Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevlə "MedEra"nın mühafizəçisinin davası geniş müzakirələrə səbəb olub. Bəziləri A.Ağayevin bu cür aqressiya göstərməsini sərt tənqid edib. Onlar psixoloji cəhətdən gərgin olan, əsəblərini cilovlaya bilməyən şəxslərin toy və məclislərə getməsinin yalnış olduğunu qeyd ediblər.
Məsələ ilə bağlı Bakupost.az-a danışan Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib ki, insanların bu cür yanaşması düzgün deyil.
“Camaat mövzu tapmır. Bilmirlər nə danışsınlar. Ona görə də yeni mövzu axtarırlar. Əvvəla, baş verən məişət hadisəsidir. Bu adam ağır əməliyyatlar keçirib, 70 yaşlı ağsaqqal kişidir. Azərbaycanın tanınan, hörmət edilən sənətkarıdır", - deyə o vurğulayıb.
Şeyx Əbdül Mahmudbəyov məsələ ilə dünən ətraflı məlumat aldığını bildirib: "Bu adam ağrıdan əziyyət çəkirmiş. Aqressiyaya bu gün cəmiyyətdə də var. Aqressiya böyük dövlətlərdən gəlir. Cəmiyyətdəki hadisələr, cinayətlər, intiharlar və s. istər-istəməz insanlara mənfi təsir edir. Bu da balaca bir hadisədir, tərs kimi gəlib çıxıb Ağadadaşın bəxtinə. Lap bu adam əsəbi gəlib. Ölüm yox, itim yox, silahlı basqın yox, cavan mühafizəçisən, bu da yaşlı kişidir. Vur, qoltuğuna apar evinə, həkim çağır. Hamı durub tamaşa edir. Camaatın qarşısında bu cür aqressiya göstərmək nakişilikdir. Ağadadaşda günah olsa belə, sən bunu yerə yıxıb başını təpikləyirsən. Demək, bunu öldürmək niyyətin var. Ağadadaşın mənə şəklini göstərdilər. Görsəniz tanımazsınız. Üzü-gözü qan içərisində, qapqaradır. Bu nə deməkdir?”
Xalq artisti vurğulayıb ki, Ağadadaş Ağayevə qarşı aqressiya göstərənlərin çoxu öz sənət yoldaşları, musiqiçilərdir:
“Cəmiyyət niyə belə düşünür? Nədir, bu musiqi aləmi ilə dərdləri?! Ağadadaşa qarşı aqressiya göstərənlərin hamısı öz sənət yoldaşları, musiqiçilərdir. Hər halda bu, xoşagələn hadisə deyil. Ağadadaş dəli deyil, dəlixanadan çıxmayıb. Müəllim adamdır. 40 ildir səhnələrdə, efirlərdə, dünyada bizi təmsil edir. Niyə toya getmir? Nə var ki burada?! Dava edib... İnsandır da bu”...
Şeyx Əbdül Mahmudbəyov sonda qeyd edib ki insanı psixoloji cəhətdən gərginləşdirən, dava etmək səviyyəsinə çatdıran səbəb olur: "Bu səbəbi yaradan kim olub? Günahkar kimdir, açılsın. Qalanı istintaq orqanlarının işidir”.