AZ

Qarabağ Bəyannaməsi Türk dünyasını  yeni hədəflərə yönləndirir

Azərbaycan Respublikasının təşəbbüsü ilə 2024-cü il iyulun 6-da Şuşada keçirilən  Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşündə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün iqtisadi, nəqliyyat və digər  sahələrdə türk dövlətlərinin tam potensialından istifadə edilməsinin vacibliyi bir daha vurğulanıb.  

Zirvə görüşündə ticarət həcmlərini artırmaqla, limanlara, dəmir və  avtomobil yollarına, həmçinin logistika qovşaqlarına infrastruktur investisiyalarını cəlb etməklə dayanıqlı inkişaf, iqtisadi rifah və beynəlxalq ticarət üçün təməl daşı kimi Avropa–Türkiyə–Cənubi Qafqaz–Mərkəzi Asiya–Çini birləşdirən Trans–Xəzər Beynəlxalq Dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni, eyni zamanda,  inteqrasiyanı gücləndirmək, nəqliyyat əməliyyatlarını, gömrük prosedurlarını optimallaşdırmaq, bütün bunlarla yanaşı, rəqəmsallaşmanı əhatə etmək üçün üzv dövlətlər arasında sıx əməkdaşlığa çağırışlar səsləndirilib.  

Bu məqsədlə  toplantıda nəqliyyata məsul olan nazirlərə nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, daha çox yükdaşıma həcminin artırılması üçün özəl sektor üçün stimullaşdırıcı mexanizmlərin təqdim edilməsi, habelə dəhliz boyu müntəzəm nəqliyyat xidmətlərinin yaradılması istiqamətində gələcək addımların atılması tapşırılıb.  

Zirvə görüşündə, eyni zamanda, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsini, bu yolboyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli səyləri yüksək qiymətləndirilib. Bundan başqa Qırğız Respublikasının Nazirlər Kabineti, Çin Xalq Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında 2024-cü il iyunun 6-da imzalanan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin təşviqi istiqamətində birgə əməkdaşlıq üzrə tarixi saziş bütün TDT regionunda beynəlxalq ticarətin, investisiya və tranzit potensialının artırılması baxımından dəyərləndirilib.  

Toplantıda diqqətçəkən bir məqamı da qeyd etmək istərdik. Belə ki, bu gün Azərbaycan COP29-a  ciddi hazırlaşır. Bu cür nüfuzlu tədbir ərəfəsində rəsmi Bakı  iqlim dəyişikliyi və onun türk dövlətlərinin dayanıqlı inkişafına təsirinə birgə iqlim fəaliyyəti yolu ilə cavab verilməsində daha sıx əməkdaşlığın zəruriliyini diqqətə çatdırır. Ölkəmiz günəş, külək və su elektrik enerjisi kimi təmiz enerji mənbələrinin inteqrasiyasına önəm verməklə  dayanıqlı inkişafın təşviqinə və rəqəmsal infrastruktur, ictimai xidmətlər yolu ilə həyat keyfiyyətinin yaxşılaşdırılmasına başlıca vəzifə kimi yanaşır, eyni zamanda, iqtisadi artımı gücləndirmək, iqlim fəaliyyətini dəstəkləmək məqsədilə türk dövlətləri çərçivəsində “ağıllı şəhər və kəndlər” konsepsiyasının gerçəkləşdirilməsini diqqətdə saxlayır. 

Bütün bunlar iyulun 6-da Şuşada imzalanan “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”ndə də aydın ifadə edilib. Sənəddə, eyni zamanda,  türk dövlətlərində bərpaolunan zəngin enerji potensialı, elektrik enerjisinin ixracı və ticarəti üçün hazırda reallaşdırılan layihələrin önəmi diqqətə çatdırılıb. Türk Dövlətləri Təşkilatı ölkələrinin mövcud imkanlarından və infrastrukturundan istifadə etməklə Avropa ilə Asiya arasında yeni telekommunikasiya magistral marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsinin fəal yerinə yetirilməsi isə yüksək dəyərləndirilib.  

Xatırladaq ki, “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”ndə vurğulandığı kimi, bu gün rəqəmsal hökumət (e-hökumət) infrastrukturlarının daha da inkişaf etdirilməsi üzrə türk dövlətləri arasında əməkdaşlıq gücləndirilir, elektron sənəd mübadiləsi üçün “e-imza/rəqəmsal imza” mexanizmlərinin uyğunlaşdırılması və onlayn dövlət xidmətlərinin inteqrasiyası diqqətdə saxlanılır, kiberinsidentlərə və kiberhücumlara qarşı ümumi kibertəhlükəsizliyin qorunması tədbirlərininin keçirilməsinə xüsusi önəm verilir, süni intellekt üzrə siyasətlərin, təlimatların və tərəfdaşlıqların qurulması prioritetlər 
istiqamətlər sırasında yer alır. 

Nəhayət, Qarabağ Bəyannaməsində diqqət milli kosmik proqramların potensialının və rəqabət qabiliyyətinin artırılması məqsədilə kosmik layihələrin birgə inkişafı üçün səylərin birləşdirilməsinə, texnoloji inkişaf səviyyəsinin artırılması üçün kosmik texnologiyalar sahəsində kompleks inkişafın zəruriliyinə yönəldilir.

Ekspert rəyi

Vüsalə CƏFƏROVA, 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri  

Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü və bu tədbir çərçivəsində imzalanan Qarabağ Bəyannaməsi Türk dünyasının iqtisadi əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımdır.

Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümündə bu qədim mədəniyyət paytaxtımızda keçirilən zirvə toplantısında liderlərin verdiyi bəyanatlar və qəbul edilən qərarlar “Türk dünyasına baxış-2040”  çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşdirilməsini hədəfləyir. 

Qarabağ Bəyannaməsi türk dövlətləri arasında ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm prinsipləri özündə ehtiva edir. Bəyannamə çərçivəsində həyata keçiriləcək tədbirlər ölkələr arasında ticarət maneələrinin azaldılması, nəqliyyat və logistika infrastrukturunun təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində vacib addımların atılmasını nəzərdə tutur. Türk İnvestisiya Fondunun (TİF) yaradılması isə bu istiqamətdə atılan ən mühüm addımlardan biridir və fondun fəaliyyəti sayəsində regional ticarət və iqtisadi əməkdaşlıq yeni səviyyəyə qalxacaq. 

Qeyd edim ki, 500 milyon dollar nizamnamə kapitalına malik TIF işlək mexanizmlərinin hazırlanmasının Qarabağ Bəyannaməsində yer alması məhz investisiya imkanlarını genişləndirmək və iqtisadi inteqrasiyanı gücləndirmək məqsədi daşıyır. Ümumi əhalisi 170 milyondan çox olan və 1,2  trilyon dollar həcmində ümumi ticarət həcminə və 1,5 trilyon dollar ümumi daxili məhsula (ÜDM), 558 milyard dollar  həcmində ixraca malik TDT üzv dövlətlərinin öz aralarnda ixracı cəmi 33 milyard dollar (2022-ci il) təşkil edir. Bu, onu deməyə əsas verir ki, üzv dövlətlər arası ticarət, investisiya və iqtisadi əlaqələrin artırılmasını hədəfləyən qərarların Qarabağ Bəyannaməsində  qəbul edilməsi böyük əhəmiyyətə malikdir.

Üzv dövlətlər arasında ticarətin artmasında xüsüsi önəm kəsb edən Orta Dəhlizin əhəmiyyəti Çindən Avropaya gedən ən sürətli marşrut kimi artmaqdadır. 2040-cı ilə qədər bu dəhliz vasitəsilə tranzit yüklərin həcminin illik 500 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bu səbəbdən Azərbaycan və digər TDT üzvləri mövcud sahəni prioritet hesab edir və külli miqdarda investisiyalar yatırırlar. 

Zirvə görüşündə liderlər Xəzər regionu vasitəsilə Avropa və Asiya arasında ticarət yollarının genişləndirilməsi və Orta Dəhlizin  nəqliyyat vaxtını və xərcləri əhəmiyyətli dərəcədə azaltmasını müzakirə edərək təkmilləşdirmə planlarını bildiriblər. Tərəflər zirvə toplantısında infrastruktura qoyulan investisiyanın iqtisadi faydalarını vurğulayaraq yeni dəmir yollarının tikintisi və mövcud olanların modernləşdirilməsi yolu ilə tranzit vaxtlarını azaltmaq və  regional ticarəti gücləndirməyi hədəfləyiblər. 

Hesablamalara görə, 2023-cü ilə  qədər regionda infrastruktur investisiyaları üzv dövlətlər arasında ticarət həcmlərinin 15faiz artmasına səbəb olub. Üzv dövlətlər arasında ticarət maneələrinin azaldılması üçün səylər göstərilir. Liderlər gömrük prosedurlarının sadələşdirilməsini və 2025-ci ilə qədər regiondaxili ticarəti 20 faiz artırmağı hədəfləyirlər. 

Son dövrlər Xarici Birbaşa İnvestisiyalar (XBİ)  daxilolmalarında əvvəlki zirvə görüşlərindəki müzakirələrdən sonra artım müşahidə edilir. Hesablamalarımıza görə, 2023-cü ildə Azərbaycanın TDT ölkələrindən XBİ daxilolmaları 25 faiz artaraq investorların artan inamını nümayiş etdirir.

Şuşa sammitində liderlər enerji təhlükəsizliyini artırmaq və davamlı inkişafı təşviq etmək üçün təbii qaz və bərpaolunan enerji mənbələri də daxil olmaqla  regionun enerji resurslarından istifadənin vacibliyini vurğulayıblar. 2023-cü ilə qədər enerji sahəsində əməkdaşlıq sazişləri üzv dövlətlər arasında enerji ixracının 30 faiz artması ilə nəticələnib. 

Rəqəmsal transformasiyanın iqtisadi inkişafda aparıcı rolu Qarabağ Bəyannaməsində xüsusi vurğulanır. Rəqəmsal infrastrukturun təkmilləşdirilməsi və regionda elektron ticarətin təşviqi təşəbbüsləri üzv dövlətlər arasında onlayn ticarət fəaliyyətlərinin 25 faiz artmasına səbəb olub.

Zirvə görüşü və imzalanan Bəyannamə iqtisadi inteqrasiya, regional infrastrukturun inkişafı, ticarətin asanlaşdırılması, enerji əməkdaşlığı və rəqəmsal transformasiyaya diqqət yetirməklə regionun iqtisadi potensialını daha da açmağı və davamlı inkişafı dəstəkləyir. 

Şuşada qəbul edilən qərarlar “Türk Dünyasına baxış-2040” sənədi çərçivəsində iqtisadi inteqrasiyanın və əməkdaşlığın gücləndirilməsi üçün mühüm bir mərhələdir. Türk dövlətləri arasında ticarət və investisiya mühitinin təkmilləşdirilməsi, nəqliyyat və logistika infrastrukturlarının inkişafı, qarşılıqlı ticarətin və iqtisadi əlaqələrin daha da güclənməsinə töhfə veriləcək. Bu tədbirlər Türk dünyasının qlobal iqtisadi sistemdə daha mühüm rol oynamasını təmin edəcək.

Vaqif BAYRAMOV, 
Mirbağır YAQUBZADƏ 
XQ

 

Seçilən
205
50
xalqqazeti.az

10Mənbələr