AZ

Ali təhsil almadan da peşəkar jurnalist olmaq mümkündür - Deputat və baş redaktor

Azərbaycanda maraq göstərilən, eyni zamanda müzakirə edilən ixtisaslardan biri də jurnalistikadır. Bu ixtisas nə dərəcədə əhəmiyyətlidir? Ölkəmizdə bu ixtisasa maraq hansı səviyyədədir, iş tapmaq mümkündürmü?
 

Modern.az mövzu ilə bağlı ekspertlərin rəylərini öyrənib.
 

VI çağırış Millİ Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin ardınca yaranan yeni reallıq həyatın bütün sahələrində olduğu kimi, ölkə mediasına da öz təsirini göstərmiş, Azərbaycan jurnalistikası sözün əsl mənasında özünün qızıl dövrünə qədəm qoymuşdur:


“Bütün sahələrdə, istər konstitusion səviyyədə təsbit edilmiş hüquq və azadlıqlar, o cümlədən mövcud qanunvericilik bazisi səviyyəsində azad və plüralist bir cəmiyyət quruculuğu, həmçinin insan hüquq və  azadlıqlarının ən mühüm istiqamətlərindən biri kimi media azadlığının etibarlı şəkildə tam və hərtərəfli təmin olunması qarşısında bu gün faktiki olar heç bir maneə qalmayıb. Məlumdur ki, ölkədə yeni "Media haqqında" Qanun qəbul edilib, o cümlədən yeni qanunvericiliyə uyğun olaraq media mənsublarının, jurnalistlərin fəaliyyətinə və onların müstəqil işinə xələl gətirən, yaxud hər hansı formada sui-istifadələrə yol aça bilən kənar mümkün təhdidlər tam şəkildə qanunvericilik sistemində neytrallaşdırılıb. Əlbəttə, bütün bunlar ölkədə media sahəsinə, o cümlədən jurnalistika peşəsinin prestijinə birmənalı şəkildə öz müsbət təsirini göstərir. Təbii ki, zaman keçdikcə jurnalistikanın qarşısında duran vəzifələr də əhəmiyyətli tranformasiyalara məruz qalıb, artıq media yalnız informasiya və maarifləndirmə funksiyası ilə kifayətlənmir, həmçinin cəmiyyətin yeni dövrə tranformasiyasında əhəmiyyətli rol üstlənməkdədir. Bu isə jurnalist peşəsi qarşısına yeni və ciddi tələblər qoyur. Bu sahədə ixtisaslaşmanı zərurətə çevirir, populist yanaşmalarla peşəkar təhlilləri, o cümlədən qərəzsiz, obyektiv xəbər yaradıcılığı məsələsini xüsusilə fərqləndirir. Təbii ki, ötən dövrün təcrübəsi göstərir ki, jurnalistika fəaliyyəti üçün sırf jurnalist ixtisası üzrə ali təhsil almayan şəxslərin də kifayət qədər ciddi uğurları var. Lakin yeni dövr və qarşıda dayanan yeni tələblər artıq daha çox ixtisaslaşmış yanaşma tələb etdiyi üçün jurnalistika sahəsində də peşəkar təhsil çox vacibdir”.
 

Onun sözlərinə görə, media fəaliyyətini spesifikliyini nəzərə alaraq jurnalistika ixtisası üzrə xüsusi qabiliyyət meyarlarının müəyyən olunması, təhsilə qəbul zamanı bu məsələyə istinad olunması mübahisəsiz zərurətdir:
 

“Təbii ki, aidiyyəti istiqamətdə transformasiyanın realizəsi zaman tələb edir və medianın bugünkü səviyyəsi deməyə əsas verir ki, Azərbaycan jurnalistləri prosesdən də üzüağ çıxacaqlar. Dövlətin prosesdə roluna gəlincə, bu gün dövlət-media əlaqələri kifayət qədər tarazlaşdırılmış formada qurulub, o cümlədən jurnalistlərin müstəqilliyi və azad fəaliyyətinə xələl gətirmədən mediaya dövlət dəstəyi institutu əvvəlki dövrlərdən daha çox təkmil və şəffaf formada təsbit olunub. Təbii ki, bu gün Azərbaycan mediasının qarşısında ciddi hədəflər var və biz görürük ki, Qərbin təlqin etdiyi "media prinsiplərinin" əksəriyyətinin həmin ölkələrin özündə tədbiqi reallaşmır, digər coğrafiyalarda isə həmin prinsiplər neoimperialist maraqlara xidmət etdiyi üçün artıq jurnalistlərimizin özü də qeyd olunan saxta prinsiplərdən tədricən imtina etməkdədirlər. Beləliklə, bu gün əminliklə demək olar ki, Azərbaycanda media azadlığı və maraqlar arasında faktiki uçurum mövcud deyil”.
 

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı qeyd edib ki, indi istənilən insan jurnalistika ilə məşğul ola bilir:
 

“İxtisasa olan tələbat insanların informasiya axtarışına bağlıdır. Jurnalistika diplomu alan bir çox insanlar bu sahədə çalışmır, amma qeyri-ixtisaslardan olan şəxslər bu sahədə çalışır. Bu gün ölkədə olan jurnalistika onu qane etmir. Samballı jurnalistlərimiz var, amma kütlə olaraq baxdıqda fəaliyyətləri məni qane etmir. Ali məktəblərdə verilən jurnalistika təhsilinin keyfiyyətini bilmək üçün gərək həmin universitetlərin təhsil prosesinə bələd olasan. Onu bilirəm ki, jurnalistlər ən azı bir, yaxud iki xarici dil bilməlidir”.
 

E.Şıxlı qeyd edib ki, jurnalist olmaq üçün xüsusi istedad lazımdır:
 

“Bu sahədə ali təhsili olmadan da peşəkar olan jurnalistlərimiz var. Əsas odur ki, insanın dünyagörüşü, mütaliəsi, yazı qabiliyyəti olsun. Bunlar olan yerdə insan jurnalist ola bilər. Həm də bu daxildən gələn bir şeydir. İndi görürük ki, ad qazanmış həmkarlarımızın çoxu mətbuat katibi olur və bununla da dövlət məmuruna çevrilirlər. Həmin insanlar jurnalistikaya tramplin kimi baxırlar. Belə insanların sayı heç də az deyil”.
 

Rəşid Qarayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
17
modern.az

10Mənbələr