AZ

İlham Əliyev ilə Olaf Şolts arasında görüş keçirilib - (Yenilənib) - Fotolar

İlham

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.

Reyting.az
xəbər verir ki, söhbət zamanı prezident İlham Əliyevin bu ilin aprelində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı məmnunluqla xatırlanıb, bu çərçivədə Olaf Şolts ilə keçirilmiş görüş və müzakirə olunan məsələlər bir daha vurğulanıb.

Almaniya Kansleri Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kanslerinin təşəbbüsü ilə Azərbaycan prezidentinin Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş birgə görüşünün vacibliyi bildirilib.

Bunun ardınca Almaniya tərəfinin dəstəyi və ev sahibliyi ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşünün keçirildiyi qeyd olunub.

Dövlətimizin başçısı Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesinin tərkib hissəsi kimi sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində əldə olunmuş uğurları xüsusi qeyd edib, delimitasiya prosesi ilə əlaqədar sənədlərin razılaşdırıldığını və prosesin bu xətt üzrə davam edəcəyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini, sülh müqaviləsinin tezliklə imzalanmasını və sülh prosesini dəstəkləyir. Amma bunun üçün, ilk növbədə, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar və Azərbaycanın Qarabağ regionunun Ermənistanla birləşməsini nəzərdə tutan müddəalar dəyişdirilməli, konstitusional əsasda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin dəstəyi ilə keçirilmiş görüşündə də bu məsələlərin müzakirə olunduğu vurğulanıb.

Görüşdə COP29-la əlaqədar hazırlıq prosesi müzakirə olunub. Azərbaycan ilə Almaniyanın bu sahədəki əməkdaşlığı təqdir edilib və yüksək qiymətləndirilib.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan COP29-la əlaqədar dünya ölkələri, xüsusilə Qlobal Cənub və Qlobal Şimal arasında konsensusun qurulması, həmrəyliyin artırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilib.

Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Seçilən
144
50
reyting.az

10Mənbələr