AZ

İranda seçkinin gözlənilməz nəticəsi: Yeni prezident, yeni ümidlər - TƏHLİL + FOTO

İranda 14-cü prezident seçkisi başa çatıb. Mərkəzi Seçki Qərargahının açıqlamasına əsasən, səsvermədə 30 milyon 530 min 157 seçici iştirak edib. Keçmiş səhiyyə naziri, güney azərbaycanlı Məsud Pezeşkian 16 milyon 153 min 848 (55,36%) səs toplayaraq kampaniyanın qalibi olub. Onun rəqibi, Seyid Əli Xameneinin Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəliliyə isə 13 milyon 23 min (44,64 faiz) seçici səs verib. Bununla da Məsud Pezeşkian İranın 9-cu prezidenti olub.
 
Onun prezident seçilməsi müəyyən mənada sensasiya da sayılır. Çünki Məsud Pezeşkian bir sıra baxışlarına görə İranda Azərbaycan türklərinin milli assimilyasiyaya məruz qaldığını açıq şəkildə bəyan edənlərdəndir.
 
O, çıxışlarının birində Məhəmmədrza şah Pəhləvinin hakimiyyəti illərində əsgərlikdə türk olduğu üçün məruz qaldığı milli ayrı-seçkiliyin zərbəsini alandan sonra milli kimliyini daha yaxşı dərk etdiyini söyləyib. İranın ali rəhbəri Xaməneidən fərqli olaraq o, bu məsələni daha aydın şəkildə bildirib.
 
 
Məsud Pezeşkian deputat olanda da hökuməti sərt tənqid edib. Hətta, ötən prezident seçkisində onun namizədliyi də qeydiyyata alınmayıb. Onun bu kampaniyada qeydiyyata alınması da seçilməsi qədər gözlənilməz oldu. Çünki İran hakimiyyətinə indiki şəraitdə islahatçı xəttin nümayəndəsinin seçilməsi zahirən sərfəli sayılmır.
 
Bu istiqamətin təmsilçiləri Qərblə danışıq tərəfdarı olur. Həm Məhəmməd Xatəmi, həm də Həsən Ruhani "altılıq" ölkələri ilə nüvə danışığı zamanı bunu büruzə vermişdi. Həsən Ruhani hətta sanksiyaların yumşaldılmasına belə nail olmuşdu.
 
Pezeşkian da seçkiqabağı təbliğat kampaniyası zamanı Qərblə danışıqlara üstünlük verilməsini söyləyib. Pezeşkian İran-İraq müharibəsində həkim olaraq iştirak etsə də, İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) nümayəndəsi sayılmır. Elə seçkiqabağı kampaniya zamanı Sepahın və panfarsçılığın informasiya vasitələri ona qarşı təbliğat aparırdı. Bu hərbi birləşmənin teleqram kanalı ötən turda nəticəni çoxlarından tez yayıb, ikinci turun tarixi haqqında məlumat yaymışdı. Bu mərhələnin yekununa dair xəbəri az qala yaymaq istəməyən təsiri bağışladı. Pezeşkianın Sepahdan olmaması da onun seçiləcəyinə ümidləri azaldırdı.
 
 
Keçmiş islahatçı sayılan prezident Məhəmməd Xatəmi də Sepahın nümayəndəsi kimi tanınmırdı. O, din xadimləri təbəqəsinin nümayəndəsi, yəni sivil siyasi fiqur idi. Pezeşkian isə ziyalı, panfarsçı olmayan, İran şərtlərinə uyğun demokrat sayılır. Bu göstəricisi də onun prezidentliyə gedən yolunu bağlayırdı.
 
Seçiləcək şəxsin hakim siyasi-ideoloji sistemə ziyanı olmayacağını öncədən hesablanıb, bülletenlərin sayılmasına, nəticələrə müdaxilə az edilib. Bu dəfə də deyəsən hakimiyyət Rəfsəncani və Mirhüseyn Musəvinin iştirak etdiyi prezident seçkilərində yaşananları təkrarlamamaq üçün buna ehtiyac duymayıb.
 
Hakimiyyət üçün seçici fəallığı bu dəfə əsas taktika olub. 2022-2023-cü illərdə ölkəni bürümüş etiraz aksiyalarından sonra əhalinin seçki ilə bağlı çağırışa müsbət reaksiyası çox vacib sayılırdı. Bununla rəsmi Tehran yürütdüyü siyasətə cəmiyyətin etimadını nümayiş etdirib. Martın 1-də keçirilən parlament və Dini Ekspertlər Şurasına seçkilərdə seçicilərin iştirakının az olması hakimiyyəti narahat etmişdi. İyunun 28-də prezident seçkilərinin birinci turundan və ikini mərhələdə səsvermənin vaxtının saat 20-dən 00:00-dək uzadılması da seçicilərin sayının artmasına hesablanmışdı.
 
Odur ki, ikinci turda bu göstərici birincidən çox olub.
 
Elə bu nəticəni əldə etmək üçün hakimiyyət Güney Azərbaycan türklərinin seçkidə fəallığına nail olmağa çalışdı və müəyyən mənada buna nail olub.
 
Pezeşkianın qələbə qazanmasına hakim elita niyə imkan verib? Bunun aşağıdakı səbəblərini ehtimal etmək olar:
 
- hakimiyyət Qərblə dialoqa hazırlaşır;
 
- adı heç bir korrupsiya və başqa qalmaqallarda hallanmayan Məsud Pezeşkian daha uyğun sayılıb;
 
- İranda əsl gücü, ölkənin əsas dayağını, sosial bazanı nümayiş etdirib;
 
- cəmiyyəti yeniliyə hazırlamaq;
 
- İranda fars olmayanların da seçkilər yolu ilə hökumətə başçılıq etməsini göstərmək;
 
- İranda demokratik seçkilər keçirildiyini nümayiş etdirmək və s.
 
 
Konstitusiyaya əsasən, prezident dövlətə başçılıq etmir. Silahlı qüvvələr, polis, maliyyə vəsaiti və başqa əsas resurslar onun tabeliyində olmadığından hakimiyyət, indiki halda Xamənei üçün təhlükə sayılmır.
 
Bu daha çox hakimiyyətdaxili qüvvələrə güc və nüfuzlarını yoxlamaq üçün bir fürsətdir. Namizədlərin qeydə alınması prosesində bütün hazırlıqlar görüldüyündən əlavə tədbirlərə ehtiyac qalmır.
 
Etnik mənsubiyyətinə, türklərin assimilyasiyaya məruz qalması ilə bağlı çıxışlarına və s. məsələlərə baxmayaraq Məsud Pezeşkian hakimiyyətin cızdığı əsas xətdən kənara çıxa bilməz. Qırmızı xətti keçməsi onun helikopteri, yaxud avtomobilinin qəzaya uğraması ilə nəticələnə bilər. Bu baxımdan etmək olar ki, o da islahatçı prezidentlər Xatəmi və ya Ruhani kimi fəaliyyət göstərəcək.
 
 
Pezeşkian rəsmi Tehranın nəfəs alması üçün fürsətdir. Onu seçməklə hakimiyyət cəmiyyətdən möhlət alıb.
 
Məsud Pezeşkian özbaşına İranı nüvə danışıqlarına apara, yaxud çıxara bilməz. O bütün bunları Xaməneinin xeyir-duası ilə həyata keçirəcək. Ehtimal etmək olar ki, ona bu işdə Həsən Ruhani hökumətində xarici işlər naziri olmuş Məhəmməd Cavad Zərif yardım edəcək. Qeyd edək ki, o, həmin illərdə Qərblə danışıqlarda uğur qazanan və rejimçi qüvvələr tərəfindən təzyiqlərə məruz qalan siyasətçi, diplomatdır. Onun yenidən Qərblə danışıqlar aparacağı da gözləniləndir.
 
Pezeşkiana verilən səs həm də cəmiyyətin yenilənmək, dəyişmək istəyinin göstəricisidir. Bu səs vaxtı ilə Məhəmməd Xatəmiyə də verilmişdi. Xatəmi, Rəfsəncani ailəsi onu müdafiə edib. Son illər islahatçı təbəqə hakimiyyətə qarşı sərt tənqidi fikirlər söyləyirlər. Odur ki, Pezeşkianın seçilməsi ilə Xamənei onları həm sakitləşdirib, həm də islahatçılara güzəşt edib.
 
 
Ən vacib məsələlərdən biri də ali rəhbərin istənilən şəraitdə vəzifə səlahiyyətlərini icra edə bilməməsi zamanına hazırlıqdır. Bu baxımdan Rəfsəncani, Xatəmi, hətta Əhmədinejat və İbrahim Rəisi ilə müqayisədə ali rəhbər vəzifəsinə iddialı sayılmır. Əksinə, onun varis planının yerinə yetirilməsi üçün ən uyğun fiqur da saymaq olar. Elə güney azərbaycanlıların fəallığının artırılması bu planın həyata keçməsinə mane ola biləcək hakimiyyətdaxili qüvvəyə güc göstəricisi sayıla bilər.
 
Builki prezident seçkisi 2005-ci ildə keçirilən siyasi kampaniyanı xatırladır. Onda əsas mübarizə islahatçıların nümayəndəsi sayılan Əli Əkbər Haşimi-Rəfsəncani ilə mühafizəkar qanadın təmsilçisi Mahmud Əhmədinejat arasında gedirdi. Bu seçkinin taleyini də ikinci tur həll etmişdi. Onda da Mahmud Əhmədinejatın seçilməsi çoxları üçün gözlənilməz olmuşdu. Bu dəfə hadisələr əksinə inkişaf edib. İslahatçı namizəd ikinci turda qalıb gəlib. Kim uduzub, kim qalib gəlsə də, bu dəfə də oyunu Xamənei apardı... /Report/
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
50
moderator.az

10Mənbələr