Müxtəlif ölkələrin liderləri, hətta Çin lideri Si Szinpin Donald Trampa qarşı sui-qəsdi pisləyib, bircə Rusiya Prezidenti Vadimir Putindən hələ açıqlama yoxdur. Putinin Trampa münasibəti müsbət olsa da, ABŞ-ın Ukraynaya maliyyə və hərbi dəstəyi Kreml sahibinə sui-qəsdi pisləməyə imkan vermir. Halbuki terrorçular 2001-ci ilin 11 sentyabrında Amerikaya hücum etdikdə keçmuş prezident Corc Buşa ilk zəng edənlərdən biri Vladimir Putin olmuşdu. Putin terrorçuların Amerikaya hücumunu pisləməklə yanaşı terrorçularla mübarizədə ABŞ-a dəstək vədi vermişdi.
Musavat.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, dövran dəyişib, Rusiya-ABŞ münasibətləri tərəfdaşlıqdan düşmənçilik müstəvisinə keçib və hər hansı dəstəkdən danışmaq mümkün deyil:
"Eyni sözləri Çinə də aid etmək olar. Szinpinin Trampa qarşı sui-qəsdi pisləməsinə baxmayaraq, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin vitse-prezidenti Rob Vittman Çinin Afrikadakı fəaliyyətini "cinayət" adlandırıb. "Çin Yer üzündə ən böyük insan haqlarını pozan ölkədir" deyən konqresmen Çin şirkətlərinin Afrikada işçiləri istismar ediyini və ətraf mühitə zərər vurduğunu bildirib. Sui-qəsdə uğrayan Donald Trampın da Çinə münasibəti bəllidir. Prezidentliyi dövründə Çin məhsullarına qarşı gömrük vergilərini ilk qaldıran Donald Tramp olmuşdu. Trampın Ukrayna Prezidenti Vladimir Zelenskidən də xoşu gəlmir, o Ukraynaya dəstəyin yanlış olduğunu vurğulayır".
Politoloq vurğulayıb ki, sui-qəsd cəhdindən sonra liderlər özlərini Donald Trampın prezidentliyə hazırlamalıdırlar.