Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
"Mahmud Kaşğarinin adını qeyd etdiyi kənd" adlı bugünkü buraxılış Dərələyəz mahalının Keşişkənd (Yeğeqnadzor) rayonunda yerləşən Çivə kəndinin tarixi, etnoqrafiyası, irsi, adətlərinə həsr olunub.
Bildirilib ki, rayon mərkəzindən 13 kilometr cənub-qərbdə, Arpaçayın sağ qolu olan Elpin çayının hər iki sahilində yerləşən Çivə kəndinin toponimi yivə türk tayfa adının fonetik forması olan çivə etnonimi əsasında yaranıb.
Qeyd olunub ki, 1831-ci ildə yalnız azərbaycanlıların yaşadığı kənd əhalisi 1919-cu ilin axırlarında ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunub. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanları ata-baba yurdlarına dönüblər.
Diqqətə çatdırılıb ki, ermənilər burada 1926-cı ildən məskunlaşıblar. SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-53-cü illərdə bu kəndin əhalisi zorla Azərbaycana köçürülüb. 1953-cü ildən sonra onların bir hissəsi yenidən kəndə qayıtsa da 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar yenidən deportasiya ediliblər.
Kəndin ziyalıları 22 Oğuz boyundan olan Yıva boyunun əsasını qoyduğu, Mahmud Kaşğari tərəfindən adıçəkilən Çivə kəndinin, "Divanü Lüğat-it-Türk" kitabında adı qeyd olunan Yıva boyunun məskunlaşdığı Dərələyəz mahalının qaranlıq tarixindən söz açıblar.
Süjetdə kəndin iki məscidinin Amağu Allah evinin nəzdində olmasına, Səlcuq ulduzları ilə bəzədilmiş məbədin erməniləşdirilməsinə aydınlıq gətirilir, el qəhrəmanı Abbasqulu bəy Şadlinskiyə qoşulan Çivə sakinlərinin üsyana qalxıb ermənilərə cavab verməsindən, kəndin qəhrəmanlarından, 1923-cü ildə ermənilərin Çivə kəndinə köçürülüb türk izlərinin silinməsindən, eləcə də 1948-1953-cü illərdə Çivənin azərbaycanlı əhalisinin heyvanlarla birlikdə vaqona doldurulub köçürülməsindən bəhs olunur.
Ümumiyyətlə, "İrsimiz" layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Far.Az VİDEO