AZ

Azərbaycanda bağlanan populyar QƏZETLƏR

Əsası “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür. Milli maarifçilik hərəkatının banilərindən olan Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin ilk nömrəsini 1875-ci il iyulun 22-də çap etdirmişdi. Cəmi 56 sayı işıq üzü görən “Əkinci” milli mətbuatın formalaşması və inkişafında əvəzsiz rol oynadı.

1990-cı illərin əvvəllərində - Azərbaycan müstəqillik əldə edəndən sonra ölkədə nəşr olunmağa başlayan xeyli qəzet populyarlıq qazanmışdı. 1990-cı illərin ortaları – 2000-ci illərin əvvəllərini xatırlayanlar bilirlər ki, bəzən Bakıdakı qəzet köşklərinin qarşısında hətta növbələr müşahidə etmək olardı... Belə növbələr zamanı qəzet köşklərindəki satıcılardan “yoxdur!”, ya da “hələ gətirməyiblər!” kimi sözlər də eşitmək mümkün idi. O zamanlar qəzet-jurnala böyük maraq vardı... Ayrıca “qəzet xəstələti”ni də vurğulamaq lazımdı. Adamlar vardı ki, cibindəki axırıcı qəpiyini verib qəzet alırdı...

Bakıvaxtı.az saytı son 25-30 il ərzində Azərbaycanda populyarlıq qazanan, lakin müxtəlif səbəblərdən bağlanmaq məcburiyyətində qalan qəzetləri yadınıza salır. Yaxın keçmişdə ölkə mediasının simasına çevrilmiş həmin qəzetlər hazırda Ədliyyə Nazirliyinin reyestrində olsa da, dərc olunmur, qapanıb. Və bir daha çıxacaqlarına da güman yoxdur. Gəlin onları xatırlayaq:

“Aydınlıq” qəzeti. 1990-cı ildə açılan “Aydınlıq” müstəqil mediamızın ilk qaranquşlarındandır. Baş redaktor tmərhum jurnalust Babək Hüseynoğlu idi. İstedadlı qələm sahibləri, mərhum həmkarlarımız Məmməd Nazimoğlu və Mahal İsmayıloğlu da “Aydınlıq”ın qurucularından idi. “Aydınlıq” mətbuata yeni forma və məzmun gətirən qəzetlərdən oldu. İlk məhkəməyə verilən müstəqil qəzet də “Aydınlıq” idi.

“İstiqlal” qəzeti. 90-cı illərin əvvəlində Azərbaycan Sosial-Demokrat Partiyasının sabiq həmsədri Zərdüşt Əlizadə tərəfindən buraxılırdı.
 
“Panorama” qəzeti. 1996-2000-ci illərdə gündəlik olaraq iki dildə (Azərbaycan və rus) çıxan bu qəzet media bazarında kifayət qədər nüfuz qazanmışdı. “Panorama”nın populyarlıq qazanması onun baş redaktoru Araz Zeynalovun əməyinin məhsulu idi. “Panorama”da medianın xeyli tanınmış imzası cəmlənmişdi.
yeri gəlmişkən, “Panorama”nın sahibi tanınmış politoloq Eldar Namazov idi.

“Bu gün” qəzeti. Azərbaycanın qəzet bazarına sürətlə daxil olan “Bu gün” 1996-2003-cü illərdə özünəməxsus mövqeyi, kəsəri ilə seçilirdi. Hətta bir dönəm tirajına görə bütün ciddi qəzetləri üstələyərək 28 min nüsxə ilə çap olunan “Bu gün”ün rekorda imza atmışdı. “Bu gün”ün baş redaktoru Nəsib İsmayılov idi.
 
“Press-fakt” qəzeti. 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində nəşr olunan və az vaxtda media aləmində özünə yer tutan “Press-fakt” da mətbuata bir sıra tanınmış imzalar verib. Məqsəd Nurun təsis etdiyi “Press-fakt”ın yaddaşlarda iz qoyan mətbu nəşrlər sırasında yer alır.

“Avropa” qəzeti. 2000-ci il fevral ayının 5-də yaradılan və 2003-cü ilin sonlarınadək çap olunan “Avropa” media bazarının sözü kəsərli qəzetlərindən idi. Həftəlik nəşr olunmasına baxmayaraq ciddi oxucu auditoriyası onun hər sayını maraqla qarşılayırdı. Fəxri Uğurlunun rəhbərlik etdiyi “Avropa” maliyyə probleminin qurbanı oldu.

“7 gün” qəzeti: 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində Azərbaycanda uzun müddət geniş oxucu auditoriyası olmuş qəzetlərdən biri idi. Bu qəzetin sonradan rusca “7 dney” adlı nəşri də çap olunurdu. Amma indi həmin qəzetlər işıq üzü görmür.
“7 gün”ün baş redaktoru Emin Eminbəyli rəhbərlik etdiyi qəzeti bağlayandan sonra bir müddət “Şəfa” stadionunun direktoru vəzifəsində çalışdı. Bu vəzifədən getdikdən sonra isə bizneslə məşğul olmağa başladı. Və bir daha mətbuata qayıtmadı.

“Rezonans” qəzeti. Tanınmış vəkil, mərhum Adil İsmayılovun təsis etdiyi və istedadlı yazar Mehman Cavadoğlunun baş redaktoru olduğu “Rezonans” qəzetinin də populyar zamanları vardı. Açıldı, tanındı, oxundu, sonra da qapandı... Həm də  birdəfəlik...

“İnterpark” qəzeti. Jurnalistikada yaşlı və orta nəsil bu qəzeti yaxşı xatırlayar. Azərbaycanda sarı erotik mətbuatın ilk nümunəsi idi. Qəzetin 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində geniş oxucu auditoriyası vardı. İntim, erotik mövzulu yazıların həvəskarları “İnterpark”ın hər nömrəsini səbirsizliklə gözləyirdilər.

“Əyləncə” qəzeti. “Bu gün” qəzetinin həftəlik əlavəsi olan “Əyləncə” qəzeti 2000-ci ilin əvvəlində satış tirajına görə, bütün media orqanlarını geridə qoymuşdu. Qəzet 42 min tirajla çap olunur və “vozvratsız” satılırdı. Bu sarı-erotik mətbuat internetin olmadığı o zamanlar üçün hələ qapalı sayılan intim mövzuları elə açıq-saçıqlıqla işıqlandırırdı ki, gənclər, tələbələr arasında əlbəəl gəzirdi. Əvvəlcə “Adəm və Həvva” adı ilə nəşr olunan qəzet bir müddət sonra Qafqaz Müsəlmanları İdarəsinin, eyni zamanda dindarların müdaxiləsindən sonra adını dəyişib “Əyləncə” qoymağa məcbur olmuşdu.
Mərhum Nizami İsmayılovun baş redaktoru olduğu bu qəzetin də keçici bir ömrü oldu. Bir müddət sonra internet Azərbaycana da gəlib çıxdı, intim mövzulara maraq azaldı, “Əyləncə” də ömrünü başa vurdu...

“Yeni yüzil” qəzeti. 2001-2002-ci illərdə tanınmış jurnalist Gündüz Tahirlinin baş redaktorluğu ilə dərc olunan “Yeni yüzil” cəmi 6 ay yaşadı, amma tanındı, ciddi dairələrdə qəbul olundu. Qəzetdə tanınmış imza sahiblərindən ibarət yaxşı kollektiv yığılmışdı: Adil Qaçayoğlu, Etibar Cəbrayıloğlu, Afaq Vasifqızı, Müsəllim Həsənli, Qurban Yaquboğlu, Vüqar Bayramov, Vəfa Allahverdiyeva, Məmməd Süleymanov, Ülkər Abdullayeva, Natiq Cavadlı, Aynur Camalqızı, Əfqan Qafarlı, Laura Cəbrayıllı, Faiq Novruzlu, Xatirə Qasımova, Səbuhi Məmmədli... Amma “Yeni yüzili”in yaşaması təkcə tanınmış imzalardan asılı deyilmiş...
 
“Avrasiya” qəzeti. Türkiyədə və Azərbaycanda tanınmış jurnalist İrfan Sapmazın buraxdığı bu gündəlik qəzetin də bizim media məkanında öz yeri və oxucusu vardı... 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində çıxan “Avrasiya” bir sıra jurnalistlərin yetişməsi üçün məktəb oldu.
 
Türkiyəli jurnalist İrfan Sapmazın media şəbəkəsinə daxil olan “Hər gün” qəzetini də yaddan çıxarmaq olmaz. Bu qəzet ilkin vaxtlarda bazarda özünə yer eləsə də, bir müddət  sonra dayana, yaşaya bilmədi.

“Dövran” qəzeti. Həftədə bir dəfə nəşr olunan “Dövran” iqtidaryönlü qəzet idi. 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində nəşr olunan qəzetin baş redaktoru publisist, jurnalist Salman Vilayətoğlu idi. S.Vilayətoğlu 2009-cu ildə 47 yaşında dünyasını dəyişib.  
 
“Gənclik” 1988-ci ildə yaradılan və Azərbaycan tarixində bəlkə də ən çox tirajla satılan jurnal idi. Şair Məmməd İsmayılın rəhbərlik etdiyi jurnalın tirajı bir müddət rekord saya - 300 minə çatmışdı.
“Gənclik” Azərbaycan demokratik mətbuatının ilk qaranquşu oldu, tabu qoyulmuş bir çox mövzuları ilk dəfə mətbuata gətirdi, hər aspektdən orijinal, yeni jurnal oldu. Jurnalda Yevgeni Juravlyov, Çingiz Sultansoy, Hüseyn Əfəndi, Məti Osmanoğlu, Salam Sarvan, Akif Əhmədgil, Səfər Alışarlı kimi imzalar vardı.
1992-ci ildə jurnalı qapadıb yerinə “ PS Gənclik” adlı qəzet açdılar. O qəzet də Hüseyn Əfəndi dünyasını dəyişəndən sonra qapandı. Beləcə, “Gənclik” çox təəssüf ki, tarixə çevrildi. 

1990-cı illərin əvvələrindən çap olunan və 2014-cü ilədək fəaliyyət göstərən “Ayna” ictimai-siyasi qəzetini də istisnasız olarq məşhur mətbu orqanlar sırasına daxil edə bilərik. Azərbaycan dilində çıxan "Ayna" həftəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmadı.
Bu qəzetin rusdilli versiyası “Zerkalo” idi. Təəssüf ki, o da bu günümüzəq dərə yaşaya bilmədi.
2014-cü il avqustun 27-də "Ayna" və "Zerkalo" qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı "Ayna" və "Zerkalo" qəzetlərinin fəaliyyətinin həmişəlik dayandırıldığını elan edib.

Mərhum jurnalist Rauf Talışinskinin buraxdığı “Exo” qəzeti də yaxın tarixin populyar rusdilli qəzeti idi. “Exo” 2001-ci ilin yanvarından 2018-ci il mayın 26-na kimi fəaliyyət göstərib. Həftədə beş dəfə çıxan qəzet baş redaktor Rauf Talışinskinin vəfatından sonra bir sıra çətinliklərlə üzləşdi. Bu çətinliklərdən biri dəson dövrlər yaranmış maliyyə problem idi. “Exo” qəzetinin baş redaktoru Rauf Talışinski 2018-ci il mayın 8-də qəfil ürək tutmasından vəfat edib.

Müstəqil Azərbaycanın ən məşhur nəşrlərində biri olan “Azadlıq” qəzeti hələ 1989-cu ildə fəaliyyətə başlayanda 200 min tirajla çıxıb. Bu qəzet çoxlu məşhur yazar yola salıb... Nəcəf Nəcəfov, Sabit Bağırov, Hikmət Hacızadə, Ağamalı Sadiq Əfəndi, Ədalət Tahirzadə, Vaqif Səmədoğlu, Gündüz Tahirli, Qənimət Zahid və başqaları. 1991-ci ilin payızına qədər qəzetə Nəcəf Nəcəfov rəhbərlik edib.
1991-1994-cü illərdə baş redaktor Qənimət Zahid olub. 1994-cü ildən 2001-ci ilədək “Azadlıq”a Gündüz Tahirli, 2001-ci ildən 2003-cü ilədək Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildə isə Qənimət Zahid yenidən baş redaktor postuna qaytarılıb. 2016-cı ilin sentyabr ayından “Azadlıq” qəzetinin nəşri dayandırılıb. Əsas səbəb maliyyə çətinliyi olub.
 
“Çağ” qəzeti. Baş redaktoru Bahəddin Həziyev olan bu qəzetlə bağlı məşhur qalmaqal yaddaşlardan silinməyib. Hüquq-mühafizə orqanlarının qəzet redaksiyasında apardığı araşdırma nəticəsində kompüterdən tapılan “Müxalifətin mitiniq taktikası” yazısı “Çağ”ın sıradan çıxmasının bünövrəsini qoydu.

“Detektiv” qəzeti. Mərhum jurnalist Elçin Səlcuqun nəşr etdirdiyi “Detektiv” daha çox cinayət aləminin bizə qaranlıq məqamlarına işıq salırdı. Əvvəlcə “Detektiv” bağlandı, üstündən bir neçə il sonra baş redaktor Elçin Səlcuq rəhmətə getdi...

“Millətin səsi” qəzeti. Həftədə br dəfə köşklərdə olan “Millətin səsi” tanınmış naşir Şahbaz Xuduoğlunun rəhbirliyi altında qısa vaxtda media məkanına səs sala bilmişdi. Amma bu qəzetin ömrü çox da uzun sürmədi...

“Avtoritet” qəzeti. Tanınmış jurnalist İlqar Əlfioğlunun baş redaktorluğu ilə çap olunan “Avtoritet” “oğru dünyası”ndan yazdığı maraqlı materialları ilə qısa zamanda populyarlıq qazanmışdı. Qəzet geniş oxucu auditoriyası da toplaya bilmişdi. Hər şeyin bir zamanı olduğu kimi, “Avtoritet”in də zamanı oldu, keçdi və bağlandı....

“Günaydın” qəzeti. 90-cı illərin sonlarında çıxan bu qəzeti indi mətbuatda çalışan bir qrup jurnalist özləri üşün məktəb, onun o vaxtkı baş redaktoru Şahvələd Çobanoğlunu isə müəllimləri sayırlar.

“Elita” qəzeti. 1996-2000-ci illərdə çıxan həftəlik ictimai-siyasi qəzet idi. 1998-99-cu illər qəzetin fəaliyyətində yüksəliş dövrü olub. Redaktor Məsiağa Məhəmmədinin rəhbərlik etdiyi kiçik kollektiv “Elita”nın qəzet bazarında duruş gətirməsinə nail ola bilsə də, sonradan maliyyə problemi bu mətbu nəşrin sıradan çıxmasına səbəb oldu.

"Ulus” qəzeti. Fəaliyyəti dövründə bir neçə dəfə məhkəmələrə verilən, təsisçisi və baş redaktoru həbs olunan “Ulus” qəzetini eks-spiker Rəsul Quliyevin maliyyələşdirdiyi bildirilir.

“Bizim əsr” qəzeti. Media Holdinq şirkətinin təsis etdiyi “Bizim əsr” həftəlik ictimai-siyasi qəzet idi. 1999-cu il may ayının 5-də yaradılmışdı. Media Holdinq şirkəti həm də “Lider” TV-nin təsisçisi idi. “Bizim əsr” qəzeti orada çalışan bəzi jurnalistlər üçün “Lider” TV-yə keçmək üçün bir tramplin rolunu oynadı.

“Günay” qəzeti. İş adamı, Demokratik Sahibkarlar Partiyasının sədri Mahmud Məmmədovun təsis etdiyi “Günay” qəzeti böyük formatda (A2), rəngli çıxırdı. Qəzetin baş redaktoru indi tanınmış jurnalist Orxan Fikrətoğlu idi.

“Şans” qəzeti. 90-cı illərin sonunda açılan bu qəzeti Dövlət Əmlak Komitəsinin sabiq rəhbəri Nadir Nəsibovun maliyyələşdirdiyi bildirilirdi. Tanınmış imza sahiblərinin cəmləşdiyi bu qəzetin ömrü çox da uzun sürmədi. Maliyyə problemi “Şans”ı da “yedi”. Qəzetin baş redaktoru tanınmış jurnalist Azər Hüseynbala olub.
 
“Teleskop” qəzeti. Baş redaktoru Zəminə Əliqızı, baş məsləhətçi Eldəniz Elgün olan müstəqil qəzet 1999-cu ildən nəşr olunurdu. Bir il fəaləyyət göstərən “Teleskop” rekadsiyanın kollektivi arasında baş verən qalmaqaldan sonra qapadıldı.

“Millət” qəzeti. 90-cı illərin əvvəllərində oxucular arasında populyar olmuş “Millət” ilk vaxtlar Zəfər Ünalın baş redaktorluğu ilə nəşr olunurdu, sonralar qəzetin rəhbərliyində dəyişiklik oldu. “Millət” Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun qəzeti idi. “Millət” 2004-cü ilin ortalarında maliyyə problemlərinə görə fəaliyyətini dayandırdı.

“Gün səhər” qəzeti. 2005-ci ilin fevral ayında yaradılmışdı. Tanınmış jurnalist, “Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyevin təsis etdiyi “Gün səhər” də uzun müddət yaşamadı. Amma mətbuat aləmində adından söz etdirə bildi. Qəzetdə xeyli tanınmış imza toplanmışdı.

“Monitor” jurnalı. Rus dilində həftəlik ictimai-siyasi jurnal olan “Monitor” 2000-ci ildə yaradılıb. Jurnal ayrı-ayrı məmurlar barədə kəskin yazıları ilə fərqlənirdi. 2005-ci ildə “Monitor” çapını dayandırıb. Buna səbəb baş redaktor Elmar Hüseynovun həmin ilin martında öz evinin qarşısında güllələnərək qətlə yetirilməsi oldu.

”Gündəlik Azərbaycan” qəzeti. 2005-ci ilin avqust ayında təsis edilən qəzet 2007-ci ilin may ayınadək nəşr olunub. Səs-küylü məqalələri ilə yadda qalan, qanqster Hacı Məmmədovun heç yerdə dərc olunmayan şəkillərini verən “Gündəlik Azərbaycan” bir sıra dairələri əməlli-başlı silkələyə bilmişdi. 2007-ci ilin mayında təsisçi və baş redaktor Eynulla Fətullayevin həbsi ilə “Gündəlik Azərbaycan”ın da nəşri dayandı.

“Xəzər - Kaspiy” qəzeti. 2005-ci ilin mayında fəaliyyətə başlayan bu qəzetin baş redaktoru BBC-nin Azərbaycan xidmətinin sabiq rəhbəri İslam Atakişiyev idi. Qəzet bir il gündəlik nəşr olundu, sonradan həftəliyə keçdi. 2009-cu il aprelin 1-də “Xəzər”i bağladılar. Elə onun rus dilindəki variantı – “Kaspiy”i də həmçinin.

“Milli yol” qəzeti. “Milli yol”u 2010-cu ildə avtomobil qəzasında dünyasını dəyişən mərhum jurnalist Şahin Ağabəyli buraxırdı. Onun ölümündən sonra bu müxalifətyönlü qəzet də fəaliyyətini dayandırdı.

Fəaliyyəti dayanan populyar qəzetlərdən biri də “Reytinq”dir. Baş redaktoru Afiq Mirzəbəyli olan bu qəzet də maliyyə problemləri ilə üzləşdiyinə görə qapandı. İndi onun elektron versiyası – reyting.az fəaliyyət göstrsə də, qəzetin yerini verə bilmir.

1995-ci ildən nəşr olunan "Ekspress" qəzeti 2019-ci ildə fəaliyyətini dayandırıb. Qəzetin sponsoru, ölkənin iri holdinqlərindən biri olan "Nurgün” Şirkətlər Qrupu idi. Bu nəşr də mətbuatda bir çox tanınmış imzanın  iş yeri olub. "Ekspress"in baş redaktoru tanınmış jurnalist-analitik Qəzənfər Həmidov idi.

Tanınmış jurnalist Xoşqədəm Baxşəliyevanın baş redaktorluğu ilə çıxan "Üç nöqtə" qəzetinin də populyar olduğu zamanlar vardı. "Üç nöqtə" qəzeti 1998-ci ilin dekabrından nəşr olunurdu. Bu qəzet də maddi çətinliklər səbəbindən fəaliyyətini dayandırmağa məcbur olub.

Seçilən
92
4
bakivaxti.az

5Mənbələr