AZ

Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb -Kamran Bayramov

Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan və türk dövlətləri arasında dərin tarixi əlaqələr mövcuddur. Xalqlarımızın ortaq mədəni kökləri, çoxəsrlik qardaşlıq münasibətləri bugünkü dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Son 30 ildə Azərbaycan türk dövlətləri ilə həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə əməkdaşlıq edir, münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Artıq, XXI əsrin Türk əsri olacağı barədə verilən proqnozlar özünü doğruldur. 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, sevindirici haldır ki, Türk dövlətlərinin birliyi ideyasının reallığa çevrilməsinə şahidlik edirik. Bu gün bütün türkdilli və türkdilli olmayan ayrı-ayrı ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Macarıstan dövlətləri böyük Türk birliyinin vahid platformada birləşməsinə qətiyyətli siyasi iradə nümayiş etdirirlər. Dövlət başçımız cari ilin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir: ”Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir.”

Deputat diqqətə catdırıb ki, son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Dövlət başçımız imzalanan  Qarabağ Bəyannaməsinin, qəbul edilən qərarların Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəyini əminliklə qeyd edərək vurğulayıb ki,  Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz, Şuşada imzalanıb. Şuşada keçirilən bu Zirvə görüşünün rəmzi məna daşıdığını vurğulayan Prezident İlham Əliyev Qarabağın tacı sayılan Şuşa şəhərinin həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu, amma müəyyən müddət erməni işğalında inlədiyini  bir daha xatırladıb: “2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir”. Dövlətimizin başçısı bu istiqamətdə türkdilli ölkələrin mənəvi dəstəyinin olduğunu da bildirib.  Bu gün  Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramının uğurla icra olunduğunu bildirən dövlət başçımız bu abadlıq-quruculuq işlərinə türkdilli ölkələrin də töhfə verdiyini qeyd edib. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür. Dövlət  başçımız Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsinin də qarşımızda duran prioritet məsələlərdən biri olduğunu da qeyd edib. Ölkə rəhbəri, həmçinin, Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyətinin Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırıldığını, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycanın Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərdiyini də vurğulayıb.

K.Bayramov əlavə edib ki, göründüyü kimi, ortaq soy-kök, tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Dövlət başçımızın qeyd etdiyi kimi, xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
2
ikisahil.az

10Mənbələr