AZ

Fransa və Yunanıstanın Ermənistanı silahlandırması Qərbin özünə ziyan vurmağa başladı...

Image

Azərbaycan Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəfdir. Hazırda sülh sazişi layihəsi üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları mövcuddur. Bu da prosesin sürətlə getməsinə ciddi əngəl yaradır. Çünki konstitusiyada, eləcə   də  bir sıra qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar, revanşizm cəhdlərinin mövcudluğu ölkəmizə qarşı Ermənistandan irəli gələn təhdidlərin miqyasını nümayiş etdirir.

Bundan əlavə, Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyi olaraq qalır. Özü də bu prosesdə müəyyən Qərb ölkələrinin aktivlik dərəcəsi olduqca yüksəkdir. Onların arasında iki ölkəni xüsusi qeyd etmək lazımdır. Bunlar Fransa və Yunanıstan­dır. Hindistan da prosesdə aktiv rol alır. Xatırladaq ki, Fransa uzun illər Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli üçün vasitəçilik edən, tarixin arxivinə gömülmüş ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri olub. Ermənistanın müharibədəki məğ­lubiyyəti Fransanın üzündən maskasının düşməsinə səbəb oldu.  Fransanın, Hindistanın və Yuna­nıstanın Ermənsitanı silahlandırması məsələsi cari ilin aprelində ADA Universite­tində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum­da prezident İlham Əliyevin toxunduğu məsələlərdən biri oldu. Dövlət başçısı bildirdi ki, əsas narahatlıq Ermənistanda potensial və mövcud revanşist meyillərdir: “Beləliklə, Er­mənistanda baş verənlərin hamısına çox ciddi yanaşmaq üçün tam haqqımız var. Ancaq biz onların daxili işlərinə və ya uzaqda yerləşən başqa ölkələrlə müna­sibətlərinə heç bir halda qarışmırıq. Biz heç vaxt heç bir ölkənin daxili işinə qa­rışmırıq və bunu bütün qonşularımız bi­lir. Amma bu, bizim milli təhlükəsizliyi­mizlə bağlı bir məsələdir. Biz Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı bizə qarşı necə silahlandırdığını və bunu açıq, nümayişkaranə şəkildə etdiyini, sanki bizə nəyisə sübut etməyə çalışdığı­nı görüb, sakit oturub gözləyə bilmərik. Biz sadəcə oturub gözləyə bilmərik və bu mövqeyi Ermənistan hökumə­tinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq. Bəziləri təhlükəli, bə­ziləri isə təhlükəli olmayan, amma bu o dərəcədə vacib deyil, həmin silahlar Er­mənistana çatdırılır”. Bu fonda Azərbaycan digər preventiv tədbirlər də görmək məcburiyyətində qalır. Amma bundan uduzan sonda Qərbin olduğuna dair ABŞ və Avropada etiraflar artır. Məsələn, amerikalı təhlilçi Pol Qobl Ceymstaun Fondunun saytında dərc olunmuş təhlildə yazır ki, Azərbaycanın Çin və İranla münasibətlərini genişləndirməsi Moskvanın xeyrinədir, Qərbə ziyan vurur. Müəllif son iki həftədə Azərbaycanın Çin və İranla əlaqələrində əhəmiyyətli istiləşməyə diqqət çəkir. Belə ki, Bakı və Pekin strateji tərəfdaşlıq elan ediblər. Bakı Tehrandakı səfirliyinin işini bərpa edib: “Bu razılaşmalar Cənubi Qafqazda həm Şərq-Qərb, həm də Şimal-Cənub tranzit marşrutlarının inkişafına təsir göstərəcək, Ermənistanın hesabına Azərbaycanın əhəmiyyətini artıracaq, həmçinin regionda güc balansını dəyişəcək”.

Təhlilçinin fikrincə, Bakının Moskvanın təbliğ etdiyi antiqərb ölkələrlə daha sıx alyans yaratması Qafqazda və onun hüdudlarından kənarda Rusiyanı gücləndirir, Qərbin mövqeyini zəiflədir. Xatırladaq ki, iyulun 4-də Azərbaycan və Çin liderləri Astanada strateji tərəfdaşlıqla bağlı deklarasiya imzalayıblar. Sənəddə iki ölkənin iqtisadi, hərbi və strateji baxımdan daha sıx işləməsi nəzərdə tutulur. İyulun 15-də isə Azərbaycan Tehrandakı səfirliyinin işini bərpa edib. Səfirlik 2023-cü ilin yanvarında silahlı hücumdan sonra bağlanmışdı. Pol Qobl  qeyd edir ki, Çin və İranla əlaqələri gücləndirən Bakı Cənubi Qafqazda güc balansını dəyişir. Bu halda öz günahı üzündən Qərbin mövqeyi zəifləyir. O, Çinin Qafqazda nüfuzunu genişləndirməyə, Qərblə özü arasında Şərq-Qərb tranzitini təmin etməyə çalışdığını vurğulayır. P.Qoblun fikrincə, elə Azərbaycan da Qərbin Ermənistana dəstəyindən narazılığını bildirmək üçün Çinlə əlaqələrini vurğulamaqda maraqlıdır. Yəni Bakı göstərmək istəyir ki, Azərbaycanın çoxlarının düşündüyündən daha çox manevr imkanı var. Təhlilçi qeyd edir ki, Azərbaycan Çin sərmayəsi sayəsində daha çox hərəkət azadlığı qazanacaq, İranla əlaqələrin yaxşılaşdırılması isə Zəngəzur dəhlizinin açılması yönündə daha çox irəliləyişə malik olmaq imkanı verər: “Ermənistan öz ərazisindən keçən ticarət dəhlizlərində Çin və İranın dəstəyini itirəcək, çünki həm Tehran, həm də Pekin Moskvaya qoşularaq Azərbaycandan keçən marşrutları dəstəkləyə bilər. Belə bir dəyişiklik isə Bakı və digərləri ilə danışıqlarda İrəvanın mövqeyini zəiflədə bilər”. Müəllif regiondakı mənzərənin Qərb üçün daha ağır olduğunu yazır. Azərbaycanla əlaqələri gücləndirən Çin təkcə Cənubi Qafqazdakı ticarət marşrutları üzərində nüfuzunu artırmır, həm də İran və Rusiya ilə tərəfdaşlığı möhkəmləndirir. İran Moskvanın müttəfiqi və silah təchizatçısı olaraq mövqeyini gücləndirir. Rusiya isə bu vəziyyətin ən böyük benefisiarıdır. Əslində keçmişdə Moskva Çin və İranın regionda təsirinin artmasına qarşı çıxıb. Amma indi bu ölkələrin Azərbaycanı da antiqərb koalisiyasına cəlb etməsi onu məmnun edir. Azərbaycan rəsmiləri isə ölkənin xarici siyasətdə dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq etdiyini bildirir. Bu ay Azərbaycan BRICS-in tamhüquqlu üzvü olmaq istəyini də dilə gətirib. 2024-cü ilə qədər bu təşkilatın beş üzvü var idi - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası. Bu il isə təşkilata Birləşmiş Ərəb Əmirlikləri, İran, Efiopiya və Misir də qoşulub.

Nahid SALAYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
baki-xeber.com

10Mənbələr