AZ

Qlobal güclər türk dövlətlərinin ittifaqından qorxur? - Qırğızıstana təzyiq haqqında

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qırğızıstanın ciddi xarici təsir altında olduğunu göstərən xəbərlər çoxalıb. Buna çevriliş cəhdləri (bu il ikinci hadisə bir neçə gün əvvəl qeydə alınıb), Qərbin narazılığına səbəb olan "Qeyri-kommersiya təşkilatları haqqında" Qanun (burada Gürcüstanla paralellər var), qeyri-hökumət təşkilatlarının nümayəndələrinin etirazları və s. aiddir.
Nə baş verir? Niyə Qırğızıstana belə təzyiq göstərilir? Burada Türk Dövlətləri Təşkilatı (TDT) ilə əlaqə varmı, axı TDT-nin inkişafı və Qırğızıstanın orada iştirakı hamının xoşuna gəlmir?
Tanınmış qırğız politoloq, regional təhlükəsizlik üzrə ekspert Mars Sariyev Oxu.Az-a şərhində qeyd edib ki, Qırğızıstanda baş verən prosesləri təsadüfi adlandırmaq olmaz:
- İlk növbədə, sözügedən hadisələr bu müstəvidə baş verən tektonik dəyişikliklərlə bağlıdır. Məsələ burasındadır ki, Türk Dövlətləri Təşkilatından yavaş-yavaş Türk İttifaqı formalaşır. Əlbəttə, bu, müəyyən qlobal oyunçuları narahat edir.
Həmçinin, Çindən (ÇXR) Qırğızıstan və Özbəkistan vasitəsilə yeni nəqliyyat dəhlizləri açılır. Qazaxıstandan Orta Dəhliz var. Bütün marşrutlar Azərbaycandan, daha sonra Gürcüstan və Türkiyədən keçərək Avropaya gedir. ÇXR sədri Si Cinpinin Tacikistana son səfərini qeyd etmək lazımdır. Bu, Kaşqardan (Çinin Sincan-Uyğur Muxtar Rayonu) Düşənbəyə, Daşkəndə və yenə də Xəzər, Azərbaycan vasitəsilə Gürcüstana - çinlilərin inşa etdikləri dərin su limanı Anakliyaya daha bir dəmiryol xəttinin açılmasının planlaşdırıldığını göstərir. Bu da qlobal oyunçuları narahat edir.
- Niyə?
- Bəzi qlobal güclər, xüsusən də əsrlər boyu dəniz kommunikasiya yollarını nəzarətdə saxlayanlar rəqabət istəmirlər. İndi isə Qırmızı dənizdə baş verənlərə baxaq, orada Yəmən husiləri ticarət gəmilərinin hərəkətini blokadaya alırlar. Nəticədə bu dəniz yolları o qədər də rentabelli olmur, quru yolla kommunikasiyalar isə onlar üçün ciddi rəqibə çevrilir.
Ona görə də mən Mərkəzi Asiyadan Cənubi Qafqaz, Gürcüstan və Türkiyəyə qədər Orta Dəhlizin bütün yollarında vəziyyətin gərginləşdirilməsi cəhdlərini istisna etmirəm. Ermənistan Cənubi Qafqazda destabilizasiya proseslərinin tətikçisi kimi istifadə edilə bilər.
Yeri gəlmişkən, biz Gürcüstanın çox uzaqgörən mövqeyini görürük, onu da bu oyuna cəlb etməyə çalışırdılar. Mərkəzi Asiyaya qayıdaraq qeyd edim ki, Tacikistanda sakitlik yoxdur, həbslər gedir, Əfqanıstanın şimalında yerləşən ekstremist qruplardan böyük təhlükə var. Onların Fərqanə vadisinə çıxmaq planı var və beləliklə, bütün Mərkəzi Asiyanı hərəkətə gətirmək olar. Bu da bizi ÇXR sədri Si Cinpinin səfərinə qaytarır. Pekin bu proseslərdən narahatdır. Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti də göstərdi ki, biz coşqun proseslərin ortasındayıq, böyük oyun gedir ki, əvvəllər onu Böyük Britaniya və Rusiya imperiyası oynayırdı. İndi oyunçular daha da çoxalıb.
- Qırğızıstanda, Gürcüstanda olduğu kimi, çoxlu qeyri-hökumət və qeyri-kommersiya təşkilatları (QHT və QKT) var. Onların nümayəndələri bu yaxınlarda Tbilisidə ciddi aksiyalar keçiriblər. İlin əvvəlində isə Bişkekdə etirazlar olub...
- Qırğızıstanda çoxlu sayda QKT var, ölkəmiz bu göstəriciyə görə Mərkəzi Asiyada liderdir. Həm Tbilisidə, həm də Bişkekdə başa düşürlər ki, QKT-lər ölkələrimizdəki müəyyən siyasi proseslərə hədəflənərək bu qeyri-kommersiya təşkilatlarını maliyyələşdirən müəyyən qlobal oyunçuların təsir alətidir. Ona görə də QHT-lərə aid qanun qəbul edilib. Başa düşülür ki, bu, rəngli inqilablar vasitəsilə dövlətlərin yenidən formatlaşdırılması üçün çox güclü alətdir.
Dövlət çevrilişi cəhdləri də həmin zəncirin halqalarıdır. Kimlərsə türk dövlətlərinin daha böyük birləşməsinin baş tutmasını, bunun da bütöv regionun formalaşmasına gətirib çıxaracağını heç istəmir.
Bununla belə, Ankara Çin rəhbərliyi ilə ortaq dil tapır ki, bu da Türkiyənin xarici işlər naziri Hakan Fidanın iyun ayında Çinə səfərində özünü göstərdi. Başa düşülür ki, Sincan oyun kartı kimi istifadə edilə bilər. Məsələn, Yaxın Şərqdə kürdlərlə belə oldu. Ermənilər Cənubi Qafqazda mifik "Böyük Ermənistan" kartını oynamaq istəyirdilər. Bizdə Mərkəzi Asiyada da nümunələr olub. Uyğur kartı qlobal oyunçular tərəfindən şişirdilirdi, lakin Hakan Fidanın səfəri mövqeləri razılaşdırmağa və Pekinə göstərməyə imkan verdi ki, türk ölkələri qurşağının formalaşması Çinə qarşı yönəlməyib və Sincanda destabilizasiyaya gətirib çıxara bilməz.
Ümumilikdə isə, ölkələrimizə belə hücum olduqda, Əfqanıstanın şimalındakı terror qruplarından təhlükə yarandıqda bizə səylərimizi koordinasiya etmək lazımdır. Yeri gəlmişkən, hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Qazaxıstan Respublikasında birgə keçirdikləri "Birlestik-2024" təlimləri türk dövlətlərinin birləşdiyini göstərir. Tacikistanın təlimlərdə iştirakı göstərir ki, Düşənbədə də regionun qarşısında duran təhlükələri dərk edirlər. Tərəfdaşlarımız başa düşməlidirlər ki, regionun bütün ölkələri özlərini istənilən risklərdən həmrəy şəkildə qoruyacaqlar. Hərbi təlimlər, ümumiyyətlə, daha tez-tez keçirilməlidir.
Nair Əliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
oxu.az

10Mənbələr