Hüquqşünas Əkrəm Həsənov Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında Bozqurd işarəsi göstərməsini tənqid edib. Hüquqşünasın qurd və it totemlərinin qədim türklər və monqollara xas olduğunu, Azərbaycan xalqının mütləq əksəriyyətinin isə avropeid olduğunu deməsi müzakirəsiz ötüşməyib.
TEMPİNFO xəbər verir ki, bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa isə deyib ki, Bozqurd işarəsi, sadəcə, totemdir və insanların totemə münasibətidir:
“Bu, qədimdən gələn münasibətdir. Kimsə totemi qəbul etməyə, fərqli yanaşa bilər. Məsələn, dindarlar özlərində “Rabia” işarəsi, yaxud tək barmaq qaldırmağı icad etmişdilər. Baxışlar fərqli ola bilər, demokratik cəmiyyətdə bunu normal qəbul etmək lazımdır. Kimsə öz totemini bu cür qəbul edirsə, niyə qarşısı alınmalıdır? Niyə ona qarşı mənfi münasibət bildirilməlidir? Bozqurd işarəsinin niyə azərbaycanlılara dəxli yoxdur? Azərbaycanlıların müəyyən qismi özünü avropoid hesab edə bilər. Bu, onların öz seçimidir. Müəyyən qismi isə totemlərə hörmət göstərə bilər. Bu, hansısa şəkildə siyasi məna daşımır, lakin mədəni məna daşımalıdır. Bozqurd totemini inkar etmək, “bizə dəxli yoxdur” demək tamamilə absurddur. Təbii ki, bizə dəxli var. Kimsə bizə dəxli olmadığını hesab edirsə, buna da normal yanaşılmalıdır. Elə xalqlar var ki, türk totemini özününkü hesab etmir. Məcburi deməyəcəyik ki, sən də özününkü hesab etməlisən. Məncə, bunun mübahisə ediləcək tərəfi totemi inkar etməkdir. Yəni azərbaycanlılardan özünü türk, hətta monqollara bağlı hesab edən müəyyən təbəqə var, Bozqurd totemini qəbul edə bilirlər. Burada hansısa siyasi çalar axtarmaq lazım deyil”.
F.Mustafa deyib ki, ümumiyyətlə, türk futbolçunun meydanda Bozqurd işarəsi göstərməsinə qürur duyulası, fəxr ediləsi hərəkət kimi baxanları da anlamaq mümkün deyil: “Türk futbolçusunun ən böyük fəxr ediləcək hərəkəti qalib gəlmək, yaxşı oyun nümayiş etdirmək, Avropa içində Avropa dəyərlərinə sahib çıxan, onun aparıcısı olan xalq, millət olduğunu göstərməkdir. Avropanın müəyyən etdiyi oyunu onun qaydaları daxilində oynayaraq qalib gəlirsə, türkün uğuru budur. Simvollar kiməsə acıq vermək üçün edilirsə, bu, tamamilə yanlışdır. Kiməsə göstərmək üçün ki, “mən türkəm və bu işarəni göstərirəm”, bu yanlışdır. Türkün göstərəcəyi ən böyük işarə elmdə, hansısa sənətdə, elə futbolun özündə uğurdur. Uğurdan böyük nə göstərmək olar? Bu cür işarələrlə, simvollarla tanıtım məsələsinin üzərinə gəlməyi, xüsusi qürur duymağı çox da doğru hesab etmirəm. Qürur duyulası şey oyundan sonra insanlıq nümunəsi göstərməkdir. Məsələn, diqqət etdim, Avstriya uduzanda Türkiyə futbolçuları sakit şəkildə onları alqışladılar. Bu, insani, etik bir davranışdır. Belə davranışla hörmət qazana bilərsən. Bu baxımdan, nə Bozqurd işarəsinin göstərilməsində siyasi məna axtarıram, nə də qəbahət sayıram. UEFA-nın bu barədə araşdırma aparmasını da axmaqlıq hesab edirəm. Bunun heç bir izahı yoxdur. İstəyirəm, Bozqurd işarəsi göstərirəm. Bu işarə terroru, insan haqlarına qarşı davranışı ehtiva etmir ki. Mənim inancımla, tariximə münasibətlə bağlı baxışdır. Bir sözlə, kütləvi şəkildə futbolçunun Bozqurd işarəsi göstərməsini qürur mənbəyinə çevirməyi başa düşmək olmur. Bir işarədən, simvoldan həzz alaraq sakitləşmiş, təsəlli tapmış millətə, cəmiyyətə, dövlətə oxşamamalıyıq. Ən böyük simvolumuz qalib gəlmək, hətta məğlub olanda belə daha mədəni, səviyyəli davranış sərgiləməkdir. Əsas məqsədimiz budur. Məğlub olan, bizdən də yaxşı oynayan komandalar var idi. Neynəsinlər? Qınansınlar ki, niyə məğlub oldunuz? Kimin gücü nəyə yetirsə, o qədər hərəkət etməlidir. Bu futboldur, idmandır. Sadəcə bir az əzmkarlıq, peşəkarlıq baxımdan qürurverici addımlar atsalar, qalib gəlsələr, təbii ki, futbol da insanlara zövq verən ruhani oyundur. Bunu hər kəs təqdirlə qarşılayacaq. Kim özünü türk hesab edirsə, öz dəyərlərinə, mifologiyasına dəyərləri bu formada ifadə edir. Bunda heç bir qəbahət yoxdur. İki qol vurmusansa, onsuz da bizim üçün dəyərlisən. Bu işarəni göstərən futbolçu sabah təsadüfən top ayağına dəydi, öz qapısına top atdısa, türk düşməni olacaq? Yəni məsələni bu qədər drammatikləşdirmək doğru deyil. Simvol göstəribsə, türkün qəhrəmanı oldu, sabah öz qapısına top vurdusa, oldu türkün düşməni. Belə yanaşma ola bilərmi? İdmanı bu qədər kəskinləşdirmək, mədəni çərçivədən çıxarmaq yanlış yanaşmadır. Ümumiyyətlə, qol vurandan sonra futbolçuların bu cür simvollara baş vurmalarını bir az publikaya işləmək kimi qiymətləndirirəm. Təbii ki, hislərdir və hisləri cilovlamaq olmur. İnsan sevgisini, sevincini bölüşmək istəyir, bunda da qəbahət görmürəm. Lakin “məsələnin azərbaycanlılara dəxli yoxdur” demək absurd və mənasız yanaşmadır. Təbii ki, azərbaycanlılara dəxli var. Türk totemi həm də azərbaycanlıların totemidir. Sadəcə, totemi siyasiləşdirmək əvəzinə sadə proses kimi qiymətləndirməliyik. Sanki faciə baş veribmiş kimi hər yerdə yazırlar ki, “UEFA-ya qarşı araşdırma başladıblar”. Başladıblar, başladıbar də. Hə, nə olsun? Avropa dəyərləri baxımından həm də öz ucalığımızı, aliliyimizi, alicənablığımızı göstərməliyik. Simpatiya, hörmət qazanmaq üçün peşəkar olmalıyıq. Peşəkarllığa görə qalib gəlirsən. Əks halda, məğlub olarsan. Deyək ki, Avropada Almaniya komandasının kapitanı türkdür. O da Bozqurd işarəsi göstərsin, kapitanlıqdan, komandadan uzaqlaşdırılsın. Bu, daha faydalıdır, ya həmin kapitanın Almaniyada türklərə qarşı simpatik münasibətin formalaşmasına yardımçı olması? Biz niyə düşmən münasibətin formalaşmasına daha çox can atırıq? Türkiyənin içində həmin işarəni nə qədər göstərirsənsə, göstər. Başqa məkanda yaşayan türklərə, soydaşlarımıza qarşı almanlarda, fransızlarda, hollandlarda daha çox simpatik münasibət olsa, nəyi pisdir? Belə daha çox irəliləyə bilərik. Bir işarə ilə onlara qalib gəlmirik. Sadəcə, özümüz həzz alırıq ki, acığımızı çıxdıq. Bəs sonrası? Buna görə də belə məsələlər daha çox ümumbəşəri kontekstdə götürülməli və dəyərləndirməlidir”.
TEMPİNFO