Alimlər göbələyin tərkibindəki "psilosibin" adlı maddənin depressiyanın müalicəsində faydalı ola biləcəyini düşünürlər.
Ölkə.az publika.az-a istinadən xəbər verir ki, müəyyən göbələklərin beynin bəzi hissələrinə təsiri həftələrlə davam edə bilər.
Bu yaxınlarda aparılan bir araşdırma bu göbələklərin tərkibindəki "psilosibin" adlı maddənin iştahasızlığın müalicəsində istifadə oluna biləcəyini müəyyənləşdirib.
"Psilosibin"in beyinə təsiri ilə bağlı təcrübələr heyvanlar üzərində aparılsa da, maddənin sağlamlıq məqsədləri üçün istifadə edilib-edilməməsinə qərar vermək üçün insanlar üzərində də tədqiqatlar aparılmalıdır. "Nature" jurnalında dərc edilən araşdırmada alimlər 7 sağlam insanın iştirakı ilə təcrübə apararaq bu istiqamətdə mühüm addım atıblar.
Tədqiqatçılar bəzi könüllü iştirakçılara 25 milliqram "psilosibin", digərlərinə isə ritalinin xammalı olan 40 milliqram metilfenidat veriblər. İştirakçılara hansı maddəni qəbul etdikləri bildirilməyib. Bir neçə həftədən sonra əvvəlcə "psilosibin" qəbul edənlərə metilfenidat, metilfenidat qəbul edənlərə isə "psilosibin" verilib. Hər iki maddə stimullaşdırıcı olsa da, nəzarət vasitəsi kimi psixi effekt yaratmayan ritalindən istifadə edilib. Alimlər müşahidə ediblər ki, "psilosibin" beynin standart şəbəkəsi adlanan bölgəsində sinxronizasiya itkisinə səbəb olur. Metilfenidat qəbul edənlərdə belə təsir müşahidə olunmayıb. Şüurun müəyyən bir işə fokuslanmadan sərbəst düşündüyü zaman aktivləşən bu bölgə zaman və məkan qavrayışı ilə bağlı olmaqla yanaşı, mənlik duyğusunun yaradılmasında da rol oynayır. Araşdırmanın həmmüəllifi professor Joshua Siegel bildirib ki, bu, "psilosibin"in ən çox dəyişdiyi şəbəkə idi: "Bu, əslində, psixi təcrübə, yəni eqonun əriməsi və məkan-zamanın təhrif olunmuş qavrayışı haqqında düşündüyümüzə uyğun gəlir. İştirakçılar ayıldıqdan sonra təsirlər azalsa da, standart şəbəkə ilə yaddaş və duyğularla əlaqəli beyin bölgəsi arasında ən azı üç həftə davam edən koordinasiyada azalma var"
Nəticələrin əvvəlki araşdırmalarla uyğunlaşdırıldığını deyən professor J.Siegel əlavə edib ki, "psilosibin" depressiyanın müalicəsində bu şəkildə fayda verə bilər: "Maddə beyni daha çevik və dəyişməyə açıq hala gətirərək müalicənin qapısını aça bilər. Sinxronizasiyanın itirilməsinin depressiyaya məruz qalmış xəstələrə daha dinamik beyin əlaqələrini bərpa etməyə imkan verən sıfırlama kimi çıxış edə biləcəyi təklif olunur. Digər tərəfdən, nəticələrə ehtiyatla yanaşmaq faydalıdır".