"Ümid yelkənləri" Insan Alverinə Qarşı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Həyatının sahibi özün ol!” layihəsinin icra planına uyğun olaraq 25 iyul 2024-cü il tarixdə saat 14.00-da Bakı şəhəri, Məhəmmədhəsən Hacınski 151 ünvanda yerləşən “Beauty By Priyeva” gözəllik salonunda ehtiyaclı ailələrdən olan 15 qadına bərbərlik peşəsinin sirlərini öyrətmək məqsədilə təlimə başladı.
QHT.az xəbər verir ki, təlimdə çıxış edən "Ümid yelkənləri" Insan Alverinə Qarşı İctimai Birliyinin sədri Fatma Allahyarova bildirdi ki, biz hər zaman aztəminatlı, kimsəsiz ailələrdən olan yeniyetmə, gənc insanları diqqət mərkəzində saxlayırıq: "Bunun üçün də artıq bir neçə dəfə onlar üçün (könüllü olaraq) müxtəlif peşə kursları təşkil edib, onlara sertifikat vermişik. Bəzilərini işlə, bəzilərini də zəruri avadanlıqlarla təmin etmişik. Bizim bu təlimləri həyata keçirməkdə məqsədimiz işsizlik və ya ağır həyat şəraiti altında yaşayan qadınlarımız peşəyə yiyələnsinlər, müxtəlif vədlərə və tanımadıqları insanlara inanaraq “iş” təkliflərinin qəbul edib onların toruna düşməsinlər. Düşünürük ki, qadınlarımız peşəyə yiyələnib, öz zəhmətləri ilə məşğul olarsa, onların kənarda qazanc axtarmasına ehtiyac qalmaz, cinayətkarların da ovuna çevrilməz. Buna görə də potensial insan alveri qurbanları hər zaman bizim hədəfimiz olmuşdur".