Təxminən 2008-2009-cu illər olardı. Ad günü ərəfəsində zəng edib ondan süjet hazırlamaq istədiyimi dedim. “A qızım, mən evdən çölə çıxmıram, bilirsən. Gəl bizə, nə istəyirsən soruş” demişdi gülərək. Operatorla birlikdə getdik Şəfiqə xanımın evinə.
Dövlət başçısının hədiyyə etdiyi evdə qalırdı oğlu Talehlə birlikdə. Mənzilə daxil olanda pambıq kimi yumşaq çöhrəsi gülürdü. Mən ilk dəfə oğlunu o vaxt gördüm Şəfiqə xanımın. Yataq xəstəsi idi, körpə uşaq kim qulluğunda dayanırdı balasının. Onların ana-oğul bağı bir başqa idi. Yadımdadır, Şəfiqə xanımın bacısı da həmişə dəstək olurdu, az əziyyət çəkmirdi. Pianonun qaşısında əyləşib ifa etməyə başladı. Bax həmin gün hansı mahnını səsləndirdiyini nə yazıq ki, unutmuşam (aradan 16 il keçib). Amma Şəfiqə xanımın gülən qıyqacı gözləri, nurlu siması və oğlu Talehə baxışı isə hələ də yadımdadır.
Publika.az xəbər verir ki, bu gün bəstələri dillər əzbəri olan, hər bir ürəyə öz sehrli, bənzərsiz musiqiləri ilə toxunan Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın anım günüdür. Bu böyük bəstəkarı, bənzərsiz qadını, onun yaradıcılığını yad etmək, elə ruhunu şad etməkdir.
Hərənin öz yolu, öz izi, öz şansı, qisməti olur bu həyatda. Hərə bir missiyanı icra etmək üçün gəlir yer üzünə. O da tanrının Azərbaycan musiqisinə əvəzsiz, dəyərli hədiyyəsi idi. Yaşadığı acılı-şirinli günlərinə, keşməkeşli ömür yoluna baxmayaraq, həmişə ən yaxşılarını yazıb-yaratdı Şəfiqə Axundova. Həyat verdiyi bəstələri ilə özünü ovundurduğu kimi, milyonların da ürəyində taxt qurmağı bacardı və bunu ən gözəl şəkildə etdi. Şəxsiyyəti qədər musiqiləri də zirvədə yer aldı bəstəkarın.
Şəfiqə Axundova 1924-cü ilin 21 yanvarında qədim Şəki torpağında anadan olub. Lap kiçik yaşlarından musiqinin sehrinə düşüb. Onu əhatə edən əsrarəngiz təbiət-quşların cəh-cəhi, sərin mehin təsirindən pıçıldaşan ağaclar, su şırıltısı balaca qızcığazın qulaqlarında qəlbində musiqi kimi səslənirdi. Şəfiqə xanımın xatirələrindən:
“Evimiz dağların qoynunda yerləşirdi. Hər səhər, hər axşam dağları seyr edirdim. Elə bil təbiətdə gördüyüm o füsunkar gözəlliklərin hər biri qulaqlarıma həzin bir musiqi sədası doldururdu. Zövq aldığım hər bir gözəllikdə musiqi duyurdum. Əlbəttə o vaxt bu hisslərin nə demək olduğunu bilmirdim. Sonralar anladım ki, bu mənim musiqiyə bağlılığım imiş. Yadıma düşür ki, hərdən öz-özümə zümzümə edərdim. O qədər musiqiyə aludə olmuşdum ki, hətta rəqs etməyi də çox sevirdim. Dəfələrlə anam rəqs etməyimin şahidi olmuşdu”.
Şəfiqə Axundova ilk təhsilinə Şəki şəhərindəki 6 saylı orta məktəbdən başlayır. Amma atasının işi ilə əlaqədar ailəsi Bakıya köçür. O da təhsilini Bakıdakı 6 saylı orta məktəbdə davam etdirir.
Qızının musiqiyə həvəsini görən atası Qulam kişi onu musiqiçi olmaqdan çəkindirməyə çalışırdı, çünki qızını həkim görmək istəyirdi. Hətta musiqi sənətini seçdiyini biləndən sonra gənc Şəfiqəyə bəzi cəzalar da verirmiş. Bu barədə Şəfiqə xanım müsahiblərinin birində belə deyib:
“Atam çox ciddi adam idi. Çox danışıb-gülməyi xoşlamazdı. Musiqiyə də o qədər aludə deyildi. Evimizdə bir piano var idi. Həmişə onu qıfıllı saxlayardı ki, mən çalmayım. Çünki musiqiçi olmağımı heç istəmirdi. Deyirdi ki, o sənət gələcəkdə sənə çörək qazandırmayacaq. Anam Züleyxa xanımın bir qarmonu vardı, hərdən çalardı. Atam buna etiraz əlaməti olaraq həmin qarmonu evimizin elə bir yerində gizlətmişdi ki, onu götürmək mümkün olmasın. Amma atamın bu əzazilliyinə baxmayaraq, musiqidən ayrıla bilmirdim. Anam musiqi ilə məşğul olmağım üçün bacardığı şəraiti yaradırdı. Elə bəlkə mənə musiqi istedadı anamdan keçib. Atam isə qəzəbindən mənə bəzi cəzalar da verirdi. Məsələn, yadımdadır ki, bir dəfə konservatoriyaya getməyimdən xəbər tutanda məni hətta evə buraxmadı. Və mən qonşuda gecələməli oldum. Dəfələrlə qarlı, soyuq havalarda mənə belə cəzalar verirdi”.
Şəfiqə xanımın sənətə gəlməsində böyük bacısı Zümrüd Axundovanın rolu çox olub. O, həmişə Şəfiqə xanımı dəstəkləyib. Zümrüd xanım universitet müəllimi, həyat yoldaşı isə akademiyanın prezidenti idi. Onların evlərinə şəhərin ən ziyalı adamları yığılırdı. Bir gün Zümrüd xanım yazıçı Mirzə İbrahimova deyir ki, "ay Mirzə, bəlkə, sən Şəfiqəni aparıb Üzeyir bəylə tanış edəsən. Deyərsən, belə bir istedadlı qız var". Mirzə İbrahimov razılaşır.
Bəstəkar müsahibələrindən birində ustadı ilə bağlı xatirəsini dilə gətirir: “Müharibə illəri idi. Mən cavan vaxtlarımda qırmızıyanaq qız idim. Gəldim dərsə, Üzeyir bəy məni gördü, dedi: “Qalx ayağa. Sənin rəngin niyə belədir?”. Mən də dedim ki, “heç, elə belə”... Dedi gəl bura, keçdi stolunun arxasına çantasından çörək çıxartdı. Çörəyin üstünü kəsib mənə uzatdı, alt hissəsini isə özünə saxladı və dedi: “Sənin rəngin mənim xoşuma gəlmir, bunu ye”. Üzeyir bəy mənə çörəyi uzadanda çox utandım. Bu xatirə həyatım boyu yadımdan çıxmaz”.
Şəfiqə xanım 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfini bitirib.
Şəfiqə Axundovanın bir çox mahnıları dilimizin əzbərinə çevrilib. O, "Həyat, sən nə şirinsən", "Gözlərimin işığı sənsən", "Tapmayacaqsan məni", "Mehriban olaq", "Haradasan sevgilim, gəl", "Gəl ey səhər" kimi 300-dən çox mahnının, romansların "Gəlin qayası" operasının müəllifidir.