AZ

Bakının bitməyən avtobus dərdi

Yeni qaydalar taksi sistemini də xaosa uğratdı

İctimai nəqliyyat Bakının əzəli-əbədi problemidir. Hələ sovetlər vaxtından davam edən bu məsələnin həlli yolu tapılmır. İyuldan ictimai nəqliyyatda qiymətlər artdı, taksilər üçün yeni qaydalar tətbiq edildi. Bu addımların keyfiyyətin artırılması üçün edildiyi bəyan olunmuşdu. Ancaq müşahidələr göstərir ki, paytaxtda vəziyyət son iki həftədə daha da pisləşib.

Vətəndaşlar intervalın daha da artmasından, avtobusların bir çoxunda kondisioner olmamasından, sıxlıqdan şikayətlənir. Taksilər isə çox maraqlı metodlara əl atır - sifariş verirsən, qiyməti görür və imtina edir, hansı ki, 10 gün əvvəllə müqayisədə ikiqat hesablanmış məbləğdir. Həmçinin, təzə maşın qeydiyyatdan keçsə də, sifarişə köhnə maşınlar gəlir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məsələnin optimal həll yolunu niyə tapa bilmir?

Elməddin

Elməddin Muradlı 

Mövzu ilə bağlı  nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a danışıb. Ekspert öncə taksi xidməti ilə bağlı məsələdən danışıb:

“Uzun illərdir ki, bu məsələ ilə bağlı uzun illərdir ki, narahatçılıqlar və narazılıqlar mövcuddur. Ən çox da sosial şəbəkələrdə hər gün vətəndaşlar sürücülərlə bağlı şikayətlər edirdilər. Bu şikayətlərin sayı getdikcə daha da artmağa başlayırdı və cəmiyyət arasında bir narahatlıq formalaşmışdı.

Beləliklə, taksi xidmət sahəsində tənzimləməyə ehtiyac yaranmışdı və bu ehtiyacı da qarşılamaq üçün Nazirlər Kabineti tərəfindən addımlar atıldı, yeni qərarlar qəbul edildi. Nəticə də göz qabağındadır. Hazırda xidmətə yarasız xeyli sayda sürücü və nəqliyyat vasitəsi kənarda qalıb.

Lakin indi ortaya çox xırda elementlər çıxır. Məsələn, hazırda şikayətlər var ki, “kondisioner niyə yanmadı”, “kondisionerin yanması üçün sürücü əlavə pul istəyir” və sairə. Bu, sadəcə  xidmətə kölgə salmaq cəhdidir. Çünki Nazirlər Kabinetinin təsdiq etdiyi qərarda açıq şəkildə yazılıb, “Avtomobil nəqliyyatı haqqında”da qanunda da konkret göstərilib ki, Azərbaycanda taksi avtomobilində mütləq isitmə və soyutma sistemi olmalıdır. Lakin belə görünür ki, bəziləri təsəvvür yaratmaq istəyir ki, sürücü də, sərnişin də, şirkət də narazıdır. Amma belə bir şeylər yoxdur.

Qeyd etdiyim kimi, bəzi sürücülər sərnişindən kondisioner üçün əlavə pul tələb edir. Onsuz da yeni qərarlardan sonra taksi xidmətində qiymətlər artıb, sərnişinlər əvvəllər 3 manata getdikləri yol üçün indi 5-6 manat ödəyirlər. Amma sürücülər kondisioner yandırmaqdan imtina edir, deyirlər ki, “bunun üçün ayrıca 1 manat ödəməlisiz” və yaxud “kondisioneri yandırmıram, kondisioner yandırmaq borcum yoxdur” və sairə. Biz hansı dövrdə yaşayırıq? Bu nə deməkdir? Bu, biabırçılıqdır.

Daha bir məsələ, sərnişinlər şikayətlənir ki, taksi xidməti sifariş edəndə sistemdə yeni avtomobil görünür, amma sifarişə çox köhnə, tör-töküntü avtomobil gəlir. Bu barədə sürücüyə sual verəndə deyir ki, “sistemdə görünən AYNA üçündür”".

Ekspert qeyd edir ki, neqativ hallara yol verən sürücülər bu sahədə fəaliyyətlərini itirə, şirkət sahibləri isə böyük məbləğdə cərimə cəzası ala bilərlər:

“Şirkətlər öz sürücülərinə nəzarət etməlidir. Həmin sürücülərin gələcək fəaliyyəti sual altına düşə bilər. Buna görə isə şirkətləri 40 min manat cərimə gözləyir. Əminəm ki, şirkətlər heç vaxt istəməzlər ki, bu cür maliyyə itkisinə razı olsunlar”.

O ki qaldı ictimai nəqliyyatda öz həllini tapa bilməyən problemlərə, ekspert qeyd edir ki, ictimai nəqliyyatda qiymətin cəmi 10 qəpik artması ilə bu problemləri həll etmək mümkün deyil:

“Həqiqətən də 10 qəpiklə ictimai nəqliyyatda mövcud olan çox sayda problemləri həll etmək mümkün deyil. Bunun üçün milyonlarla vəsaitə ehtiyac var.

Hazırda dövlət daşıyıcı şirkətlər qarşısında məsələ qoyub ki, elektrikli avtobuslar alınmalıdır. Bir elektrik avtobusunun dəyəri isə 600-650 min manat civarındadır. Bu hələ Çin istehsalı olanıdır. Nəticədə daşıyıcı şirkətlər çox çətin vəziyyətdə qalırlar. Şirkət sahibləri bir avtobusa 650 minat verib ölkəyə gətirib, sonra da 50 qəpikdən sərnişin daşısa, maya dəyərini, xərclərinin nə vaxt çıxarda biləcək? Hesablamalara görə Bakıda bir sərnişin daşınması 82-85  qəpiyə başa gəlir, amma qiymət 50 qəpikdir. Üstəlik dövlət tərəfindən heç bir subsidiya, dotasiya verilmir Xarici ölkələrdə isə ictimai nəqliyyat subsidiya və dotasiyalar ilə işləyir".

Xalidə GƏRAY
“Yeni Müsavat”

Seçilən
168
13
musavat.com

10Mənbələr