AZ

Yaxın qonşular, etibarlı müttəfiqlər

Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib  

Hər bir ölkənin uğurlu inkişafı onun qonşu dövlətlərlə münasibətindən çox asılıdır. Bu mənada Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Respublikamızın qonşu dövlətlərlə münasibətləri xoş mərama və qarşılıqlı maraqlara əsaslanır. Azərbaycan qısa müstəqillik tarixində işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə dinamik inkişaf templərinə malik əlaqələr qurmağa nail olub. Belə dövlətlərdən biri də Şimal qonşumuz Rusiya Federasiyasıdır. Azərbaycan - Rusiya münasibətləri getdikcə möhkəmlənir və zamanın dəyişən çağırışlarına uyğun olaraq yeni çalarlarla daha da zənginləşir.

Siyasi məsləhətləşmələrin növbəti raundu

Azərbaycanla Rusiya arasında siyasi dialoq yüksək dinamizmi ilə diqqət çəkir. Hər iki dövlət münasibətlərin möhkəmlənməsinə və əhatə dairəsinin genişlənməsinə güclü siyasi iradə ortaya qoyur. Təmaslar müxtəlif səviyyələrdə və platformalarda aparılır. İyulun 23-də Moskva şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, qarşı tərəfdən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik ediblər. 

Tədbirdə Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri, gündəlikdə duran və qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Həmin gün nazir müavini Samir Şərifov ilə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında da görüş keçirilib. Görüş zamanı beynəlxalq və regional təhlükəsizlik məsələləri, eləcə də hər iki ölkənin iştirak etdiyi regional formatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

S.Şərifov ilə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, Xəzər dənizi məsələləri üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakov arasında keçirilmiş görüşdə isə Xəzər məsələləri üzrə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf dinamikası müzakirə olunub.

Liderlərin qarşılıqlı etimadına əsaslanan yüksək səviyyəli siyasi dialoq

Görüşdə iki ölkə liderləri arasında qarşılıqlı etimada əsaslanan və ikitərəfli gündəliyi formalaşdıran yüksək səviyyəli siyasi dialoqun dövlətlər arasında müttəfiqlik qarşılıqlı fəaliyyətin əsasını təşkil etməsi məmnunluqla vurğulanıb.

Həqiqətən də, bu gün bütün dünyada liderlər arasında formalaşan münasibətlər dövlətlərarası əlaqələrə güclü impuls verən mühüm amilə çevrilib. Bu baxımdan Azərbaycanla Rusiya arasında siyasi dialoqun intensivləşməsində liderlərin müntəzəm görüşlərinin, telefon danışıqlarının önəmini xüsusi qeyd edə bilərik.  İki qonşu ölkə arasında qarşılıqlı fəaliyyətin miqyası böyükdür, gündəlikdə dayanan məsələlərin sayı çoxdur. Həmin məsələləri həll etmək üçün liderlər sıx təmaslar qurublar. 

Sonuncu dəfə Prezident İlham Əliyev cari ilin aprel ayında V.Putinin dəvəti ilə Moskvada səfərdə olub. Bundan təxminən bir ay sonra prezidentlər yenidən görüşüblər. Liderlər iyul ayının əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində yenidən bir araya gəliblər. Şübhə yoxdur ki, ilin sonuna qədər liderlərin yenə görüşləri də olacaq. Prezident İlham Əliyev bu günlərdə baş tutan “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda iki ölkə arasında siyasi qarşılıqlı fəaliyyətin uğurla davam etdiyini bildirərək vurğulayıb: “İkitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir. Düşünürəm ki, hətta müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən əvvəl də belə idi. Prinsip etibarilə biz bütün məsələləri qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və xalqlarımızın münasibətlərinin çoxəsrlik tarixi nəzərə alınmaqla nizamlamışıq”.

Azərbaycanla Rusiya ikitərəfli qaydada olduğu kimi, həmçinin regional və beynəlxalq platformalarda da sıx əməkdaşlıq edirlər. Deyə bilərik ki, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birlərini dəstəkləməsi artıq ənənəyə çevrilib.

Belə yüksəksəviyyəli siyasi dialoq münasibətlərin irəli aparılması üçün münbit zəmin formalaşdırır. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb.  Hazırda Bəyannamənin bütün bəndləri real həyatda öz əksini tapır. Artıq iki ildən artıqdır ki, iki qonşu dövlət  müttəfiqlər kimi birgə işləyir və yaxşı nəticələrə nail olurlar.

Əmtəə dövriyyəsində sabit artım

Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında, həmçinin iqtisadi-ticarət, mədəni-humanitar, eləcə də beynəlxalq və regional təşkilatlar və formatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub, ikitərəfli müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr nəzərdən keçirilib. Bu gün Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığı müxtəlif istiqamətlədə uğurla genişləndirirlər. O cümlədən enerji, nəqliyyat, gəmiqayırma, əczaçılıq, avtomobil sənayesi sahələrində əməkdaşlıq, Rusiyanın avtomobil istehsal edən müxtəlif şirkətləri tərəfindən Azərbaycanda istehsalın təşkili imkanları böyükdür.

Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Qarşılıqlı ticarət dövriyyəsində cari ilin birinci yarısında artıq 13 faizlik artım var. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, milli valyutalarda qarşılıqlı hesablaşmalar artır. Bu, Azərbaycanın Rusiyaya ixracında artıq 70 faizdən çoxdur, Rusiyanın Azərbaycana ixracında isə 50 faizə yaxındır. Beləliklə, əldə olunan razılaşmalar uğurla həyata keçirilir. Prezident İlham Əliyev qlobal Şuşa forumunda sualları cavablandırarkən maraqlı müqayisə aparıb. “Ticarət dövriyyəsi artır. Rusiya ilə Ermənistan arasında olduğu kimi deyil. Bildiyiniz kimi, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi son iki ildə 5 dəfə artıb, 1,5 milyard dollardan 7,3 milyard dollara çatıb. Bu, bizə çox maraqlıdır. Maraqlıdır ki, Ermənistan nəyin hesabına öz ixracını bu qədər artıra bilib. Bu, necə deyərlər, ritorik sualdır. Ancaq bizim ticarət dövriyyəmiz son bir ildə təxminən 17 faiz artıb - 4 milyard 300 və ya 4 milyard 400-ə bərabər olub. Bu, sabit artımdır”.

Hazırda iki ölkənin ayrı-ayrı regionları arasında əlaqələr də kifayət qədər yüksək səviyyədədir. Qeyd edək ki, Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan bir çoxu ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə sazişləri bağlayıb. Azərbaycan məhsulları müntəzəm olaraq “Made in Azerbaijan” vahid stendi ilə Rusiyada keçirilən “Worldfood”, “Prodexpo”, “MosBuild”, “Innoprom” sərgilərində nümayiş olunur.

İki qonşu dövlət arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri də kifayət qədər genişdir. Təsadüfi deyil ki, son illərdə Azərbaycanla Rusiya arasında dövlət başçılarının iştirakı ilə imzalanan sənədlərin böyük qismi məhz iqtisadi sektora aiddir.

Şimal-Cənub Nəqliyyat Dəhlizinə artan tələbat

Nəqliyyat sahəsində əməkdaşlıq ənənəvi olaraq ikitərəfli münasibətlərin prioritet istiqamətlərindən birini təşkil edib. Qonşu dövlətlər olamaları Azərbaycanın və Rusiyanın birgə səylərlə regional nəqliyyat infrastrukturunun inkişafına töhfə vermələrinə geniş imkanlar yaradır. Bu sahədə hər iki dövlətin maraqları üst-üstə düşür - həm Azərbaycan, həm də Rusiya kommunikasiyalar, daşımalar üçün daha əlverişli şəraitin yaradılmasında, infrastrukturun imkanlarının artırılmasında maraqlıdırlar. Prezident İlham Əliyev bəhs olunan Şuşa forumunda diqqəti Şimal-Cənub Nəqliyyat Dəhlizinin bu gün Rusiya yükgöndərənləri üçün həmişəkindən daha vacib olmasına diqqət çəkərək bildirib ki, bu dəhlizin buraxılış imkanlarının genişləndirilməsi barədə danışıqlar aparılır. Dəhlizin indiki ötürücülük imkanları maraqlı tərəflərin, o cümlədən də Rusiyanın bu layihədən maksimum istifadə ilə bağlı niyyətlərinə uyğun gəlmir. Layihə mütləq qaydada inkişaf etdirilməli, infrastruktur genişləndirilməlidir. Təəssüf doğuran haldır ki, bəzi ölkələr öz öhdəliklərini yerinə yetirməyə tələsmirlər. Məsuliyyətli dövlət olan Azərbaycan indiyədək öz ərazisində Şimal-Cənub Dəhlizi ilə bağlı bütün layihələrin icrasını tamamlayıb. Bununla belə, marşrutun digər ölkələrin ərazisindən keçən ayrı-ayrı hissələrində  müasir infrastrukturun yaradılmaması, o cümlədən dəmir yolu xəttinin inşasının ləngiməsi Şimal-Cənub Dəhlizinin ötürücülük imkanlarının tələbata uyğun genişləndirilməsinə imkan vermir. 

Qeyd edək ki, iki ölkə arasında indiyədək “Şimal-Cənub” layihəsi üzrə yaxşı əməkdaşlıq qurulub. 2023-cü ildə Azərbaycanla Rusiya arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.

M.ABDULLAYEV

Seçilən
26
1
yeniazerbaycan.com

2Mənbələr