AZ

Fermerlərin ucuz məhsullarını əhaliyə baha satan DƏLLALLAR - Ekspert DETALLARI AÇIQLADI

Əvvəlki illərə nisbətən paytaxt marketlərində, bazarlarda, kənd bazarlarında belə meyvə və tərəvəzlərin qiyməti olduqca bahadır. Fermerləri danışdırdıqda isə məhsulları ucuz qiymətə satdıqlarını və bunun isə onların əmək dəyərinin aşağı salmasını dilə gətirib şikayətlənir. Bəs belə olduğu halda fermer məhsulu ucuz satırsa biz niyə onları baha qiyməyə alırıq?
 
Mövzu ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov Moderator.az-a danışıb. 
 
 
“Ümumiyyətlə, ölkədə aqrar, yəni kənd təsərrüfatı məhsullarının istehsalı və tədarükü ilə satışı arasında ciddi problemlər var. Real olaraq, yerli tələbat bir çox meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları üzrə ödənilə bildiyi halda bazarlarda bunlar ya baha qiymətə təklif olunur, ya da sözügedən məhsullar ümumiyyətlə, satış üçün bazarlara çıxarılmır. Belə ki, bəzi hallarda əllərdə qalıb xarab və məhv olur. Əvvəlki illərdə Rusiyaya ixrac sərfəli xarakter daşıdığından kənd təsərrüfatı istehsalçıları və fermerlər buna görə yerli bazarlara meyl etmirdilər və əllərində məhsulları pis-yaxşı realizə edirdilər. İndi bu variant da səmərəli xarakter daşımır. Odur ki, bəziləri məhsulunu dəyər-dəyməzinə yerində satır, digərləri isə soyuducu yerlərə vurmaqla "əlverişli" vaxt üçün saxlayırlar. Bütün bunlar çox acınacaqlı haldır. Bu onu göstərir ki, həmin istehsalçı və tədarükçülərlə satış bazarları arasında dəllallar var, yəni birbaşa əlaqə mövcud deyil. Həmin dəllallar məhsulları yerində ucuz qiymətlə almağı təklif edirlər, gətirib bazarlarda isə xeyli fərqli qiymətə satışa qoyurlar. Bazarların özləri arasında da fərlilik var, eyni məhsul müxtəlif qiymətlərlə təklif olunur. Bu, inhisarçılıq elementlərindən irəli gələn vəziyyətdir. Bir sözlə, bir sıra subyektiv amillər mövcuddur. Yeri gəlmişkən, ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü özü heç də ucuz başa gəlmir, maya dəyəri yüksəkdir. Üstəlik, satış sahəsində qeyd olunan hallar da həmin məhsulları bir az da baha edir. Eyni zamanda, ucuz və keyfiyyətsiz idxal da vəziyyəti digər tərəfdən qəlizləşdirir. Odur ki, bütün bunlarla bağlı hökumət konkret bir mexanizm işləyib hazırlayaraq tədbiq etmək haqda düşünməlidir. Yerli kənd təsərrüfatı məhsulları istehsalçı və tədarükçülərinin əllərindəki məhsullar yerində sərfəli qiymətə alınaraq bazarlara çıxış təmin olunmalıdır və yaxud da onlarla bazarlar arasında bütün subyektiv maneə və əngəllər geniş şəkildə araşdırılaraq aradan qaldırılmalıdır”.
Seçilən
68
9
moderator.az

9Mənbələr