11:46
İyulun 12-də İslamabadda Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib.
***
10:26
İyulun 12-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü başlayıb.
Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə topraqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirilib.
Hazırda ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Prezident Asif Əli Zərdari Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Dövlətimizin başçısı Pakistan Prezidentini COP29-a dəvət edib.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
***
11 iyul 2024-cü il
21:45
İyulun 11-də İslamabadda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi şam yeməyi verilib.
***
20:15
İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
VİDEO
Əvvəlcə Pakistanın Baş naziri çıxış edib.
Baş nazir Məhəmməd Şahbaz Şərifin bəyanatı-Mənim əziz qardaşım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Azərbaycan nümayəndə heyətinin hörmətli üzvləri, Pakistan nümayəndə heyətinin hörmətli üzvləri, xanımlar və cənablar. Əssalamu-aleykum.
Əziz qardaşım, Sizi Pakistanda salamlamaq məndə böyük məmnunluq və şərəf hissi oyadır. Siz öz dəyərli vaxtınızı sərf edərək qardaş ölkəyə səfər edirsiniz. Buraya eniş etdikdən bəri Pakistan xalqı Sizi televiziya ekranlarında və sosial mediada görməkdən çox məmnundur. Ona görə məmnundur ki, səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir. Cənab Prezident, 2023-cü ildə məni Azərbaycana dəvət etdiyiniz çox yaxşı xatirimdədir. Səxavətiniz və çox səmimi qonaqpərvərliyinizlə bağlı o xoş anları hələ də xatırlayıram. Nahar zamanı ləziz yeməyiniz hələ də xatirimdədir. Kaş onun dadına bir də baxa bilərdim. Lakin bunun üçün Sizin möhtəşəm ölkənizi yenə də ziyarət etməliyəm. İnşallah, noyabr ayında gələcəyəm.
Zati-aliləri, bu gün çox məhsuldar təkbətək görüşümüz və sonra geniş tərkibdə görüşümüz oldu. Bu müzakirələrin qarşılıqlı inam və etimad, hər iki ölkənin irəli getməli olduğuna və hələ də kiçik olan, təqribən yüz milyon dollardan az olan və dostluğumuzu, qardaşlığımızı əks etdirməyən ticarət, birgə investisiyalar, birgə əməkdaşlıq sahələrində, qarşılıqlı fayda verən sahələrdə daha yüksək nailiyyətlər qazanmalı olduğuna dair təcililik və sarsılmaz dəstək əsasında aparıldığından çox məmnunam. Əlbəttə ki, münasibətlərimiz onilliklər ərzində davam edir və hər iki ölkə arasında bayaq qeyd olunduğu kimi bu münasibətlər səmimi xarakter daşıyır. Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq.
Pakistan həmişə sizin Qarabağla bağlı mövqeyinizi dəstəkləmişdir və sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib. Eynilə mənim əziz qardaşım, Siz həmişə kəşmirlilərin haqq işini dəstəkləmisiniz. Mən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq öz müqəddəratını təyin etmək hüququna nail olmaq üçün yetmiş ildən artıq böyük qurbanlar vermiş milyonlarla insanı nəzərdə tuturam. Yaxın Şərqdə digər ölkələrlə yanaşı, Azərbaycan və Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdən olmuşdur. Mənim əziz qardaşım, böyük məmnunluqla böyük qardaşım Baş nazir Nəvaz Şərifin hakimiyyətdə olduğu dövrdə - 2017-ci ildə Pakistana səfərinizi xatırlayıram. Tarix yenidən təkrarlanır. Bu gün Siz Pakistanı ziyarət edirsiniz. Mən Nəvaz Şərifin kiçik qardaşı olaraq Pakistan hökuməti və xalqı adından Sizi qəbul edirəm.
Bugünkü ətraflı söhbət zamanı biz ikitərəfli ticarətimizi genişləndirməklə bağlı razılığa gəldik. Biz, həmçinin birgə əməkdaşlıq və birgə investisiya sahələrini müzakirə etdik. Qardaşım Prezident, icazənizlə deyim ki, biz qarşılıqlı mənfəətli layihələrə ilkin olaraq 2 milyard dollar dəyərində investisiyalarla bağlı müzakirə apardıq. Bu gün biz bununla bağlı ilkin müzakirələr apardıq. Sabah isə iki ölkənin nümayəndə heyətləri ilə rəsmi müzakirələr aparılacaq və sonra ümidvaram ki, mən noyabrda sizin möhtəşəm ölkənizə səfər edəndə, o vaxta qədər hər iki tərəf ilkin olaraq 2 milyard dollar dəyərində razılaşmaları imzalamağa hazır olacaq. İnşallah, bu göstəriciləri qarşıdakı illərdə milyardlarla dollaradək artırmaq üçün hər iki tərəfin böyük potensialı var. Əminəm, hər iki tərəf, xüsusilə Pakistan tərəfi qardaş ölkəmiz olan Azərbaycanın bu sürətinə çatmaq üçün gərgin işləyəcək ki, biz bu müzakirəni həqiqi fəaliyyətə çevirə bilək.
Əziz qardaşım, son olaraq Bakıda COP29-a ev sahibliyi etməyə hazırlaşdığınız bir vaxtda mən Sizə və hökumətinizə ən xoş arzularımı çatdırmaq istərdim. COP29 inkişaf etməkdə olan bütün ölkələr, o cümlədən Pakistan üçün mühüm beynəlxalq tədbir olacaq. Biz əminik ki, Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə, İnşallah, COP29 Pakistan kimi inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi məsələləri ilə bağlı nəticələrə nail olacaq.
Əziz qardaşım, Pakistana səfərinizə görə Sizə bir daha minnətdarlığımı bildirmək və təkrarlamaq istərdim ki, Zati-alinizin səfəri qardaşlıq əlaqələrimizdə həlledici məqam olacaq. Bu səfər, həqiqətən də iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın tamamilə yeni dövrünü açacaq. Mən qeyd etmək istərdim ki, bir qədər əvvəl sizin burada əyləşən ekspertlərinizdən biri tərəfindən hazırlanmış İslamabadın abadlaşdırılması planı təqdim olundu. Üzünüzü göstərmək istərdinizmi? O, özünün abadlaşdırma planını təqdim etdi. Biz bu cür planları bəzən İstanbuldan nümunə götürürdük, indi isə Bakıdan nümunə götürürük. Onun komandası bu yaxınlarda İslamabada səfər edəcək. Daxili işlər naziri də buradadır. Heyətin rəhbəri bu fürsətdən istifadə edib İslamabadı Bakıya oxşadacaq. Bu, İnşallah, sizə məşhurluq gətirəcək. Mən bir daha Sizə təşəkkürümü bildirmək və fikirlərinizi ifadə etmək üçün söz vermək istərdim. Təşəkkür edirəm.
***
Sonra dövlətimizin başçısı bəyanatla çıxış edib.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli Baş nazir, əziz qardaşım. İlk növbədə, dəvətə görə bir daha minnətdaram. Sizin gözəl ölkənizdə yenidən səfərdə olmaq böyük şərəfdir. Biz görüşəndə əziz qardaşımdan xahiş etdiyim ilk məsələlərdən biri salamlarımı və hörmətimi mənim çox hörmət etdiyim və 7 il əvvəl burada - bu binada görüşdüyüm qardaşım, Baş nazir Nəvaz Şərifə çatdırmaq oldu. İndi isə mən böyük qardaşımıza hörmətimi kameralar qarşısında ifadə etmək istəyirəm. Mənim Pakistana 7 ildən sonra qardaşımın qardaşı Baş nazir olduğu zaman səfər etməyim rəmzi məna kəsb edir.
Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və biz Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə etdik. Bir sözlə, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu “Multan” adlandırırlar. Beləliklə, onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu bağlantı böyük sərvətdir.
Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq.
Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır.
Biz Nazirlər Kabinetinin üzvlərinə bütün lazımi təlimatları vermişik. Onlar artıq təmas qurublar. Sabah səhər əziz qardaşımla növbəti görüşdən öncə onlar layihələri nəzərdən keçirmək və təhlil etmək məqsədilə yenidən görüşəcəklər. Yatıracağımız sərmayələrin ilkin həcmi, əziz qardaşımın qeyd etdiyi kimi, təxminən iki milyard dollardır. Biz energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq etdiyimiz müdafiə sənayesində bir sıra layihələri artıq nəzərdən keçirdik. Beləliklə, biz güclü tərəfdaşlığı nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də quracağıq. Baxın, bu gün nə qədər sənəd imzalandı. Biz həmin sənədlərin mübadiləsinin şahidi olduq. Onları mübadilə etmək çox vaxt apardı və təsəvvür edin ki, onların hazırlanması nə qədər vaxt tələb edib. Bu əsasla biz qarşılıqlı ticarətin həcmini birmənalı olaraq artıracağıq. Onlardan birini mən xüsusilə qeyd etmək istərdim. Bu, güzəştli ticarətlə bağlı sənəddir. Biz ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddəni müəyyən etdik. Lakin bu, yalnız başlanğıcdır. Əlbəttə ki, həmin şəxsin üzərinə böyük məsuliyyət düşür. Qardaşım ondan ayağa qalxmağı xahiş etdi ki, İslamabadda hər kəs onu tanısın. Bu abadlıq işlərində iştirak etmək böyük məsuliyyət və şərəfdir. Buyurun, əyləşin. Sizə deyə bilərəm ki, mən artıq qardaşımın xahişi ilə onu və onun heyətini ezam etdim və onlar müəyyən vaxt ərzində burada olublar. Onlar hörmətli Baş nazirə təqdim etdiyimiz layihənin ilk variantını hazırlayıblar. Onlar baxacaqlar, nəzərdən keçirəcəklər və əgər layihə təsdiqlənərsə, o, öz heyəti ilə dərhal buraya gələcək və gözəl şəhəri daha da gözəlləşdirmək üçün hər şeyi edəcəklər.
Qardaşlığa görə sağ olun, qardaşım. Dəstəyinizə görə sağ olun. Bir il öncə - iyun ayında Azərbaycana etdiyiniz səfər, deyərdim ki, bir növ sıçrayış oldu. Biz hər zaman bir-birimizi dəstəkləmişik. Biz hər zaman əməkdaşlıq etmişik. Lakin hazırda biz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar bizim planlarımızdır və bütün planlarımız icra olunacaq.
Dəvətə, qonaqpərvərliyə görə bir daha minnətdaram və qardaş Pakistan xalqına ən xoş arzularımı çatdırıram.
***
20:10
İyulun 11-də İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Mohammad İşaq Dar və Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş”i Pakistanın kommersiya naziri Cam Kamal Xan və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında preferensial ticarət Sazişi”ni Pakistanın kommersiya naziri Cam Kamal Xan və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mübadilə etdilər.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Kommunikasiyalar və Özəlləşdirmə Nazirliyi arasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın kommunikasiyalar və özəlləşdirmə naziri Abdul Alim Xan və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nu Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tarar və Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın energetika naziri Musadik Masud Malik və Azərbaycanın energetika naziri Pərviz Şahbazov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli İrs və Mədəniyyət İdarəsi arasında 2024-2029-cu illər üzrə mədəni mübadilə Proqramı”nı Pakistanın milli irs və mədəniyyət naziri Ataullah Tarar və Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın informasiya texnologiyaları və telekommunikasiya naziri xanım Şaza Fatima Xavaca və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə etdilər.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Pakistan İslam Respublikasının “Pakistan Televiziya Korporasiyası” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nu “Pakistan Televiziya Korporasiyası” MMC-nin sədri xanım Şahera Şahid və Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş”i Pakistanın Elm və Texnologiya Nazirliyinin katibi Ali Tahir və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i Pakistanın Əyalətlərarası Əlaqələndirmə Nazirliyinin katibi Nadim İrşad Kayani və Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i Pakistanın Aviasiya Nazirliyinin katibi Saif Ancum və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə etdilər.
“Bakı şəhəri (Azərbaycan Respublikası) ilə İslamabad şəhəri (Pakistan İslam Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Anlaşma Memorandumu”nu İslamabad Paytaxt Korporasiyasının rəhbəri Muhammad Ali Randhava və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Pakistan İslam Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsi arasında Anlaşma Memorandumu”nu Pakistanın Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsinin baş icraçı direktoru Sokrat Aman Rana və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mübadilə etdilər.
“Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyası arasında Anlaşma Memorandumu”nu Pakistanın Ədəbiyyat Akademiyasının sədri xanım Naciba Arif və Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov mübadilə etdilər.
***
18:50
İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü keçirilib.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif görüşdə çıxış edərək deyib:
-Mənim çox əziz qardaşım Prezident Əliyev və nümayəndə heyətinizin hörmətli üzvləri. İcazə verin, Sizi və nümayəndə heyətinizi Pakistan hökuməti və xalqı adından bir daha səmimi-qəlbdən salamlayım. Astanadakı görüşümüzdən sonra Sizinlə bir daha görüşməkdən böyük şərəf və iftixar hissi duyuruq.
Telefon söhbəti zamanı ölkəmizə səfərə dəvətimi qəbul etdiyinizə görə Sizə olduqca minnətdaram. Siz dəvəti qəbul edərək, tez bir zamanda səfərin tarixini müəyyənləşdirdiniz. Sizi əmin etmək istəyirəm ki, Pakistan xalqı Sizi televiziyada və sosial mediada gördüyü üçün bu gün çox məmnundur. Onlar bilirlər ki, mənim əziz qardaşım Prezident Əliyev Pakistanı və Pakistan xalqını güclü dəstəkləyən şəxsdir. Azərbaycan xalqı Pakistan xalqını sevir. Qarşılıqlı olaraq Pakistan xalqı da Azərbaycan xalqına çox minnətdardır və onu sevir. Bu, sanki bir qəlbdə döyünən iki ürəkdir. Bu dostluq, qardaşlıq yeni deyil. O, onillikləri əhatə edir. Pakistan həmişə hər məsələdə Azərbaycanın yanında olub və Azərbaycan da hər zaman bütün hallarda Pakistanın yanında olub. İstər söhbət BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində təsbit edilmiş hüquqları ilə bağlı Kəşmir əhalisinə dəstəkdən və əlbəttə ki, istərsə də bir çoxlarının dəstəklədiyi referendum keçirmək hüququndan getsin. Pakistan Qarabağ məsələsində həmişə Azərbaycanın mövqeyini dəstəkləmişdir və heç vaxt dəstəyini dayandırmamışdır. Hesab edirəm ki, bu, bizim dostluq və qardaşlıq münasibətlərimizin gücüdür. Bu gün Sizin səfəriniz vəziyyəti dəyişdirəcək, münasibətlərimizi transformasiya edəcək.
Bizdə imzalanmalı müvafiq anlaşma memorandumları və sazişlər var. Elə indicə Siz mənə İslamabadın gözəlləşdirilməsi ilə bağlı tövsiyənizi verdiniz. Bu, Sizin Pakistana olan maraq və sadiqliyinizi nümayiş etdirir. Təşəkkür edirəm. Biz əlimizdən gələni edəcəyik. Sizin mütəxəssisləriniz əllərindən gələni edəcəklər. Lakin hesab etmirəm ki, biz şəhərimizi Sizin müdrik rəhbərliyinizlə olduğu kimi Bakı qədər gözəl edə bilərik.
Zati-aliləri, düşünürəm ki, mümkün və mənfəətli olan sahələrdə əməkdaşlıq və birgə investisiyalar istiqamətində irəliləməyin vaxtı çatıb. Mənim komandam hazırdır. Neft naziri doktor Musadik Malik haradadır? Mən təfərrüatı ilə hazırlaşmaq, həmkarlarına ən mənfəətli və hər iki ölkəyə, xalqa dividendlər gətirən təkliflər irəli sürməsi üçün onunla iki görüş keçirdim. Bu kontekstdə mən bir qədər əvvəl Azərbaycandan bu sahələrə müəyyən investisiyalar yatırılmasını təklif etdim. Bir şərtlə ki, Siz və komandanız onları ilkin olaraq 2 milyard dollardan başlayaraq təsdiqləyəsiniz və sonra biz həqiqətən də irəli gedə bilək.
Bundan əlavə, əlbəttə ki, Pakistanın xeyrinə böyük lütfünüzə - düyü ixracına görə mən necə təşəkkür etməyə bilərəm. Heç bir gömrük rüsumu yoxdur, düyü ixracı rüsumdan tamamilə azad olunub. Azərbaycandan başqa heç bir ölkə bunu etməyib. Məhz buna görə biz bu unikal əlaqələrdən bu qədər məmnunuq.
Zati-aliləri, mən daha bir neçə məqamı qeyd edərdim, lakin indi sözü Sizə verirəm.
***
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib:
-Əziz qardaşım Baş nazir. İlk növbədə, dəvətə görə təşəkkür edirəm. Yenidən qardaş ölkə Pakistanda olmağa və Sizinlə fəal dialoqumuzu davam etdirməyə çox şadam. Biz beynəlxalq tədbirlər çərçivəsində, həmçinin ötən ilin iyununda Sizin Azərbaycana rəsmi səfəriniz zamanı dəfələrlə görüşmüşük. Sizin doğru olaraq qeyd etdiyiniz kimi, biz bir aydan az vaxt bundan əvvəl bir-birimizi Qurban bayramı münasibətilə təbrik edərkən bu səfərlə bağlı razılığa gəldik. Komandalarımız görüşə hazırlıq üçün gərgin və fəal şəkildə çalışdılar. O, yaxşı təşkil olunub. Biz əməkdaşlığımızın bir çox sahələrini əhatə edən 15 sənəd imzalayacağıq. Lakin Siz tamamilə haqlısınız, tərəfdaşlığımızın təməlini bizim qardaşlığımız, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir. Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq. Biz əlbəttə, xatırlayırıq ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi. Bizim Cəmmu və Kəşmirlə bağlı mövqeyimiz yaxşı məlumdur. Biz İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəkləyirik və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik. Beləliklə, haqq Sizin tərəfinizdədir, ədalət, beynəlxalq hüquq Sizin tərəfinizdədir. Azərbaycan öz mövqeyini birmənalı şəkildə ifadə edən və öz mövqeyini müdafiə edən ölkələrdən biridir. Biz ikitərəfli formatın geniş gündəliyini hazırladıq. Sahələrdən biri investisiya imkanlarıdır. Bu gün bir qədər əvvəl görüşümüz zamanı müzakirə etdiyimiz kimi, biz Pakistanda investisiya layihələri ilə bağlı praktiki təklif görmək istəyirik. Komandalarımız əlbəttə ki, bu gün bununla məşğul olacaqlar.
***
17:45
İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə məhdud tərkibdə görüşü olub.
***
17:40
Pakistan İslam Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 11-də İslamabadda rəsmi qarşılanma mərasimi keçirilib.
VİDEO
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Əvvəlcə rəsmi foto çəkdirilib.
Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.
Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçib.
Pakistan nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Baş nazir Məhəmməd Şahbaz Şərifə təqdim olunub.
14:12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda milli abidəni ziyarət edib.
Azərbaycanın və Pakistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı milli abidənin önünə əklil qoyub.
Sonra “Fatihə” surəsi oxunub.
Qeyd edək ki, Pakistan xalqının milli birliyini təcəssüm etdirən bu abidənin inşasına 2004-cü ildə başlanılıb. Zəngin Moğol memarlıq üslubunda yaradılan abidənin 2007-ci il martın 23-də açılışı olub.
***
13:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gəlib.
Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb.
Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılayıb.
Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşüblər.