milli qanunvericilik və ikitərəfli sazişlər çərçivəsində tranzit daşımalar üçün əlverişli şərait yaradacaqlar.

Orta Dəhlizin ortaq ailəsi...

Azərbaycan Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşir və bu strateji mövqe ölkəmiz üçün çoxlu imkanlar yaradır. Azərbaycan Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub.  Çin tarixi ipək dəhlizinin yeni platformasının yaradılmasına başlayanda bir çox ölkə bölgədəki mürəkkəb geosiyasi vəziyyətləri nəzərə alaraq bu marşruta qoşulmaqda tərəddüdlər edirdi. Azərbaycan hökuməti isə ilk gündən öz iradəsini nümayiş etdirərək Asiyadan Avropaya uzanan bu nəqliyyat kəmərinin əsas həlqələrindən biri olmağı qətiləşdirdi. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun imzalanmasından sonra bu marşrutda ölkəmizin strateji yeri müəyyənləşdi.

Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb və Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizləri ailəsinin fəal üzvü olan Azərbaycan “Bir kəmər, Bir yol” layihəsinə qoşulduqdan sonra öz nəqliyyat infrastrukturunu tam yeniləşdirib. Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin yaradılması da “Bir kəmər, bir yol” təşəbbüsünə xidmət edir.

Hazırda Azərbaycan “Bir kəmər, Bir yol” layihəsinin inkişaf hədəflərinə uyğun olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücünü 25-30 milyon tona qədər artırmaq istiqamətində aramsız addımlar atmaqdadır. Azərbaycanın Yeni İpək Yolunun ən strateji xətti olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) inteqrasiyanın dərinləşdirilməsi ilə bağlı iradəli addımları və təşəbbüskarlığı Pekinin də strateji maraqları ilə üst-üstə düşdüyündən bölgədəki kommunikasiyaların birləşməsinə xüsusi dəstək verir. Birgə Bəyannamədə də qeyd olunduğu kimi “Orta Dəhliz” tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əks istiqamətdə Cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazırdır.

Orta Dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana, oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Orta Dəhlizin ən işlək və rentabelli seqmenti kimi Zəngəzur qovşağı xüsusi əhəmiyyət daşıyır. Bu dəhliz Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Orta Dəhlizin ən strateji xətlərindən biri kimi Zəngəzur dəhlizinin yaradılması həm də Naxçıvan ilə quru əlaqələrin bərpası və Naxçıvanın Xəzər- Aralıq dənizini birləşdirən körpüyə çevrilməsinə səbəb olacaq.

“Yaşıl enerji”nin yaxın müttəfiqləri...

Birgə Bəyannamədə Çin və Azərbaycan arasında “yaşıl enerji”, elektrik enerjisi, yüksək texnologiyalar və innovasiyalar sahəsində sərmayə əməkdaşlığının inkişafı da nəzərdə tutulub və tərəflər əlverişli şərtlər və lazımi şərait yaratmağa, birgə layihələrin və müəssisələrin qurulmasına hazır olduqlarını bildirir.

Çin Azərbaycanda “yaşıl enerji” layihələrinə xüsusi önəm verir və bu sahəyə sərmayə qoymaq planlarını nəzərdən keçirir. 2023-cü il iyunun 1-də Energetika Nazirliyi ilə Çinin “China Gezhouba Group Overseas Investment” şirkəti arasında Azərbaycanda 2 qiqavat gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə dair imzalanmış Anlaşma Memorandumu bu sahədə əməkdaşlığın təməl nöqtəsidir. Hazırda 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında Çinin “Dongfang” şirkətinin iştirakı da təmin olunmaqdadır. “China Energy Engineering Group Co.Ltd” şirkətinin sədri bir müddət əvvəl Bakıda olarkən bəyan edib ki, “yaşıl enerji” interkonnektorlarının yaradılması və “yaşıl enerji”nin ixracına, eləcə də “yaşıl hidrogen” istehsalı-nəqli, saxlanc sistemlərinə sərmayə qoymaqda maraqlıyıq.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan və Çin arasında bərpaolunan enerji üzrə çoxistiqamətli əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi də buna yaxşı fürsətlər yaradır. Çin şirkətləri ilə birgə fəaliyyətə dair müzakirələr zamanı əldə olunmuş razılaşmalar da bu ölkənin Azərbaycanın “yaşıl enerji” sahəsində yaxından təmsil olunma imkanlarına işarədir.

Çin şirkətləri azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə də Azərbaycanın əsas tərəfdaşlarından biri olacaq. Bu ərazilər Yaşıl Enerji Zonası elan edilib və enerji tələbatı modelləri hazırlanıb. Həmin strateji yanaşmaya əsasən, Yaşıl Enerji Zonasında enerji istehsalı üçün bir neçə mənbə müəyyən edilib və bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, elektrik nəqliyyat vasitələrindən istifadə, günəş panellərinin qurulması, həmçinin “ağıllı” enerji texnologiyalarının tətbiqi və idarə olunması sahəsində Çin şirkətləri də əsas sırada yer almaq niyyətindədir. Birgə Bəyannamə isə bu istiqamətdə investisiya planlarının həyata keçirilməsində açar sazişi rolunu oynayacaq.

Şanxay Əməkdaşlıq Təşkilatı iqtisadi diversifikasiyanın müasir modeli 

Birgə Bəyannamə Azərbaycanın qlobal alyansda və təşkilatlarda layiqli ölkə kimi nüfuz və təşəbbüskarlığı fonunda yeni iqtisadi-siyasi iştirakçılığına da əlavə imkanlar yaradır. Söhbət ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) yer almaq ehtimallarından gedir. Rəsmi Pekin Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayaraq bu təşkilatda ölkəmizin hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Eyni zamanda, Azərbaycanın BRICS-ə daxil olmaq arzusu da Çin tərəfindən maraqla qarşılanır və Pekin bu platformada da ölkəmizlə əməkdaşlığın inkişafına böyük ümidlərlə yanaşır.

Nəzərə alsaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı dinamik inkişaf edən və böyük iqtisadi potensialı olan dövlətlərin də iştirak etdiyi regional beynəlxalq qurum kimi son illər siyasi mövqeyini artırır, onda  Azərbaycanın və qardaş Türkiyənin bu təşkilatda dialoq tərəfdaşı kimi iştirakı mühüm əhəmiyyət daşıyır.

Azərbaycan bütün iqtisadi və siyasi qurumlarda əməkdaşlıq və həmrəylik, bərabər iştirakçılıq prinsiplərinə sadiqliyini nümayiş etdirir və ŞƏT-ə ümumi əməkdaşlıq platforması kimi baxır. Bu qurumdakı üzv dövlətlərlə uğurlu ikitərəfli münasibətləri inkişaf etdirməsi isə faktiki olaraq ŞƏT-də fəal tərəfdaş kimi rolunu  artırır. Onu da nəzərə alsaq ki, ŞƏT ölkələrinin hər biri Orta Dəhliz və “Bir kəmər, bir yol” təşəbbüsü alyansında birləşib və Azərbaycan da bu qlobal tranzit arteriyasının üzvüdür, bu baxımdan ölkəmizi adıçəkilən təşkilatın iqtisadi ailəsinin üzvü hesab etmək olar.

ELBRUS CƏFƏRLİ

Seçilən
130
50
yeniazerbaycan.com

10Mənbələr