AZ

Sülh istəyi əməldə təsdiqlənməlidir

Ermənistanın bundan öncəki davranışları, əldə olunmuş razılaşmaları və beynəlxalq hüququn normalarını pozması halları, revanşizm meyillərinin zaman-zaman üzə çıxması və ən əsası, ölkə Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer alması sülh müqaviləsinin imzalanmasında bu gün də ciddi maneə olaraq qalmaqdadır

Bir neçə aydır Azərbaycanla Ermənistan arasında daha da dərinləşən Konstitusiya dəyişikliyi, yəni sülh müqaviləsinin imzalana bilməsi üçün ikincinin konstitusiyasında dəyişikliklə bağlı müzakirələr yeni məcraya qədəm qoyub. Bir neçə gün əvvəl Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistan Konstitusiyası dəyişmədən heç bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz: “Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil”.

Maraqlıdır ki, dəfələrlə Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edən, sülh müqaviləsini tez bir zamanda imzalamağa həvəsli olduğunu bəyan edən erməni siyasi elitası bu maddəni dəyişdirməyə həvəssiz yanaşır. Belə ki, Ermənistan Konstitusiya Dəyişikliyi Şurasının iyulun 18-də keçirilən iclasından sonra məlum olub ki, yeni konstitusiya 2027-ci ildən əvvəl qəbul edilməyəcək. Əslində bu o deməkdir ki, 2027-ci ildən əvvəl Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmayacaq? Bu məsələ ona görə yaranıb ki, Azərbaycan, hətta prezident səviyyəsində belə Ermənistan konstitusiyasının sazişin imzalanmasına maneə olduğunu bəyan edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan konstitusiyası Azərbaycana qarşı ərazi ambisiyasını ehtiva edir. Bunun əsasında Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinad edilməsidir. Bəyannamədə isə Ermənistan və qondarma “Qarabağın ali sovetləri”nin 5 dekabr 1989-cu il tarixli qondarma qərarına istinad edilir ki, bununla da separatçılar Qarabağın Ermənistana birləşdiyini elan etmişdi. 2020-ci ilin 44 günlük müharibəsinə, bunun nəticəsində yaranmış yeni status-kvoya və yeni qüvvələr balansına qədər Azərbaycan dəfələrlə Ermənistan konstitusiyasındakı problemdən danışıb. Şübhə yoxdur ki, burada əsas problem “Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edilən hazırkı konstitusiyanın preambulası”dır. Xüsusilə, bu mənada bəlkə də “Ermənistanın Müstəqillik Bəyannaməsi”nin preambulası problem kimi nəzərdən keçirilir. Həmin preambulada sadalanıb: “Ermənistan SSR Ali Soveti erməni xalqının vahid iradəsini ifadə edərək, bütün ermənilərin arzularının həyata keçirilməsində və tarixi ədalətin bərpasında erməni xalqının taleyi qarşısında öz məsuliyyətini dərk edərək, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərindən və beynəlxalq hüququn məşhur normalarından çıxış edərək, xalqların öz müqəddəratını təyinetmə hüququnu həyata keçirərək, Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” birgə qərarına əsaslanaraq, 1918-ci il mayın 28-də yaradılmış müstəqil Ermənistan Respublikasının demokratik ənənələrini inkişaf etdirərək, demokratik, hüquqi ictimai quruluşun yaradılması məsələsini qarşıya qoyaraq...”.

Əslində, Azərbaycan gələcək üçün zəmanət kimi Ermənistandan məhz həmin preambuladan imtinanı tələb edir. Üstəlik, əminliklə qeyd etmək olar ki, bu, təkcə Azərbaycanın deyil, Türkiyənin də tələbidir, çünki bəyannamənin 11-ci bəndi də var: “Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsində və “Qərbi Ermənistanda erməni soyqırımı”nın (qondarma – red.) beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”. Eyni zamanda, bəyannamənin 12-ci bəndində deyilir ki, “bu Bəyannamə Ermənistan Respublikası konstitusiyasının hazırlanması, qüvvədə olan konstitusiyaya isə əlavə və dəyişikliklərin həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyəti və respublikanın yeni qanunvericilik aktlarının hazırlanması üçün əsas kimi xidmət edir”.

Hazırda, ya Ermənistan yeni konstitusiya qəbul etməli və konstitusiya ilə müstəqillik bəyannaməsi arasında əlaqəni kəsməlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi Ermənistana ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciət edib. Onsuz da uzun müddətdir heç bir fəaliyyət göstərməyən qurumun ləğvi əslində hər iki ölkəyə də lazımdır. Zatən Azərbaycan bu yararsız qurumun fəaliyyətinə icazə vermir. Qanuni olaraq isə ləğvi üçün Ermənistanın da əlini daşın altına qoyması lazımdır. Maraqlıdır ki, hələlik bu məsələ ilə bağlı erməni tərəfindən konkter fikir və açıqlama yoxdur. Bu isə hələ də Ermənistanın Minsk qrupu kimi lazımsız qurumun saxlanılmasını üstün tutduğuna işarə edir. Dövlət başçsının dediyi kimi: “Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq. Yəni, Minsk qrupunun burada bir növ “canlı” saxlanılmasında nə fayda var, nə məqsəd var?! ATƏT daxilində konsensus şəklində qərarlar qəbul edilir. Ermənistan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur”.

Erməni siyasi elitası da konstitusiya ilə bağlı məsələni şişirtməyə cəhd göstərirlər. Bununla belə, ehtimal etmək olar ki, payız aylarında Ermənistan parlamentində bu məsələ yenidən gündəmə gələcək və Paşinyan o dövrə qədər ölkədəki vəziyyəti stabilləşdirə bilsə, sözügedən maddənin konstitusiyadan çıxarılmasına nail ola biləcək. Çünki baş nazir də gözəl dərk edir ki, sözügedən maddə Azərbaycanla sülh müqaviləsinin bağlanması yolunda əsas maneələrdən biridir. Dünya praktikasında isə bu, yaşanmış hadisədir. Belə ki, İngiltərədə “The Troubles” kimi tanınan münaqişə mərkəzi Britaniya hakimiyyət orqanları ilə Şimali İrlandiyadakı yerli respublikaçı milli təşkilatlar arasında regionun statusu ilə bağlı mübahisə nəticəsində yaranıb. Qarşıdurmanın kökü orta əsrlərə gedib çıxır. Belə ki, İrlandiya orta əsrlərdə İngiltərədən asılı vəziyyətə düşüb. XVI əsrdən etibarən adada yerli sakinlərdən torpaqların müsadirə edilməsi və ingilis köçkünlərinə verilməsi prosesi başladı. Sonrakı illərdə İrlandiyada ingilis əhalisi artdı. Britaniya hakimiyyət orqanlarının torpaq siyasəti irland torpaq sahiblərini narazı salması münaqişələrə və üsyanlara səbəb oldu. Bu hadisələr XX əsrin ortalarına qədər və üçüncü rübünün sonuna qədər qanlı şəkildə davam etdi. 1921-ci ilin dekabrında Böyük Britaniya ilə İrlandiya arasında sülh müqaviləsi imzalandı. İrlandiya dominion statusu aldı. Bununla belə, münaqişə bitmədi və müntəzəm olaraq, tərəflərin can tələfatı ilə davam etdi. Nəhayət, 1998-ci il noyabrın 19-da Böyük Britaniya parlamenti Şimali İrlandiya aktını qəbul etdi. Həmin qanuna əsasən 1920-ci il İrlandiya hökuməti haqqında və 1973-cü il Şimali İrlandiya Konstitusiyası haqqında qanunlar ləğv olundu və Britaniya ilə İrlandiya Respublikası arasında 1998-ci il aprelin 10-da əldə edilmiş Belfast razılaşmasına əsasən yeni qaydaları müəyyən etdi. Şimali İrlandiyanın Konstitusiyasının 2 və 3 maddələri çıxarıldı. İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması təsbit olundu. Belfast sazişi iğtişaşlara və terrora son verdi. Bu isə uzun illər davam edən qarşıdurma, qanlı toqquşmalara sadəcə Konstitusiyada iki maddənin dəyişikliyi ilə son qoyma praktikasının mümkünlüyünü sübut etdi.

Sevinc Azadi, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
50
ikisahil.az

10Mənbələr