AZ

Lionel Messi - futbol tarixinin qənimətlərlə ən zəngin futbolçusu!

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi futbol tarixinin qənimətlərlə ən zəngin futbolçusuna çevrilib.

Arena.az xatırladır ki, Argentina yığması Amerika Birləşmiş Ştatlarında keçirilmiş 2024-cü il Amerika Kubokunun qalibi adını qazanıb.

“Albiseleste” final oyununda Kolumbiya yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək, çempion olub.

Bu oyun Argentina yığmasının kapitanı Lionel Messi üçün əlamətdar olub. Argentinalı ulduz futbolçu karyerasında 45-ci qənimətini qazanaraq, mütləq rekorda imza atıb. Beləliklə, “Leo” dünya futbol tarixinin ən çox qənimət qazanmış futbolçusudur. Buna qədər argentialı hücumçu bu adı Braziliya millisinin keçmiş müdafiəçisi Daniel Alveslə bölüşürdü (44 qənimət).

Messi 2024-cü il Amerika Kubokunda 4 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Buna qədər Messi yalnız “Barselona” və PSJ-də çıxış edib.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 187 oyun keçirib, 109 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

“Transfermarkt” internet-portalı 37 yaşlı Lionel Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
6
arena.az

10Mənbələr