AZ

Ölkədə həllini gözləyən 3 əsas problem - “Uşaq pulu”…

Ölkədə həllini gözləyən bir sıra sosial-iqtisadi problemlər var.

Bu gün ölkədə mövcud problemlərin həlli istiqamətində bir sıra yeni qanunlar qəbul edilməsinə baxmayaraq, hələ də cəmiyyət bəzi problemlərin aradan qaldırılmasını vacib hesab edir.

Qeyd  edək ki, parlamentin növbəti iclasında da bəzi sosial-iqtisadi problemlərin müzakirəsi gözlənilir.

Bəs bu gün həllini gözləyən üç əsas sosial-iqtisadi problem hansıdır?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info"-ya bildirdi ki, bu gün cəmiyyətin sosial-iqtisadi məsələlərlə bağlı ən çox gözləntiləri birincisi, “uşaq pulu” adlanan müavinət məsələdir: 

“Ancaq bu tam da “uşaq pulu” deyil, başqa sosial məsələlər də həllini tapmalıdır. Yəni bunun alqoritmi başqa cür qurulmalıdır. Ancaq insanlara daha aydın olması üçün “uşaq pulu” məsələsinin həll oluması vacibdir.

Çünki cəmiyyətdə gözlənti həddindən artıq yüksəkdir. İkinci məsələ, kommunal xidmətlər və yaxud nəqliyyatda dövlət tərəfindən tənzimlənən qiymət artımının müəyyən məhdudiyyətləri olmalıdır. 

İndiki qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Məsələn, sabah Tarif (qiymət) Şurası nəqliyyatda gediş haqqını 5 manat da edə bilər. Ancaq qanunvericilikdə, dünyanın bir çox ölkələrində dövlət tərəfindən  tənzimlənən qiymətlərdə bir məhdudiyyət var. Yəni dövlət qurumları o məhdudiyyəti keçə bilməz. Bizdə belə bir məhdudiyyət yoxdur.

Düşünürəm ki, qanunla inflyasiyanın həcmindən daha çox qiymət artımına getməyi hökumətə qadağan etmək lazımdır. Bu zaman daha məntiqli olacaq. 

Qiymət artımı inflyasiyaya bağlı olacaq. Məsələn, indi dizel yanacağıının qiyməti 25 faiz artdı, ancaq inflyasiya o qədər deyil.

Üçüncü məsələ isə insanların azad şəkildə kiçik və orta sahibkarlıqla məşğul olması üçün ciddi şəkildə vergi güzəştlərinə ehtiyac var.  

Azərbaycanda vergilər kifayət qədər yüksəkdir. Bu kiçik və orta sahibkarlığın inkişafına müəyyən əngəllər yaradır. Bu, həm də sosial məsələdir.

Çünki vergilər azaldıqca kiçik və orta sahibkarlara daha çox pul qalır, onlar daha çox investisiya yatıra bilir, yeni iş yerləri yarada bilirlər.

Bu da sosial problemlərin həllində mühüm rol oynayır. Bu üç məsələ yeni parlamentin əsas hədəflərindən biri olmalıdır”. 

Seçilən
61
cebheinfo.az

1Mənbələr