AZ

Azərbaycan-Pakistan münasibətləri yüksək səviyyədə inkişaf edir

Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistan İslam Respublikasıdır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər edib, bir il sonra - 1996-cı ilin aprelində isə Ulu Öndər Heydər Əliyevin dost ölkəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyıb.

Pakistan İslam Respublikası Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Azərbaycan və Pakistan arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

Azərbaycan və Pakistan həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Dövlətimizin başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci il 28 fevral-1 mart tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirib.

İyul ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pakistana etdiyi rəsmi səfəri bu əlaqələrin daha da dərinləşməsinə və möhkəmlənməsinə yeni təkan verəcək. Qarabağ problemində hər zaman ölkəmizin mövqelərini dəstəkləyən Pakistana Azərbaycan da öz növbəsində daim Cəmmu və Kəşmir məsələsində dəstək verib. Bu məqam öz əksini cənab Prezident İlham Əliyevin iyulun 11-də İslamabadda mətbuata bəyanatla etdiyi çıxışında bir daha öz əksini tapıb.

Öz növbəsində Azərbaycan xalqı da 44 günlük müharibə dövründə bizimlə bir yerdə məhz Türkiyə və Pakistanın olduğunu, hər iki ölkənin müharibə zamanı Azərbaycana ciddi siyasi dəstək nümayiş etdirdiyini çox gözəl bilir.

Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin keçirdikləri həm təkbətək, həm də geniş tərkibli görüşlər zamanı ticarət və iqtisadi əməkdaşlıq, enerji, daşımalar, müdafiə sənayesinə aid mühüm məsələlər ətraflı müzakirə olunub. Keçirilən görüşlərdən sonra cənab Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, səfər çərçivəsində imzalanmış sənədlər ölkələrimiz arasında tərəfdaşlığı daha da gücləndirəcək. Həmçinin qeyd olunub ki, görüşlərin gedişində regional təhlükəsizlik məsələləri də ətraflı təhlil olunub.

Hər hansı bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qarantı kimi yalnız həmin ölkənin güclü hərbi potensialı çıxış edə bilər. Məhz bu səbəbdən də Azərbaycan və Pakistan rəhbərləri arasında aparılan müzakirələrdə müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi yer alıb.

Öz bəyanatında cənab Prezident İlham Əliyev həmçinin bildirdi ki, Azərbaycan ilə Pakistan arasında ticarət və sərmayə sahəsi, enerji sahəsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub və qərara alınıb ki, iki ölkə arasında ticarət həcminin artırılması üçün daha ciddi səylər göstərilsin. Eyni zamanda Azərbaycan və Pakistan şəhərləri arasında, xüsusilə də paytaxtlar arasında uçuşların sayının artırılması barədə əldə olunmuş razılıq ölkə rəhbərlərinin bu görüşlərinin yaxşı nəticəsi olacaqdır. Beləliklə, əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı,
Müdafiə Sənayesi Nazirliyi
Elmi-Tədqiqat İnstitutunun əməkdaşı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
ikisahil.az

10Mənbələr