AZ

Bakıda universitet yataqxanaları – Şərait və qiymətlər necədir?

İyul ayında ali təhsil müəssisələrinə qəbul imtahanları yekunlaşır. Müsabiqə şərtlərini ödəyənlər ixtisas və universitetləri seçərək tələbə adını qazana biləcəklər.

Hər bir abituriyentin arzusunda olduğu tələbə həyatının qayğıları da var. Tələbələri ən çox narahat edən məsələlərdən biri yaşayış yeridir. Xüsusilə, bölgələrdən paytaxta oxumağa gələnlər kirayə mənzil tapmaqda çətinlik çəkirlər. Hər il dərslər başlananda Bakıda kirayə mənzillərin qiyməti də artır. Ona görə də tələbələr üçün münasibi tələbə yataqxanalarıdır.

Bəs Bakıda yerləşən universitetlərin hamısının yataqxanası varmı? Yataqxanalar təhsilalanlara hansı şərtlərlə verilir?

Bizim.media universitetlərin tələbə yataqxanaları ilə bağlı araşdırma aparıb.

Azərbaycan Tibb Universitetinin Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, hazırda universitetin dörd yataqxanası fəaliyyət göstərir:

“3 saylı yataqxana əsaslı təmirə dayandırılıb. Yataqxanaların ümumi tutumu 1 000 nəfərə yaxındır. 1 və 2 saylı yataqxanada Azərbaycan vətəndaşı olan qız tələbələrimiz, 6 saylı yataqxanada Azərbaycan vətəndaşı olan oğlan tələbələrimiz, 5 saylı yataqxanada isə əcnəbi tələbələrimiz yaşayırlar. Hər tədris ilinin başlaması ilə əlaqədar sentyabr ayının 1-dən etibarən yataqxanaya müraciət etmiş tələbələrimizin yerləşdirilməsi prosesi başlayır. Onu da qeyd etmək istərdik ki, Azərbaycan vətəndaşı olan oğlan və qız tələbələrimiz 100% yataqxana ilə təmin olunurlar”.

O bildirib ki, yataqxanalarda aylıq qiymətlər 60-110 manat arasında dəyişir:

“2013-cü ildən universitet özünü maliyyələşdirməyə keçdikdən sonra Elmi Şuranın qərarı ilə yataqxanada yaşamaq üçün müəyyən pul vəsaiti köçürülür. Bu məbləğ yataqxanadan və otağın tutumundan asılı olaraq dəyişir. Ödəniş birnəfərlik otaqlar üçün ayda 110 AZN, ikinəfərlik otaqlar üçün – 80 AZN, 3-4 nəfərlik otaqlar üçün isə 60 AZN təşkil edir. Lakin şəhid ailələrinin üzvü və valideyn himayəsindən məhrum olan tələbələr yataqxanaya ödənişsiz yerləşdirilirlər. Qazi uşaqlarına və I qrup əlil valideyni olan tələbələrə də müəyyən güzəştlər edilir.

Universitet yataqxanaları həmişə rektorun, Universitet Həmkarlar İttifaqı Komitəsinin və təsərrüfat şöbəsinin nəzarəti ilə daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsi olaraq yataqxanalarda oxu zalı, istirahət otağı fəaliyyət göstərir və daim internetlə təmin olunur”.

Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elnarə Məmmədova hazırda tələbələrin yataqxanalardan istifadə edə bilmədiklərini qeyd edib:

“Universitetin yataqxanasında məcburi köçkünlər məskunlaşıblar. Hələ ki köçürülmə yoxdur, köçürülmə olduqdan sonra bu məsələyə baxılacaq. Yəqin ki, yenilənib istifadəyə veriləcək. Hazırda həmin yataqxanalarda məcburi köçkünlər yaşayırlar. Ümumilikdə universitetin beş yataqxanası var. Köçürmə proqramı çərçivəsində mərhələli şəkildə həyata keçirilir. Bu il bizim yataqxanadakı məcburi köçkünlərin proqrama salınması ilə bağlı məlumatımız yoxdur. Sentyabr üçün istifadəyə verilə bilməyəcəyi dəqiqdir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov bildirib ki, yeni yataqxana tikintisi üçün müvafiq qurumlarla danışıqlar aparılır:

“Universitetin yataqxanası 320 nəfərlikdir, əsasən, əcnəbi tələbələr üçün nəzərdə tutulsa da, yerli tələbələr də yataqxanada qala bilirlər. Yataqxana 2 və ya 3 nəfərlik otaqlar şəklində fəaliyyət göstərir. Bir otağın qiyməti 100 manatdır, iki nəfər qaldıqda hər bir tələbə 50, 3 nəfər qaldıqda isə hər bir tələbə 34 manat vəsait ödəyirlər.

Universitetin Tələbə Həmkarlar İttifaqının xətti ilə maddi imkanı aşağı olan, sosial həssas ailə qrupundan olan tələbələr müraciət etdikdə onların yataqxana xərci Tələbə Həmkarlar İttifaqı tərəfindən ödənilir. Hazırda universitet bir neçə qurumla yeni yataqxananın inşa olunması ilə bağlı danışıqlar aparır. Bu məsələdə irəliləyiş olduqda ictimaiyyətə geniş məlumat veriləcək”.

Mədəniyyət və İncəsənət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Şəhanə Müşfiq də ali təhsil müəssisəsinin yataqxanalarında məcburi köçkünlərin məskunlaşdığını qeyd edib:

“Universitetin yataqxanasında I Qarabağ müharibəsi zamanı öz torpaqlarından məcburi köçkün düşənlər yerləşdiriliblər. Elə o vaxtdan da onlar yaşayırlar. İndi məcburi köçkünlərin işğaldan azad olunmuş torpaqlara qayıdışı başlayıb, mərhələ-mərhələ köçürülürlər, yəqin ki, proses bitəndən sonra məsələ qaldırılacaq. Hələ ki yeni bir məlumat yoxdur”.

Seçilən
183
4
yenicag.az

10Mənbələr