Ötən gün Avtosfer.az-ın “Qaynar xətt”inə müraciət edən Müslümov Taleh Tahir oğlu “Azmedia.info.az”da onun adından istifadə edərək Dövlət Yol Polisinə şər atıldığını və bununla bağlı narahatlıq keçirdiyini bildirib. Qeyd edib ki, vətəndaşın adından istifadə edən “media işçiləri” DYP əməkdaşlarının Talehdən pul istədiyini və qanunsuz iş gördüyünü qeyd ediblər.
Şikayətçinin sözlərinə görə, hadisə ilə heç bir uyğunluğu olmayan paylaşımdan DYP-dən gələn zəngdən sonra xəbəri olub: “Evdə idim, Baş DYP İdarəsindən zəng gəldi. Mənimlə əlaqə saxlayan şəxs şikayətin nədən ibarət olduğunu və məsələnin necə baş verdiyini soruşdu. Mövzunun nə olduğunu bilmədiyim üçün ünvanlanan suala məndə sualla cavab verdim ki, hansı şikayət? Mənə başa salındı ki, məsələ budur. Paylaşımı edən şəxsləri tanımadığımı və belə bir şeyin baş vermədiyini qeyd etdim”.
Taleh Müslümov qeyd etdi ki, doğrudur, avtomobilini DYP əməkdaşları saxlayıb, lakin ondan heç bir məvacib istənilməyib: “Əksinə mən pul təklif etdim, lakin əməkdaşlar qəbul etmədi və avtomobil dayanacağa yerləşdirildi. Çünki bir neçə dəfə həmin polis əməkdaşları tərəfindən dövlət nömrə nişanının silinməsinə görə mənə xəbərdarlıq edilmişdi, mənsə səhlənkarlıq edərək problemi aradan qaldırmamışdım. Buna görə də avtomobilim duracağa yerləşdirildi”.
Vəziyyətdən çıxış yolu axtaran vətəndaş işlədiyi təsərrüfat obyektinin sahibi Nazim Quliyevə zəng edərək kömək istəyib. Nazim Quliyev bir neçə şəxslə əlaqə saxladıqdan sonra problemi həll edə bilmədiyini bildirib. Sonra isə məsələ ilə bağlı tanıdığı media qurumuna üz tutub. Onlar da hadisənin necə olduğunu öyrənmədən “hekayə” yazmağı özlərinə borc biliblər.
Qeyd edək ki, Nazim Quliyev bir neçə dəfə Taleh Müslümova övladını xəstə kimi qələmə verərək pul yığmalarını təklif edib. Üstəlik, Talehə yalandan jurnalist vəsiqəsi verəcəyini vəd edib.
Sonda isə vətəndaş Azərbaycan polisini sevdiyini və onlarla heç bir probleminin olmadığını bildirdi.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a məsələdən xəbərdar olduqlarını və vətəndaş Taleh Müslümovla əlaqə saxlanıldığını bildirdi. “Vətəndaşla əlaqə saxlanılıb, ona hüquq və vəzifələri izah edilib. Eyni zamanda, adından istifadə edən şəxslərlə bağlı məhkəməyə müraciət edə biləcəyi başa salınıb. Biz də öz tərəfimizdən vətəndaşın adından istifadə edərək DYP əməkdaşlarını şərləyən həmin media qurumu ilə bağlı iddia ərizəsi hazırlayıb məsələnin məhkəmə platformasında dəyərləndirilməsi üçün tərəfimizdən qanunamüvafiq addımlar atılıb.
Bildirmək istəyirik ki, Taleh Müslümovun sürücülük hüququ yoxdur”.
Leyla