AZ

Qarabağ Universiteti – xalqımıza Zəfər töhfəsi

Bu elm və təhsil ocağı Xankəndidən dünyaya açılan mənəvi pəncərədir 

Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixili sərəncamı ilə Qarabağ Universitetinin yaradılmasını təkcə həmin bölgədən olan keçmiş məcburi köçkünlər deyil, bütün xalqımız böyük sevinc və qürur hissi ilə qarşıladı. Bu sərəncam yeni dövrün reallıqlarının tələblərinə uyğun yüksək ixtisaslı, müasir dünyagörüşünə malik kadrların hazırlanması ilə yanaşı, Qarabağın ali təhsil ənənələrinin bərpasına və inkişafına da verilən böyük töhfədir. 

Qarşıdan gələn 2024–25-ci tədris ilində ilk dəfə fəaliyyətə başlayacaq Qarabağ Uni­versitetində həyata keçirilən hazırlıq işlərinin vəziyyəti, qarşıya qoyulan hədəflərlə bağlı sözügedən təhsil ocağının rektoru Şahin Bay­ramovla həmsöhbət olduq:

– Şahin müəllim, əvvəlcə sizi Qarabağ Universitetinin ilk rektoru təyin edilməyi­niz münasibətilə təbrik edirik. Yeni tədris ilinə hazırlıq necə gedir?

– Təşəkkür edirəm. Qarabağ Zəfərinin baş sərkərdəsi, Prezident İlham Əliyevin mü­vafiq sərəncamı ilə Qarabağ Universitetinin yaradılması hər bir Azərbaycan vətəndaşında qürur, fəxarət yaradıb. Qarabağ Universiteti məhz Vətən müharibəsində və onun davamı olaraq lokal antiterror aksiyasında qələbələ­rimizin xalqımıza daha bir layiqli töhfəsi, suverenliyimizin tam bərpası ilə bağlı tarixi ədalətin önəmli təcəssümüdür. Bu universitet işğaldan azad olunmuş torpaqlarımızda fəa­liyyətə başlayacaq ilk ali təhsil müəssisəsi kimi də tariximizə düşür. 

Doğma Qarabağımızda əvvəl də ali təhsil ənənəsi olub, əzəli torpağımız olan Xankəndi şəhərində vaxtilə ali məktəb fəaliyyət göstə­rib. Bu mənada Qarabağ Universitetinin yaradılması bölgədə həmin ənənənin bərpa edilməsinə və təhsil ekosisteminin inkişafına dəstək göstərəcək tarixi bir qərardır. Çox qü­rurluyuq ki, bu prosesdə iştirak edən insanlar arasında formalaşmaqda olan kollektivimiz də var. 

Hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və birbaşa iş­tirakı ilə Qarabağ Universitetinin qurulması prosesi sürətlə həyata keçirilir. Yeni tədris ilinə hazırlaşırıq, 2024–25-ci tədris ilində ilk tələbələrimizi qarşılayacağıq. Bununla əlaqə­dar hazırda universitetin akademik və inziba­ti heyətinin seçilməsi prosesi həyata keçirilir, abituriyentlər arasında Qarabağ Universiteti­nin təbliğatı aparılır. 

Paralel olaraq, universitetin infrastruk­turu qurulur, auditoriya və laboratoriyala­rın, tələbələrimizin yaşayacağı mənzil tipli yataqxananın, həmçinin əməkdaşlarımız üçün nəzərdə tutulmuş mənzillərin təmi­ri istiqamətində işlər görülür. Bütün bunlar kompleks tədbirlər şəklində reallaşdırılır. 

– Universitetin akademik heyətinin formalaşdırılması prosesi nə yerdədir və işə qəbul zamanı namizədlərdə hansı key­fiyyətlərə üstünlük verirsiniz?

– Hazırda müəllimlər müəyyənləşdiri­lir, dekanlar, kafedra müdirləri seçilir. Yəni universitetin akademik məzmununu forma­laşdırırıq. Yeni fəaliyyətə başlayacaq univer­sitetimizdə ilkin olaraq 6 fakültə fəaliyyət göstərəcək ki, bu fakültələrdə 27 ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək. Bütün ixti­sasların tədris proqramını müəyyənləşdiririk, tədris planları işlənib hazırlanır. Buna uyğun olaraq da tədris ediləcək fənlərə müvafiq professor-müəllim heyətinin seçimi aparılır. Bunun üçün Elm və Təhsil Nazirliyinin rəs­mi saytı, həmçinin sosial şəbəkələr vasitəsilə elanlar verilir və seçim prosesi tam şəffaf şə­kildə həyata keçirilir.

Seçim zamanı namizədlərdə üstünlük verdiyimiz kriteriyalara gəlincə, bunlar, tə­bii ki, ilk növbədə peşəkarlıqdır. Çünki ölkə başçısı tərəfindən qarşımıza ən müasir bir universitet qurulması tələbi qoyulub. Elə bir ali təhsil müəssisəsi yaratmalıyıq ki, növbəti mərhələdə Azərbaycanın inkişafını öz çiyin­lərində daşıya biləcək yüksəkixtisaslı kadrlar hazırlasın. 

Qarşımıza, eyni zamanda tədqiqat ağır­lıqlı universitet olmaq missiyası qoyulub. Buna görə də məqsədimiz yaxşı təhsil almış, öz sahəsi üzrə peşəkar olan, müasir dünyagö­rüşlü və müasir gənclərlə işləyə biləcək aka­demik personal formalaşdırmaqdır. Profes­sor-müəllim heyətindən digər gözləntilərimiz onların innovativ düşüncəyə malik olmaları, ən yeni tədris metodlarından istifadə bacarıq­ları, müasir tədqiqat alətlərindən yararlana bilmələridir.

– Yeni ali məktəbin tədqiqat xarakterli fəaliyyəti hansı sahələri əhatə edəcək?

– Təbii ki, ilk mərhələdə ağırlıq daha çox tədrisin üzərinə düşəcək. Ancaq ümumilikdə universitetimiz tədqiqat xarakterli ali təhsil müəssisəsi olacaq. Bunun mahiyyəti ondan ibarətdir ki, tədris verməklə, kadr hazırla­maqla bərabər elmi-tədqiqatlar da aparılma­lıdır. Bu tədqiqatlar nəticəyönümlü olmalı, nəticələr dünyanın aparıcı elmi jurnallarında dərc edilməli, bugünkü cəmiyyətin inkişafına töhfə verməlidir. 

Bütün bunlar bizə həm də təhsil verdi­yimiz tələbələrimizdə tədqiqat bacarıqları formalaşdırmağa, onların innovativ düşüncə tərzinin inkişafına yardımçı olmağa, data ilə işləyə biləcək gənclər hazırlamağa kömək edəcək. Bu məqsədlə gələcəkdə universitetin nəzdində tədqiqat mərkəzlərinin yaradılması, beynəlxalq səviyyəli elmi konfransların ke­çirilməsi və digər işlərin görülməsi nəzərdə tutulub. 

– Qarabağ Universiteti ilk addımında yeniliklər meydanına, yaxşı mənada, res­publikamızın digər ali təhsil müəssisələ­rinin ciddi rəqibinə çevrilib. Sizcə, builki abituriyentlərin məhz Qarabağ Universi­tetinin tələbəsi olmaq arzusu hansı istək­dən və üstünlükdən qaynaqlanır?

– Əvvəldə qeyd etdiyim kimi, Qarabağ Universitetinin yaradılmasını bütün xalqımız sevinc hissi ilə qarşılayıb. Təbii ki, bu uni­versitetdə oxumaq, Zəfər ünvanlı, “Qarabağ” adlı bir ali təhsil müəssisəsinin tələbəsi ol­maq hər bir gənc üçün fəxarətverici olacaq. Tez-tez abituriyentlərlə görüşlər keçirir, on­larla kommunikasiyalar qururuq.

Bizi çox sevindirir ki, həm gənclərin öz­lərində, həm onların valideynlərində Qarabağ Universitetinə böyük maraq var, universiteti­mizdə təhsil almaq istəyənlərin sayı çoxdur. Bunun başqa bir neçə səbəbi də var. Əvvə­la, bu il bizim universitetimizə qəbul olanlar Qarabağ Universitetinin ilk tələbəsi olmaq kimi fürsət əldə etmiş olacaqlar. Bu həm də o deməkdir ki, həmin gənclərimiz, eyni zaman­da, universitetin ilk məzunu olmaq şansını da qazanırlar.

Dövlətimizin Qarabağ Universiteti ilə bağlı ortaya qoyduğu konseptin əsas hissəsi ondan ibarətdir ki, bu ali təhsil müəssisəsində təhsil alacaq tələbələr üçün çox gözəl imkan­lar formalaşdırılır. İlk növbədə, universitetə qəbulun yalnız dövlət sifarişi əsasında həya­ta keçiriləcəyini qeyd etmək istəyirəm. Yəni təhsil ödənişsiz olacaq və bütün tələbələrimiz dövlət vəsaiti hesabına təhsil alacaqlar. Bu həm də onların təqaüd alması deməkdir. 

Eyni zamanda tələbələrə universitetə qə­bul olarkən topladıqları bala uyğun olaraq əlavə təqaüdlərin verilməsi nəzərdə tutulur. Hazırda əlavə təqaüdlərin məzmununun ha­zırlanması üzərində iş gedir. Bundan başqa, universitetimizdə çoxsaylı adlı təqaüdlərin təsis edilməsi də gözlənilir.

– Düşmən münaqişə dövründə Qara­bağı xarabalığa, tənəzzül meydanına çevi­rib. İnfrastruktur tamamilə yenidən quru­lur, çətinliklər xeyli davam edəcək. 

– Universitetimizi seçən gənclərimiz əmin olsunlar ki, onları ən müasir ali təhsil müəssisəsində məzmunlu bir tələbə həyatı gözləyir. Dediyim kimi, təhsli ödənişsizdir, onlar ən yeni infrastruktura malik universi­tetdə təhsil alacaqlar, hər biri mənzil tipli ya­taqxanalarda dövlətimiz tərəfindən ödənişsiz əsaslarla yaşayış yeri ilə təmin ediləcəklər. Üstəlik, bu il Qarabağ Universitetinin tələbə­si adını qazanan hər bir kəsə ən müasir kom­pyuter avadanlığı – “notebook”lar hədiyyə olunacaq. 

Tələbələrimizi akademik həyatdan başqa, çox maraqlı sosial həyat da gözləyir. Məqsə­dimiz odur ki, onlar universiteti öz doğma evləri hesab etsinlər, auditoriyadankənar hə­yatları rəngarəng olsun. Bunun üçün onlara layihələrə qoşulmaq, könüllülük fəaliyyəti ilə məşğul olmaq, müxtəlif tələbə qrupları for­malaşdırmaq və öz yaş dövrünün maraqları çərçivəsində digər səmərəli işlər görmək im­kanı yaradılacaq.

Bir şeyi də qeyd etmək istəyirəm ki, uni­versitetimizdə beynəlxalq dil mərkəzi fəa­liyyət göstərir. Bu mərkəzin yaradılmasının məqsədi bütün tələbələrimizdə yüksək səviy­yəli xarici dil bacarıqlarının formalaşdırılma­sına nail olmaqdır. Yeri gəlmişkən, persona­lın seçimi zamanı da bu amil xüsusi diqqətdə saxlanılır. Bu da bizə gələcəkdə ingilis dilin­də tədris prosesi həyata keçirmək, dünyanın aparıcı ali təhsil müəssisələrində dərs deyən soydaşlarımızın, azərbaycanəsilli, həmçinin xarici alimlərin, professorların mühazirələr oxumaq üçün Qarabağ Universitetinə cəlb edilməsi imkanı verəcək. 

Tələbələrimiz də təhsil müddətində çoxsaylı xarici universitetlərlə əməkdaşlıq, beynəlxalq tədbirlərdə, forumlarda iştirak şansları qazanacaqlar. Bütün hallarda çalış­dığımız odur ki, quracağımız müasir univer­sitet doğma Qarabağımızın, doğma Azərbay­canımızın elə Qarabağdan dünyaya açılan pəncərəsi, yayılan səsi olsun!

– İlk tədris ilindən Qarabağ Univer­sitetində SABAH qruplarnın da açılması sevindiricidir. 

– Ölkəmizdə artıq 10 ildir fəaliyyət göstərən SABAH qrupları Elm və Təhsil Nazirliyinin ən uğurlu layihələrindən bi­ridir, ali təhsilimiz üçün əlavə bir dəyər deməkdir. Bəli, abreviaturasının açması “savadlı, bacarıqlı, hazırlıqlı” olan SABAH qrupları bu il ilk dəfə fəaliyyətə başlayacaq universitetimizdə də yaradılacaq və buna görə nazirliyimizin rəhbərliyinə təşəkkür etmək istəyirəm.

Bildiyiniz kimi, sözügedən qruplarda təhsil ikinci kursdan etibarən həyata keçiri­lir. Odur ki, hazırda respublikamızın müxtə­lif ali təhsil müəssisələrinin birinci kursunu bitirmiş tələbələrinin müaricətlərinə baxılır və seçim aparılır. Qəbul prosesindən uğurla keçən tələbələr müvafiq olaraq ixtisasla­rı üzrə təhsillərini Qarabağ Universitetinin SABAH qruplarında davam etdirəcəklər.

– Qarabağ Universitetinin yaxın və uzaq as hədəfləri necə müəyyənləşdirilir?

– Yolun tam başlanığıcındayıq, amma qarşımızda çox ciddi, strateji hədəflər qo­yulub. Qeyd etdiyim kimi, biz ən müasir bir universitet qurulucuğuna başlamışıq və müasir universitetin məzmununda nə ol­malıdırsa, hamısı Qarabağ Universitetində də olacaq. Hazırda Azərbaycan reallıqlarını nəzərə almaqla və öz ehtiyaclarımıza uyğun­laşdırmaqla dünyada mövcud olan ən yeni ali təhsil modellərindən faydalanaraq fərqli bir universitet qurulması prosesi həyata keçirilir. 

Arzumuz ondan ibarətdir ki, yeni dövrün gənclərini yeni dövrün şərtlərinə uyğun ha­zırlaya bilək. Məzunlarımız həm yüksək ixti­saslı kadrlar kimi yetişsinlər, həm də müasir dünyagörüşünə malik, davamlı inkişaf təfək­kürlü insanlar kimi, öz dövlətinə, Vətəninə bağlı vətəndaşlar kimi formalaşsınlar. Bu mənada qarşımızda kifayət qədər iddialı hə­dəflər var. 

Dövlətimizin xüsusi diqqəti və qayğısı sayəsində, cəmiyyətimizin ciddi dəstəyindən faydalanmaqla və akademik, inzibati heyə­timizin bütün səylərini səfərbər etməklə ali təhsilimizin ümumi mənzərəsinə yeni dəyər qatacaq, dünya səviyyəli universitetə çevril­mək hədəfinə çatacağımıza inanıram. 

– Maraqlı müsahibə üçün təşəkkür edirik.

Mahir RƏSULOĞLU,
XQ-nin bölgə müxbiri

Xankəndi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
26
xalqqazeti.az

10Mənbələr