Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) 2024 və 2025-ci illər üçün “OPEC+” alyansına daxil olmayan ölkələrdən neft tədarükünün artımı ilə bağlı proqnozunu saxlayıb.

İndex.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında qeyd edilib.

2024-cü ildə “OPEC+”a daxil olmayan ölkələrdən neft tədarükü sutkada 1,23 milyon barel artaraq gündəlik 52,98 milyon barel, 2025-ci ildə isə daha 1,1 milyon barel artaraq gündəlik 54,08 milyon barel təşkil edəcək.

Bu artımın hərəkətverici qüvvəsi neft hasilatı aprel ayında tarixi maksimuma yaxınlaşan ABŞ olacaq. OPEC-ə daxil olmayan ölkələrdən tədarükün ümumi artımının 0,51 milyon barelinin ABŞ-nin payına düşəcəyi gözlənilir (0,44 milyon barel – iyun proqnozu). Digər drayver ölkələr Kanada və Qayana olacaq.

OPEC hesab edir ki, 2025-ci ildə “OPEC+” alyansına daxil olmayan ölkələrdə tədarükün artması ABŞ, Braziliya, Kanada və Norveçdə də müşahidə olunacaq və əsas azalmanın isə Anqolada olacağı gözlənilir.